Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Ankara Dövlət Konservatoriyasının rektoru, professor Metin Munzurla görüşüb.
AZƏRTAC xəbər verir ki, Ankara Dövlət Konservatoriyasında keçirilən görüşdə sözügedən təhsil ocağının qardaş ölkənin musiqi təhsili sahəsindəki fəaliyyəti ilə tanışlıq olub və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Qeyd edək ki, Hacettepe Universitetinin Ankara Dövlət Konservatoriyası musiqi, teatr və balet sahələrində orta ixtisas və ali təhsil verən Türkiyə Cümhuriyyətinin tarixində ilk konservatoriyadır.
Görüş zamanı Azərbaycan tərəfi ilə əməkdaşlıq əlaqələrinin qurulması, mütəxəssislər arasında qarşılıqlı təcrübə mübadiləsi, Azərbaycanın opera və balet sahəsində qabaqcıl təcrübəsinin öyrənilməsi, habelə Türkiyə tərəfinin musiqi təhsili sahəsində uğurlu layihələri, nailiyyətlərinin bölüşülməsi, birgə konsertlər, yaradıcılıq görüşləri, sahənin aktual problemlərinə dair seminarların, qarşılıqlı səfərlərinin təşkilinə dair fikir mübadiləsi aparılıb.
Ankara Dövlət Konservatoriyasında çoxfunksiyalı Azərbaycan mədəniyyəti auditoriyasının yaradılması, təcrübə mübadiləsi, qarşılıqlı olaraq bəstəkarlarımızın əsərlərinə müraciət olunması, 2025-ci ildə müsəlman Şərqində ilk operanın müəllifi, dünyaşöhrətli dahi azərbaycanlı bəstəkar Üzeyir Hacibəylinin 140 illiyi münasibətlə birgə ortaq simfonik konsertin təşkili, Azərbaycan yazarlarının əsərlərinin tamaşaya qoyulması, Ankara Dövlət Konservatoriyasının kitabxanasına Azərbaycan musiqisinə dair nəşrlər, bəstəkarlarımızın not əsərlərinin hədiyyə olunması və s. dair razılıq əldə olunub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara