Sənətdə – müğənni, bəstəkar, siyasətdə – diplomat, deputat

post-img

Polad Bülbüloğlu – 80

Dünən Azərbaycan Respublikasının Prezidenti ictimai-siyasi və mədəni həyatda uzunmüddətli səmərəli fəaliyyətinə görə Polad Bülbüloğlunu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Bu gün axşam isə Bakıdakı Heydər Əliyev Sarayında görkəmli sənətkarın yubiley gecəsi olacaq və tanınmış incəsənət nümayəndələri çıxış edəcəklər. Bu xəbər görkəmli sənətkarın səhnədə ilk çıxışı ilə bağlı oxuduğumuz bir əhvalatı yadımıza saldı…

Qələm dostumuz Vaqif Bəhmənli yazır ki, yenicə xəritəyə düşmüş Mingəçevirin inşaat işlərinə sonralar Nazirlər Soveti sədrinin müavini olacaq Kamran Hüseynov rəhbərlik edən vaxtlarda ora yaradıcı insanlar çox gələrdi. “Bir dəfə böyük müğənni Bülbül gəlmişdi. Dedi ki, səhnə təşkil elə, konsert verim. Kamran güldü:

– Ay qardaş, – dedi, – bu çölün irəməsində hardan tapım səhnəni?

Gördü ki, Bülbül küsən kimi olur. Dərhal sözünün ardını gətirdi:

– Sən darıxma, axşama səhnə məndən.

Adamı tökdü Kürün qırağında boş bir düzəngaha. Taxta, balta, mişar. Axşamüstü bir orkestrin yerləşəcəyi səhnə hazır idi. Səhnənin önündə kubik daşların üstünə uzun-uzun taxtalar atıldı. Bu da tamaşa salonu.

Beləcə, səhnə düzələndən sonra bir köhnə piano tapıb gətirdilər. Polad Bülbüloğlunun o vaxt 5–6 yaşı olardı. Atasıyla o da gəlmişdi. Kamran Hüseynov balaca Poladı özü qucağına alıb səhnəyə çıxdı. Polad piano çaldı, Bülbül də oxudu”.

Deməli, özünü “60-cılar”dan sayan Polad Bülbüloğlu 6 yaşından səhnə fəaliyyətinə başlayıb. Həm də korifey bir sənətkarın – atasının xeyir-duası, alqışıyla. Sonralar özünün dediyi kimi, konservatoriyada Qarayev sinfinin yetirməsi Polad Bülbüloğlu ata ocağından əxz etdiyi ilahi enerji ilə yeni sənət çağırışlarına uyğun gözəl əsərlər, ifalar yaratdı, dünya şöhrəti qazandı. Buradaca deyək ki, onun babası – Bülbülün atası, şuşalı Məşədi Rza dindar olsa da, yaxşı səsi varmış. Özü oxumasa da, şəksiz ki, səsindəki şirinlik, kolorit nəsli ötürmə ilə oğluna və nəvəsinə keçib.

Səhnəmizin əvəzedilməz Koroğlusu – SSRİ Xalq artisti, Stalin mükafatı laureatı Bülbül 1957–1961-ci illərdə eyni adlı operada 400 dəfə səhnəyə çıxmışdı. “Sənsiz”, “Sevgili canan”, “Nalədəndir” (hər üç romansın bəstəkarı Ü.Hacıbəylidir) professional musiqilərinin, “Xumar oldum”, “Kəklik”, “Mehribanım”, “Süsən sünbül”, “Gülə-gülə”, “Əlimi bıçaq kəsibdi” kimi xalq mahnılarının bənzərsiz ifaçısı olub.

