2024-cü ildə ölkəmizdə keçirilən COP29 bir sıra mədəni layihələrlədə yadda qaldı
COP29, yəni BMT-nin İqlim Dəyişiklikləri üzrə 29-cu Konfransı, Azərbaycanın mədəniyyətinin, xüsusilə musiqi və incəsənətinin beynəlxalq səviyyədə tanıdılması üçün böyük imkanlar yaratdı. Bu qlobal tədbir, iqlim problemləri kontekstində mədəni irsin əhəmiyyətini vurğulamaqla yanaşı, Azərbaycanın unikal musiqi mədəniyyətini tanıtmaq üçün geniş imkanlar yaratmışdır.
COP29 çərçivəsində bir sıra musiqi, incəsənət və mədəniyyət tədbirləri təşkil edilmişdir. Bu tədbirlər, iqlim dəyişikliyi mövzusunun mədəniyyət və incəsənət vasitəsilə vurğulanmasına yönəlmişdir.
Noyabrın 15-də Bakıda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü" keçirilmişdir. Bu görüşdə yüksək səviyyəli rəsmilər, ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmiş, mədəniyyətin iqlim fəaliyyətləri ilə əlaqələndirilməsi müzakirə olunmuşdur.
Eyni günün axşamında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının tələbələri "Oyanış" adlı musiqi kompozisiyası ilə təbiətin oyanışını və iqlim dəyişikliyinin təsirlərini səhnələşdirmişlər.
Noyabrın 19-da isə "İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına" mövzusunda konfrans keçirilmişdir. Bu tədbirdə birinci xanımların iştirakı ilə gənclərin iqlim fəaliyyətlərində rolu müzakirə olunmuşdur.
Bundan əlavə, "Davamlı gələcək üçün incəsənət" adlı sərgi təşkil edilmişdir. Bu sərgidə SABAH qruplarının tələbələri tərəfindən hazırlanan rəsm əsərləri, musiqi kompozisiyaları və digər incəsənət nümunələri nümayiş etdirilmişdir.
Ümumilikdə, COP29 çərçivəsində keçirilən bu tədbirlər, mədəniyyət və incəsənətin iqlim dəyişikliyi ilə mübarizədəki rolunu vurğulamaq məqsədini daşımışdır.
COP29-da keçirilən mədəni proqramların əsasını Azərbaycanın milli musiqisi təşkil etmişdir. Muğam ifaları, xalq əfsanələrini canlandıran musiqi parçaları, operalar beynəlxalq auditoriyanın böyük marağına səbəb olmuşdur. Bu, təkcə musiqi ifası deyil, həm də mədəni irsin qorunması mesajını çatdıran bir təşkilat şəklində həyata keçirilib.
COP29 çərçivəsində Leyla xanım Əliyevanın təşkilatçılıq etdiyi mədəni layihələr COP29-un əsas məqamlarından biri olmuşdur. O, IDEA kampaniyası çərçivəsində bir sıra ekoloji və mədəni tədbirlərə başçılıq etmişdir. Bu tədbirlər arasında Azərbaycanın milli irsinin, musiqisinin və incəsənətinin beynəlxalq miqyasda tanıdılması üçün sərgilər və musiqili gecələr təşkil edilmişdir. IDEA kampaniyasının iqlim dəyişikliyinin mədəniyyətə təsirini vurğulayan məruzələri də maraqla qarşılanmışdır.
İqlim Üçün Mədəniyyət (Culture for Climate - C4C): COP29-da iştirak çərçivəsində Azərbaycanın irəli sürdüyü bu təşəbbüs mədəniyyətin davamılılığı və ətraf mühit problemlərinə həll yolu kimi istifadəsini vurğulamışdır. Bu yanaşma, mədəni irsin qorunmasının iqlim dəyişikliyi ilə mübarizədə aktiv rol oynaya biləcəyini göstərmişdir.
COP29 vasitəsilə Azərbaycanın musiqi, incəsənət və tarixi irsi beynəlxalq mətbuatda geniş işiqlandırılmış, eyni zamanda qlobal liderlərin diqqətini cəlb etmişdir. Həm rəsmi, həm də qeyri-formal tədbirlər vasitəsilə Azərbaycan mədəniyyəti yeni bir auditoriyaya çatdırılmış, təbliğat tərəfini genişləndirmişdir.
COP29, Azərbaycanın mədəniyyəti üçün təkcə beynəlxalq tanıtım deyil, eyni zamanda dünya mədəniyyət xəritəsində çox daha mühüm yer tutmaq imkanı yaratmışdır.
Fətəli Axundzadə
Naxçıvan Musiqi Kollecinin direktor müavini