Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun 4-cü iclası keçirilib

post-img

Fevralın 6-da Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun Bakıda keçirilən 4-cü iclasında turizm sahəsində ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əməkdaşlıq məsələləri, turizm təhsili, turizm məqsədli sahilyanı ərazilərin idarəedilməsi, sağlamlıq turizmi və dayanıqlı turizm istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi müzakirə olunub.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, iclasda, həmçinin dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmlərinin yaradılması, regional turizm və mədəni irsin idarəçiliyi üzrə əməkdaşlıq, marketinq və təbliğat sahəsində təcrübə və informasiya mübadiləsi üçün 2025-ci il üçün birgə Fəaliyyət Proqramının hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslanın həmsədrliyi ilə keçən iclasda turizm sənayesi üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri də iştirak ediblər.

Görüş zamanı 2024-cü il üzrə Birgə Fəaliyyət Planı çərçivəsində həyata keçirilmiş məsələlər qiymətləndirilib və 2025-ci il üçün yeni Birgə Fəaliyyət Planı müzakirə olunub.

2025-ci il üzrə Birgə Fəaliyyət Planına BMT Turizm, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalar çərçivəsində, həmçinin Azərbaycanın BMT Turizmin “Ən yaxşı turizm kəndi” nominasiyası faylına müraciəti üzrə əməkdaşlıq mövzuları haqqında fikir mübadiləsi aparılıb.

Eləcə də iclas çərçivəsində regional turizmin inkişafı, Türkiyənin Rize və Trabzon bölgələrində aqroturizmin inkişafı təcrübəsinin, “Turistik kənd” layihəsi üzrə İzmirin Birgi və Şirince kəndlərinin təcrübəsinin öyrənilməsi, Lənkəran Regional Turizm İdarəsi ilə Rize və Trabzon əyalətlərinin müvafiq qurumları arasında tərəfdaşlıq əlaqələrinin yaradılması müzakirə olunub.

2025-ci il üçün Fəaliyyət Planına DTA tabeliyində yaradılan Turizm və Rekreasiya Zonalarının İdarəedilməsi və İnkişaf Mərkəzi ilə Türkiyənin müvafiq qurumu arasında əlaqələrin qurulması, Azərbaycanın Türkiyədə nümayəndəlik ofisinin açılması, türk filmləri və seriallarında Azərbaycanın turizminin təbliğatı, işgüzar turizmin inkişafı üzrə əlaqələrin genişləndirilməsi, beynəlxalq platformalarda tanıtım layihələri üzrə qarşılıqlı dəstək, turizm sənayesi nümayəndələri üçün B2B formatlı görüşlərin və tanışlıq səfərlərinin təşkili, turizm təhsili, turizm sahəsində dayanıqlılıq, iqlim dəyişikliyi və turizm mövzuları daxil edilib.

Müzakirə olunan məsələlər arasında mədəni turizm və irs idarəçiliyi üzrə əməkdaşlıq istiqamətində Basqal və ya Şəkidə Azərbaycan və Türkiyə Sənətkarlıq Festivalının təşkili, arxeoloji turizmin inkişafı və mədəni irsin turizm məqsədli istifadəsi və qorunması, qastronomiya turizmi sahəsində paxlavanın UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün birgə müraciət, Azərbaycan Turizm və Menecment Universitetində Ankara Universiteti ilə əməkdaşlıq çərçivəsində qastronomiya ixtisasının açılması və restoranlar üçün “Michelin” ulduzlarının əldə edilməsi üzrə təcrübə mübadiləsi məsələləri yer alıb.

İclasın yekunu olaraq Azərbaycanın Dövlət Turizm Agentliyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi arasında Protokol imzalanıb.

Qeyd edək ki, ötən il noyabrın 15-də Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığı gücləndirməyi və turizm əlaqələrini inkişaf etdirməyi nəzərdə tutan saziş imzalanıb.



Mədəniyyət