O, repressiyadan özünü necə qoruyub?
Qarşıdan XX əsrin məşhur qəzəlxan şairi və meyxanaçısı, Əməkdar incəsənət xadimi Əliağa Vahidin anadan olmasının 130 illiyi gəlir. Xalqın sevimli şairinin həyat və yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas səhifələrlə zəngindir. O, milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirib və qəzəl janrının mükəmməl nümunələrini yaradıb.
Əlağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. 16 yaşında ikən “Cüvəllağı” imzası ilə “Dolaşma” adlı ilk şeirini “Molla Nəsrəddin” jurnalında çap etdirib. Sonra Əlağa “Məcməüş-şüəra” şairlər məclisində cavanlara verilən qafiyəni qəzələ hamıdan yaxşı çevirdiyi üçün ağsaqqal şair Əbdül Xaliq ona: “Sən bu təbinlə vahidsən”, – deyərək, şeirlərini “Vahid” təxəllüsü il yazmasını məsləhət görüb.
Güclü hafizəsi olan sinədəftər istedadlı gənc “Vahid” imzası ilə çoxlu lirik və satirik şeirlər yazıb. Amma o, bəzi davranışlarında “Cüvəllağı”lığını da, necə deyərlər, yerə qoymayıb. Məsələn, söylənilənlərə görə, repressiya zamanı özünü içki düşkünü kimi göstərib ki, ona toxunmasınlar və bu da karına gəlib. Bəlkə də bu, onun eyni zamanda, meyxana deməsi ilə bağlıdır. Meyxana zahiri mənasında “mey” və “xanə” sözlərini ehtiva edir, əslində isə buradakı “mey” deyimi şairin qarşısındakını, sanki, təsirli, bihuşedici qüvvəyə malik sözlərlə bir anlığa “məst” etməsi mənasında işlədilib.
Elə repressiya cəlladları da Vahidin kələyinə – bu cür demək mümkündürsə – bilərəkdən, ya bilməyərəkdən aldanıblar. Bir gün Mircəfər Bağırova növbəti qurbanların siyahısını verirlər. Vahidin də adı orada olur. Bağırov Vahidin adının üstündən xətt çəkir ki, bütün günü sərxoş olan adamdır, ondan bizə nə ziyan gələcək?
Azərbaycan poeziyasında türk əruzunun ustad nümayəndələrindən sayılan Əliağa Vahid Bağırov tərəfindən Əməkdar incəsənət xadimi fəxri adına da layiq görülüb.
O, bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, 1951-ci ildə bununla bağlı Mircəfər Bağırova şeir də yazıb. Həmin şeir belədir:
Evimi görsə naxırçı, deyər, samanlıqdır,
Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.
Divarda ağcaqanadlar, yer üstə taxtabiti,
Hücuma bax gecələr, gör nə hökmranlıqdır.
Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,
İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.
Çox ərizə yollamışam Baksovetə, Raysovetə,
Gözləməkdir işim, məsələ dumanlıqdır.
Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,
Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.
Bu şeirdən sonra Bağırov Vahidi yanına çağırtdıraraq, ona 10 min manat pul və Ağa Nemətulla küçəsində yeni bir mənzilin orderini verib.
Təqdim etdiyimiz ailə fotosu o vaxtın yadigarıdır. “Vişnyovka”da (indiki “Albalı bağları”) çəkilib. Vahidin həyat yoldaşı Şəhrabanu, oğlu Ramiz və qızı Firəngizlə çəkdirdiyi bu şəkil şairin adını daşıyan kitabxanadakı guşədə saxlanılır.
Ramiz Vahidoğlu atasının yeyb-içən adam olduğunu, amma qədərini aşmadığını söyləyib. Şair haqqında çəkilmiş “Qəzəlxan” filmində, guya, onun qan qusması ilə bağlı epizodun olmasından narazılığını da bildirib. “Deyilən, yazılan qədər içki içən deyildi. Sərxoş olub heç yerdə yıxılmayıb, heç kimə sataşmayıb. Özünü qorumaq üçün içirdi”.
Əslən şairlər məkanı Maştağadan olan, gəncliyində xarrat kimi əmək fəaliyyətinə başlayan Vahid sonra şair kimi tanınıb, amma sənətdə də əsl xiridar kimi “xarrat”lıq edib ki, gözəl cilalı misraları, beytləri onillərdir bəyənilib sevilir. Şeirsevərlər onu əzbərdən bilir, xanəndələr də oxuyurlar.
Əli NƏCƏFXANLI
XQ