Yeri gəlmişkən, Poladı ata irsinə qayğıkeşlik nümunəsi sayanlar haqlıdırlar. Müasir texnikanın köməyi ilə Bülbülün səs yazılarını ideal səviyyədə bərpa etdirib. Bülbül oxuduğu vaxtlarda texnika, səsyazma aparatları çox zəif olduğu üçün bərpaya ehtiyac duyulub. Polad Bülbüloğlu Moskvada Şalyapinin lentləri bərpa olunan xüsusi laboratoriya – studiyada 2 il işləyib və atasının 60-dan çox ifasına 2-ci həyat qazandırıb, onun albomunu yaradıb.

Bülbülün Şuşadakı ev-muzeyinin bərpası da, yəqin, oxucuların yadında olar. İlham Əliyev Şuşa azad ediləndən sonra, 2021-ci il yanvar ayında ailə üzvləri ilə oraya ilk səfərində dağıdılmış ev-muzeyini göstərərək deyib: “Ermənilərin növbəti vandallığı, növbəti düşmənçiliyi. Görün, hətta Bülbülün büstünü, evini nə günə qoyublar. Cavablarını artıqlaması ilə alıblar… Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcək”. Elə də olub. Cəmi 1 il sonra yenilənmiş ev-muzeyinin açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Böyük səhnədə ilk çıxışı 12 yaşında, “Koroğlu” operasının ilk tamaşası öncəsi “Evləri var xana-xana” xalq mahnısı ilə olub. İndiyə qədər qoruyub saxlaya bildiyi, cilaladığı təmiz, təravətli səslə oxuyub. Onun adı gələndə “Şən Azərbaycan”, “Bayatı”, “Dolalay”, “Toy”, “Bakı mənim şəhərim”, “Gəl, ey səhər”, “Şeyx”, “Sən və mən” əsərləri çox məşhurdur və indi də rez-tez səsləndirilir.

Bizim nəsil bəstəkar, ifaçı və aktyor, Xalq artisti, diplomat və deputat Polad Bülbüloğlunu öz yeniyetməliyinin və gəncliyinin kumir müğənnilərindən sayır. “Dilin can incidəndir”, “Zəng elə”, “Çiçək tapa bilmədim” mahnıları hansımızın təəssüratlarında, zümzümələrində, yaddaşında qərar tutmayıb? Onun ifalarını indi də dinləyəndə gəncliyimizin zərif çiçəklərinin ətrini duyuruq sanki. Buna görə məşhur mahnının söz müəllifi, rəhmətlik Fikrət Qocanın da ruhuna munnətdarıq:

Siz çiçəkdən çoxsunuz,
Çəçəkdən qəşəngsiniz,
A yurdumun qızları.
Sizin saçlarınıza
Düzərəm ulduzları…

Əvvəllər onun atasına görə irəli çəkildiyini söyləyənlər nəzərə almırdılar ki, Bülbül vəfat edəndə Poladın cəmi-cümlətanı 16 yaşı olub, həyatla çarəsiz üzbəüz qalıb və çox adam onların daim qonaq olduqları ünvanını “unudub”. Yalnız müəllimi, ustadı Qara Qarayev və daha bir neçə nəfər Poladdan mənəvi dəstəyini əsirgəməyib. Həmkarımız İradə Tuncay yazır ki, bir neçə ildən sonra həmin bu unudulmuş ailənin başqa bir üzvü (Polad) hamıya öz varlığını xatırlatdı. Salonlar alqışlardan titrədi, sevgi-məhəbbət seli, gül-çiçək yağışı başladı. Cəmi bir neçə ildən sonra…

Onun xatirələrindən: “Kimdənsə 30–40 manat borc alıb Moskvaya gedirdim, orada da sosiska yeyib dolanırdım. Amma mahnılarım xoşa gəlirdi, bəyənirdilər. Efirdən əvvəl neçə instansiyadan keçirdi, bədii şura, redkollegiya, texsovet... amma gedib dinləyiciyə çatırdı. 1966-cı ildən sonra həyat öz axarına düşməyə başladı. Birinci valım 5 milyonluq tirajla bütün Sovet İttifaqında satıldı. 1968-ci ildə “Uşaqlığın son gecəsi” filminə musiqi yazdım. Sonra qastrollara başladım. Yeri gəlmişkən, filmlərə yazılmış mahnılarım çoxdan filmdən ayrılıb öz müstəqil musiqi həyatını yaşayır”.

