Elçin Qafarlı: Türk dilinin qorunması baxımından teatr sənəti TÜRKSOY üçün xüsusi əhəmiyyət daşıyır

post-img

Hər il teatr mövsümünün yekunlarına görə Beynəlxalq Anadolu teatr mükafatları təqdim edilir. Bu çərçivədə Türkiyənin “Tyatro” qəzeti və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) əməkdaşlığı ilə təşkilatın “Beynəlxalq teatr” mükafatı da sahiblərinə verilir. 2024-2025-ci teatr mövsümündə TÜRKSOY olaraq hər ölkədən nominasiyalar üzrə namizədimizi müəyyənləşdirərək “Tyatro” qəzetinin münsiflər heyətinə təqdim etdik və onlar da qəbul etdilər. Burada əsas məqsəd teatr xadimlərini qiymətləndirmək və Türk dünyasının teatr sahəsində əməkdaşlığını gücləndirməkdir. Bu, eyni zamanda, TÜRKSOY-un teatr sahəsinə verdiyi dəyərin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı bildirib.

TÜRKSOY-un mədəniyyətin hər sahəsi üzrə fəaliyyət göstərdiyini deyən müsahibimiz teatr sənətinin təşkilat üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “TÜRKSOY türk dili üzərində qurulan bir təşkilatdır. Təşkilatın quruluşunun məqsədlərindən biri də türkdilli dövlətlər arasında mədəniyyət birliyinin yaradılmasıdır. Elə bu səbəbdən də TÜRKSOY üçün dil məfhumu və türk dilinin inkişaf etdirilməsi əsas amildir. Teatr sahəsi də dilin qorunub-saxlanılması, inkişaf etdirilməsi üçün ən mühüm vasitədir. Bizim üzv dövlətlərin hər biri teatr vasitəsilə doğma türkcələrində Türk dünyası yazıçılarının əsərlərini səhnələşdirirlər və bu, xüsusilə qeyri-türk dövlətlərinin tərkibindəki dillərin qorunması, gələcək nəsillərə çatdırılmasında böyük rol oynayır”.

O xatırladıb ki, bu istiqamətdə TÜRKSOY tərəfindən artıq üç ildir ki, Beynəlxalq Teatr Festivalı da təşkil edilir. Festivalın üçüncüsü bu ilin sentyabr ayında Qazaxıstanın “2025-ci il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilən Aktau şəhərində keçiriləcək. Ümumiyyətlə, təşkilatın bu il üçün nəzərdə tutulan bir çox ənənəvi tədbirlərinin Aktauda keçirilməsi planlaşdırılır.

“TÜRKSOY teatr sahəsi üzrə gənc nəslin yetişdirilməsinə də böyük önəm verir. Bu səbəbdən türkdilli dövlətlərin mədəniyyət və incəsənət universitetlərinin birliyi yaradıldı. Bu vəsilə ilə hər il birliyin rektorlar səviyyəsində görüşləri keçirilir və birgə fəaliyyət planları müzakirə olunaraq müəyyənləşdirilir. Birliyin fəaliyyəti nəticəsində biz artıq ötən il bu universitetlərin nəzdindəki teatr fakültələrinin tamaşalarından ibarət “Teatr Tələbələri Festivalı”nın ikisini keçirdik. Bunlardan ilki Özbəkistanda, ikincisi isə Azərbaycanda - Bakıda baş tutdu. Festivalın üçüncüsü bu ilin may ayında Qazaxıstanın Almatı şəhərində keçiriləcək. Bu da teatr sənətinin TÜRKSOY üçün əhəmiyyətinin daha bir nümunəsidir”, - deyə Elçin Qafarlı bildirib.

Onun sözlərinə görə, TÜRKSOY vasitəsilə Türk dünyası yazıçıları və dramaturqlarının əsərlərindən ibarət altı almanax artıq işıq üzü görüb: “Ötən il görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının anadan olmasının 125-ci ildönümü ilə əlaqədar yazıçının seçilmiş dram əsərlərinin yeddisini Türkiyə türkcəsində çap etdirdik. Bu, Cəfər Cabbarlının Türkiyədə nəşr edilən ilk əsərlər toplusu oldu. Nəşr XX əsr Azərbaycan ədəbiyyatının parlaq simalarından olan Cəfər Cabbarlının Türk dünyasında daha yaxından tanınması baxımından olduqca vacibdir. Bu nəşrlər əsərlərimizin rejissorlar tərəfindən teatr repertuarlarına salınması üçün bütün ölkələrimiz üzrə yayılır. Səhnələrimizdə dünya dramaturqlarının əsərləri çox oynanılır. Lakin özümüzün, türk yazıçılarının əsərləri qardaş ölkələr tərəfindən çox az səhnələşdirilir. Hazırda biz əsərlərimizin öz səhnələrimizdə oynanılması üçün çalışırıq. Azərbaycan təmsilçisi olaraq, mən də öz dramaturqlarımız və əsərlərimizin tanıdılması üçün fəaliyyətimi davam etdirirəm”.

Mədəniyyət