“Çevrilmə”nin ruhi dözülməzliyi

post-img

"Çevriliş ruhunuzda başlayar, bədəninizdə sonradan özünü göstərərdi.”

Sizinlə reallığı danışmalı olsam, əsəri ilk dəfə oxuduğum zaman bu kiçik həcmə bu dərəcədə dərin mənanın, bu dərəcədə ədəbi yükün yüklənə biləcəyini gözləmirdim. Kitab başlar-başlamaz birbaşa mövzuya giriş olunur. Bir anın içində insan özünü tamamilə başqa bir atmosferdə tapır. Oyandıqdan sonra yataqdan qalxmaq istəyirsən, amma bunu bacarmırsan. Nə baş verdiyini anlamaq üçün ətrafa, öz bədəninə göz gəzdirirsən. Sən valideynlərinin görmək istədiyi kimi deyilsən. Ümumiyyətlə, nə isə yolunda deyil. Günbəgün başa düşürsən ki, dəyişirsən. Bir gün yuxudan oyanıb görürsən ki, sən ətrafındakı insanlar kimi deyilsən. Bir gün yuxudan oyanıb başa düşürsən ki, olduğun kimi sən ətrafında heç kimi qane edə bilmirsən.

Elə bu vaxt gördüyünüz mənzərə qarşısında təəccübdən az qalır ki, huşunuzu itirəsiniz! Yataqda uzanan sizin bədəniniz deyil, bu, nəhəng bir böcəkdir!

Yataqdan dura bilmədiyi üçün səhər yeməyi süfrəsinə də gedə bilmir. Bir müddət sonra ailə üzvləri “harda qaldın, gəl çıx artıq!” deməyə başlayırlar. Qreqor yerindən tərpənə bilmir. Qapını kilidləmə alışqanlığı ilk dəfə işə yarayır. Otağa heç kim girə bilmir və bu, ona bir az zaman qazandırır. İşə gedə bilmədiyi üçün müdiri evə gəlir və səbəbini sorğulayır. “Çalışqan və düzgün bir işçimiz idi, görəsən, bu gün niyə gecikdi? Heç belə etməzdi, işindən başqa bir şey düşünməzdi. Necə oldu ki, belə bir nizamsızlıq, belə bir məsuliyyətsizlik etdi?”
Əgər bu sistemdə kiçik bir insan olmaya ara versəniz, kiçik bir böcək olarsınız və ailəniz daxil heç kim sizi sevməz, istəməz və diksinər. Bəs həyat doğrudanmı belə sərtdir? Hər kəs, ən yaxınlarımız belə bu qədər ikiüzlü ola bilərlərmi? Öz axarı ilə işləyən nizamdan bir neçə günlüyünə çıxdığımız zaman hər şeyin rəngi dəyişəcək, rəftarlar dəyişəcək, sevgi, hörmət gedəcəkmi? Yəqin bunu öyrənməyin bir yolu var: ara vermək ya da durmaq. Bəlkə də, o zaman bəzilərinin gözündə yox edilməyi lazım gələn bir böcəyə çevrilərik.

Qreqor böcəyə çevrilməmişdən əvvəl də onun böcəkdən fərqi yox idi, əslində. Öz həyatını kənara qoyaraq ailəsinin həyatını düşünən bir vəfalı böcək…

Belə deyək, Qreqor Zamza kimi böcəyə çevrilmək şərt deyil. O, böcəyə çevrildi və ətrafı tərəfindən qəbul edilmədi. Qreqorun hiss etdiklərini siz də rahatlıqla hiss edə bilərsiniz. Bunun üçün çevrilməyə ehtiyac yoxdur. Sadəcə ətrafınızın razılaşmadığı, barışmadığı işlərlə məşğul olun. Məsələn, onların fikrincə, lazım olmayan insana aşiq olun, dini və siyasi fikirlərinizi dəyişin. Sadəcə başqa yol seçin. Əsərdə Qreqorun səsi o dərəcədə dəyişir ki, ailəsi tərəfindən tanınmaz hala gəlir. Budur, həyat səndən yan keçir… Səni qəbul etmirlər. Hətta nifrət sahibi olursan. Diqqətli və ətraflı düşünəndə, özünüzü Qreqorun yerinə qoya bilərsiniz. Sən öz həyatını heçə sayaraq hər gün ailən üçün çalış və sən böcəyə çevrildiyin üçün ailənin səndən üz çevirməsi bununla kifayətlənməyərək, sənin kimi övladları yoxmuş kimi davranmaqları…