Polad Bülbüloğlu ilk mahnılarından birini uşaqlıq dostu olan Müslüm Maqomayev üçün yazıb. Müslümlə Polad Bakıda bir həyətdə böyüyən yaxın qonşular olublar. Sonralar hər iki məşhur müğənni Moskvada yaşayıb-yaradıb, daim birlikdə olub, dalaşıb-küsüşüb və barışıblar, amma buna baxmayaraq, hər zaman Azərbaycan mədəniyyətinin vüsətinə çalışıblar.

Gəncliyində sürətlə populyarlaşan müğənni Polad Bülbüloğlunun, eyni zamanda, bir bəstəkar kimi estrada orkestri üçün yazdığı süitaları və pyesləri dünyanın nüfuzlu konsert salonlarında səslənib. “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında yazdığı “Eşq və ölüm” ikihissəli baleti bu janrda milli musiqi zirvələrindən biridir.

Polad Bülbüloğlunun filmoqrafiyası da zəngindir. Buraya baş rollarda oynadığı, “Rus meşəsinin nağılları”, “Qorxma, mən səninləyəm”, “Sovet dövrünün parkı”, eləcə də musiqiləri səslənən “Babək”, “İstintaq davam edir”, “Aktrisanın təbəssümü”, “Uşaqlığın son gecəsi”, “Mən mahnı qoşuram”, “Sevinc buxtası”, “Dolu” və başqa filmlər daxildir.

Əməkdar incəsənət xadimi (1973), Xalq artisti (1982) Polad Bülbüloğlu 17 il Azərbaycan Respublikasının mədəniyyət naziri (1989–2006), TÜRKSOY-un baş direktoru (1994–2000) olub. TÜRKSOY demişkən, hələ yeniyetmə ikən ona, necə deyərlər, “pantürkist” damğası vurulub. Bu barədə özünün söylədikləri: “1962-ci ildə pasport alanda Bülbüloğlu yazdırdım. Bir az keçmiş məni çağırdılar komsomolun Mərkəzi Komitəsinə. Getdim, dedilər bu nədir, sən pantürkizmi təbliğ eləmək istəyirsən? Dedim nə pantürkizm, atamın adını yaşatmaq istəyirəm. Təsəvvür edin ki, 60-cı illərdə 17 yaşlı bir uşaq bu barədə nə bilər? Amma bu söhbətdən sonra getdim kitabxanaya, tarix kitablarını vərəqlədim. Turançılığın da nə olduğunu öyrəndim, pantürkizmin də. Özləri məni buna vadar etdilər. Buna görə təşəkkür edirəm onlara (gülür)”.

Polad Bülbüloğlunun mükafatlarını, təltiflərini saymaqla qurtaran deyil. Yeganə Azərbaycan sənətçisidir ki, 2000-ci ildə Moskvanın “Ulduzlar meydanı”nda onun şərəfinə adlı ulduz yerləşdirilib. 2016-cı ildə isə Rusiya Federasiyasının Rəssamlıq Akademiyasının həyətində heykəli qoyulub. Mərasimdə Polad Bülbüloğlunun oğlu, 15 yaşlı Murtuza Bülbül hər kəsi təəccübləndirib. O səhnəyə çıxaraq, atasının mahnılarından ibarət popurini səsləndirən orkestrə dirijorluq edib.

Bu günlərdə Polad Bülbüloğlunun 80 illik yubileyi münasibətilə Moskvada yenə də konsert təşkil olunub. Yubilyar konsertdən öncə deyıb: “Çox həyəcanlıyam. Neçə ildən sonra Rusiyanın əsas konsert zalında – Dövlət Kreml Sarayındakı 6 min nəfərlik zalda solo konsert vermək, məncə, çox vacibdir, önəmlidir. Bilirsiniz ki, müxtəlif hadisələr baş verib. Amma hesab edirəm ki, bu, mədəniyyətə aid deyil. Hər halda, mədəniyyət həmişə öz sözünü deyib. İki ölkə arasında mədəni əlaqələr olub, bu gün də var, bundan sonra da olacaq və olmalıdır”.

