“Xəyalların qanadlarında” rənglərin nağılı

post-img

Milli İncəsənət Muzeyində Xalq rəssamı, müasir təsviri sənətin tanınmış nümayəndələrindən olan Sirus Mirzəzadənin “Xəyalların qanadlarında” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Sirus Mirzəzadə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və Moskva Ali Rəssamlıq-Sənaye Məktəbinin məzunudur. 1970-ci illərdən özünəməxsus yaradıcılıq yoluna başlayıb. Monumental, dəzgah rəngkarlığı, eləcə də qrafika sahələrində özünəməxsus bədii irs yaradıb və milli rəssamlıq məktəbinə böyük töhfələr verib. Onun ənənə və müasirlik üzərində qurulan əsərləri seçilən dəst-xəttə malik olmaqla özündə rəssamın poetik düşüncə tərzini, dünyaya fəlsəfi münasibətini, gözəlliyə vurğunluğunu və bu kimi bədii xüsusiyyətləri əks etdirir.

Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşan sərgidə muzeyin direktoru, sənətşünaslıq doktoru Şirin Məlikova, Xalq rəssamlarıı Arif Hüseynov, Natiq Əliyev və Səlhəb Məmmədov, Xalq yazıçısı Natiq Rəsulzadə və başqaları çıxış ediblər.

Sərgidə 80 yaşlı rəssamın 100-ə yaxın rəngkarlıq və qrafika əsəri, eləcə də müəllifi olduğu monumental rəngkarlıq nümunələrinin fotoşəkilləri nümayiş etdirilib.

Xalq rəssamının bədii fəaliyyətinin aparıcı istiqamətini təşkil edən monumental boyakarlıq sahəsi – Bakı, eləcə də digər şəhər və rayonlarda yerləşən binaları bəzəyən freska, mozaika və vitrajların fotoşəkilləri sərginin bir hissəsini təşkil edir və rəssamın çoxşaxəli yaradıcılığı haqqında dolğun təsəvvür yaradır.

XQ

Mədəniyyət