Bu hekayə, əslində, doğma insanların içində yalnızlığın, tənhalığın hekayəsidir. İnsana ən doğma ailədir, ailən də sənə üz çevirəndən sonra nə edəsən axı… Böcəyə çevrilən Qreqoru ailəsi otağına həbs edərək, daha sonra onun otağını əşyalardan boşaldaraq, boş və çirkli otaqda tək-tənha qalmasına şərait yaradan ailəsi. “Onun ailəsi ondan iyrənirdi. Yadların gözündən qorumağa çalışırdı, guya Qreqor yad biridir, onu tanımırlar… Əlbəttə ki, şərti valideyn sevgisi belə də olmalıydı. Çünki, heç bir valideyn onun istədiyi kimi olmayan övladı cəmiyyət içində “bax budur mənim qızım, oğlum deyə tanıtmaz.” Ailəsi onu sevmir daha. Qreqor isə daxilində deyir ki, məni olduğum kimi qəbul edin. Mən sizi sevirəm və sizinlə birlikdə olmaq istəyirəm. 

Qreqor Zamza ailəsini o qədər çox sevir ki, bütün həyatını onlara həsr edir. Özünü unudur. Bəzən övlad  ailəsi üçün çox çırpınır, hətta elə bir məqam olur ki, Allahdan onun ömründən alıb ailəsinin ömrünə verməyini diləyir. Amma belə bir ailə qarşısında deyiləcək nə söz nə də bu hissi ifadə edəcək cümlə var… Böcək olduqdan sonra isə ailəsi ona nifrət etməyə başlayır. Bu azmış kimi, hələ onu işə qovalayırlar ki, get işlə. Nəinki ailə, onları insan adlandırmağa çətinlik çəkirəm… Axı bir valideyn öz canından qanından olan bir insana necə belə acımasız davrana bilər… Hər kəs dünyaya uşaq gətirə bilər, amma hər kəs o qayğını, diqqəti verə bilməz. Sən dəyişirsən və əgər bu ətrafının ürəyincə deyilsə, sənə arxalarını çeviririrlər. Sən şəxsi çevrilməni başa düşürsən, görürsən, amma əsas təsiredici çevrilmə ətrafının çevrilməsidir. Arxa çevirmək də çevrilmənin bir növüdür, sadəcə bir növü…

Sən dəyişirsən, amma ətrafın başa düşmür ki, dəyişsən də, qəlbinin dərinliyində eyni həmin şəxssən. Yenə də onları sevirsən. Qreqor öz səmimi sevgisi və ailəsini kor-koranə yoxsulluqdan qorumaq istəyinə qarşı çox bahalı qurbanlar verdi. 

Ailə Qreqora bir övlad kimi yox, heç bir insan kimi belə dəyər vermədikləri üçün Qreqor ölməsinə baxmayaraq bacısını ərə verirlər. Bax budur, ailəyə nə lazımdır? Onun istədikləri kimi olan övlad… Axı valideynləri başa düşmək olmur, əgər Qreqor sizin övladınızdırsa, onun ən pis günündə və ən yaxşı günündə onun sizin övladınız olduğunu unutmamalısınız. Yox, yox… belə deyil valideynlər də övladdan nə isə gözləyirlər, kimə lazımdır uğursuz övlad, eləmi?

Eyni ilə Qreqor…

“Ona bir düşmən kimi davranılmamalı idi. Əksinə, ailə məsuliyyətinin gərəyi olaraq  ona qarşı duyulan nifrət bir kənara atılıb səbir edilməli idi. Yalnız səbir edilməli idi”.

Kafkanın əsərləri haqqında çox şey yazmaq olar. Onun yaradıcılığından oxuduğum ilk əsəri olsa da, Kafka məndə çox dərin silinməz bir iz buraxdı. Gec-tez mən də Kafkanın hansısa əsəri ilə tanış olmalı idim…

Telli Həsənova
NDU-nun Filologiya ixtisası üzrə II kurs tələbəsi

Mədəniyyət