“Yeddi not” adlanan həmin konsertə Rusiyanın ayrı-ayrı şəhərlərindən də Polad pərəstişkarları gəliblər. Azərbaycan musiqisinə, mədəniyyətinə böyük maraqdan vəcdə gələn bəstəkar-müğənni artıq bütün arzularının həyata keçdiyini də vurğulayıb: “Mənim ən böyük üç arzum var idi. Bu üç arzumu da hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. Birincisi, Qarabağın qayıtması, Şuşanın qayıtması, atamın evinin bərpa olunması idi. İkinci arzum isə Xarıbülbül festivalının yenidən canlanması olub. Bir də güllələnmiş abidələrin Şuşaya, aid olduqları yerə qaytarılmasını diləyirdim. Mənim üç belə arzum vardı, bu üç arzu da həyata keçirilib. Ona görə də özümü xoşbəxt adam sayıram ki, bu günləri görmüşəm”.

Rusiya paytaxtındakı konsertdə qonşu ölkənin tanınmış siyasi və mədəniyyət xadimləri də iştirak ediblər. Yubilyarı təbrik etmək üçün səhnəyə Rusiyanın Xalq artistləri Lev Leşenko, Sergey Bezrukov, Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli, Yusif Eyvazov, Elçin Əzizov, Dinara Əliyeva, Özbəkistanın Xalq artisti Fərrux Zakirov, Azərbaycan Dövlət Rəqs Ansamblı, dirijor Murtuza Bülbülün rəhbərliyi ilə Akademik Böyük Konsert Orkestri, O.Lundstrem adına Rusiya Caz Musiqisi Orkestri, Rusiyanın TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Rusiya Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və başqaları çıxıblar. Qeyd olunub ki, Polad Bülbüloğlu təkcə müğənni və bəstəkar deyil, bütöv bir dövrün simvoludur. Onun mahnıları nəsilləri birləşdirən, milli musiqimizi zənginləşdirən bir mirasdır.

Yubilyar tamaşaçıları uzun illərdən bəri ürəkləri fəth edən melodik mahnıları və bənzərsiz ifa tərzi ilə sevindirib. Səhnədən bəstəkarın “Qarabağ”, “Mənim Azərbaycanım”, “Liderin ürəyi”, “Gəl, ey səhər”, “Zəng et” və digər mahnıları səslənib. Əvəzolunmaz ifa və məlahətli səs əsl istedadın zamanın təsirinə məruz qalmadığını sübut edib. Bəstəkarın dostları və məşhur səhnə adamları sənətkarı səhnədən təbrik edərək onunla birlikdə oxuyublar. “Çiçək tapa bilmədim” deyən sənətkarın səhnəsi ona bağışlanan çiçək dəstələrində qərq olub...

Polad Bülbüloğlu 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Milli Məclisin VII çağırış deputatının mandatını qazanıb. Hazırda MM-də Azərbaycan–Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Böyük yaradıcılığına, dünya mədəniyyəti və Azərbaycan xalqına göstərdiyi xidmətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu Vətənin ən yüksək mükafatları – “Heydər Əliyev”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edib. Dünən layiq görüldüyü “Vətənə xidmətə görə” ordeni onun mükafatlar kolleksiyasını daha da zənginləşdirdi.

Bəli, Polad Bülbüloğlunun sənəti zamanın sınağından çıxıb və bu gün də çox sevilir. Moskvada keçirilmiş yubiley konsertində deyildiyi kimi, o, unikal yaradıcılığı və tükənməz enerjisi ilə insanlara ilham verməyə davam edir.

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət