Sumqayıt – 2025-ci ilin Gənclər Paytaxtı

post-img

Gənclər və İdman Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sumqayıt – Gənclər Paytaxtı 2025”in açılış mərasimi keçirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan gənclərinin özlərini hər sahədə doğrultduqlarını söyləyib. O qeyd edib ki, gənclik şəhərinin övladları bu baxımdan bütün sahələrdə daim nümunə göstəriblər. Ümummilli lider Heydər Əliyevin arzularının şəhəri olan Sumqayıtın tərəqqisində gənclər də mühüm rol oynayırlar. Sumqayıt sakinlərinin elm, mdəniyyət, idman və digər sahələrdə uğurlu nəticələr əldə etdiklərini vurğulayan şəhər rəhbəri və bunun davamlı olacağına inandığını diqqətə çatdırıb və gənclərə yeni-yeni nailiyyətlər arzulayıb.

Sonra gənclər və idman naziri Fərid Qayıbov Gənclər Paytaxtının rəmzi açarını icra başçısına təqdim edib. Nazir Ulu öndərin gənclərə böyük qayğı və diqqət göstərdiyini, gənclərin Azərbaycanın dünyada tanınmasında böyük rol oynadığını bildirib. Azərbaycanda 400-ə yaxın gənclər təşkilatının olduğunu vurğulayan Fərid Qayıbov ölkənin gələcəyinin onların əlində olduğunu deyib. O, Sumqayıtda il ərzində müxtəlif yerli və beynəlxalq tədbirlərin keçiriləcəyini də diqqətə çatdırıb.

Rəsmi çıxışlardan sonra Prezident mükafatına layiq görülmüş gənclər təltif edilib, Gənclər Günü ilə bağlı videoçarx nümayiş olunub.

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov ilə Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Prezident mükafatına layiq görülənlərin gələcək illərdə daha böyük nailiyyətlərə imza atacaqlarına, Azərbaycanı ölkə xaricində uğurla təmsil edəcəklərinə əminliklərini ifadə ediblər. Sonra Sumqayıt Gənclər Paytaxtının loqo və maskotu ictimaiyyətə nümayiş olunub, ardınca ilin gəncləri mükafatlandırılıb.

Mərasimdə müxtəlif beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil etmiş və ilboyu aktiv fəaliyyət göstərən Sumqayıt gənclərinə şəhər icra hakimiyyətinin başçısı adından fəxri fərmanlar təqdim edilib.

Tədbir şəhərin mərkəzində təşkil olunmuş konsert proqramı ilə yekunlaşıb. Müğənnilər Miri Yusif, Murad Arif, Mardan, Nigar Camal, Gülyaz və Gülyanaq Məmmədovaların, Çinarə Məlikzadənin ifaları alqışla qarşılanıb.

XQ

Mədəniyyət