“Şeir mənim üçün bir kainatdır”

post-img

Nəbi Xəzri – 100

“İstiqlal” ordenli mərhum Xalq şairi Nəbi Xəzri, eyni zamanda, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist kimi tanınıb. İctimai xadim kimi də məhsuldar fəaliyyət göstərib və Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi olub.

Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin 9 sentyabr 2024-cü il tarixli sərəncamında onun Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirən söz ustası olduğu bildirilib. Sənədin preambulasında yazılıb: “Çoxcəhətli yaradıcılığı boyu sənətkar insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm etmiş və daim ülvi ideallarla yaşamağa çağırmışdır. Azərbaycan xalqının tarixi-mədəni yaddaşının bir çox səhifələri onun yüksək vətəndaşlıq qayəsindən yoğrulan əsərlərində öz bədii təcəssümünü tapmışdır. Təbiət gözəlliklərinə vurğunluq və doğma torpağa bağlılıq hissləri aşılayan Nəbi Xəzri poeziyası dərin lirizmi, ifadə tərzi və həyata fəlsəfi münasibəti ilə səciyyələnir. Nəbi Xəzrinin dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş və müəllifinə şöhrət qazandırmışdır. Nəbi Xəzri, eyni zamanda, ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, Azərbaycan mədəniyyəti və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər görmüşdür”.
Məktəbdə oxuduğu vaxt “Böyüyəndə kim olacaqsan?” inşa yazısında Nəbi Babayev “Mən şair olacağam” – deyə qeyd edib. Onun bu fikri sinifdə gülüşlə qarşılansa da, sonralar istəyi özünü doğruldub: 20 yaşında ikən Nəbinin bir müsamirədə oxuduğu “O cavanın yaylığı” və “Söz” şeirlərini dinləyən Səməd Vurğun hələ heç kitabı çıxmamış gənc şairi Yazıçılar İttifaqına üzv qəbul etdirib.

O, Xırdalanda doğulsa da, 20-25 kilometrlikdə qərarlaşan Sumqayıta qəlbən bağlı idi. Monumental “Sumqayıt səhifələri” poeması şairi bu şəhərə daha da doğmalaşdırmışdı. Poemada Səməd Vurğunla Cəfər Cabbarlının xəyali görüş səhnəsi var. Onlar Sumqayıtdakı quruculuq işlərindən danışırlar və gənc bir şairin bu barədə əsər yaratdığı söylənir. Səməd Vurğun onun kimliyini belə bildirir:

Nəbi Babayevdi mən görən zaman,
İndi Nəbi Xəzri olub, deyirlər...

Şairin bağ evi Xəzərin Sumqayıta aid sahilində – Corat ərazisində olub. Otağının pəncərələrini açıq qoyurdu ki, əsən meh və xəzri dənizin ətrini içəri yaysın. Şairin “Xəzri” təxəllüsünü götürməsi də elə onun bu sevgisindən yaranıb. 1982-ci ildə Sumqayıtın fəxri vətəndaşı adına layiq görülməsi isə gənclik şəhərinin əziz şairə sevgisinin təzahürü olub. Corat qəsəbəsində Nəbi Xəzrinin adını daşıyan abad bir küçə də var.

Sumqayıt, əzizim, gözlərin aydın,
Sənin hər addımın böyük hünərdir.
Deyirəm, bəlkə də sən olmasaydın,
Yer üzü nə qədər boş görünərdi...

Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci Dünya müharibəsində arxa cəbhədə iştirak edib, ordudan tərxis olunduqdan sonra isə “Kommunist” (indiki “Xalq qəzeti”) redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb. “Çiçəklənən arzular” adlı ilk şeirlər kitabı 1950-ci ildə çap edilib. O, Azərbaycan və Leninqrad Dövlət universitetlərində, Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Sonra Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi olub. Azərbaycan Yazıçılar İttifaqının katibi, Dövlət Teleradio Komitəsi sədrinin, mədəniyyət nazirinin müavini vəzifələrində işləyib. 1974-cü ildən etibarən Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Rəyasət Heyətinə sədrlik edən Nəbi Xəzri daha sonra “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin qurumun prezidenti olub.

Onun öz müasirlərinin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları mövzusu, emosionallığı, orijinal üslubu ilə seçilir. “Sumqayıt səhifələri” ilə bərabər, “Günəşin bacısı”, “Xatirələr”, “Təmiz ürək”,“Kiçik təpə”, “İki Xəzər”,”Ana”, “Bacı”, “Əfsanəli yuxular”, “Şəhidlər və şahidlər”, “Mənim babam baxan dağlar”, “Peyğəmbər”, “Atillanın atlıları”, “Salatın” və s. poemaları bu qəbildəndir. Adlarından da göründüyü kimi, bu əsərlərdə Azərbaycanın qədim və müasir qəhrəmanlıq salnaməsi (Burla Xatundan tutmuş, Atilla mərhələsindən, Peyğəmbər dövründən, Qarabağ şəhidi, Milli Qəhrəman, jurnalist Salatına qədər), inam və inancı, mənəviyyatı, bir sözlə, azərbaycançılıq dünyagörüşü öz bitkin poetik əksini tapıb.

Görkəmli şairin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra nümunələri ilə tanış olmaq imkanı əldə edib.

Şairin qəlbində min bir dilək var,
Çələng toxumağa gül var, çiçək var.
Nə qədər dünyada sevən ürək var,
Mənim ürəyimdir, mənim ürəyim.

Şairin sevgi lirikası hər zaman könülləri oxşayıb:

Bizik bu dünyaya səninlə şərik,
Bizsiz nə qış gülər, nə də ki bahar.
Həyatda hər şeyi bölə bilərik,
Amma bölünməyən bir sevgimiz var...

Nəbi Xəzri şeirləri məşhur bəstəkarların da diqqətini cəlb etmiş, onun lirikasına müraciət etmələri üçün zəmin yaratmışdır. “Azərbaycan”, “Dərələr”, “Ağ çiçəyim”, “Səhər-səhər”, “Mavidir”, “Gələrmi, gəlməzmi”, “Pəncərəmə qondu çiçək”, “Sən danışanda”, “Çinar”, “Nar ağacı, nar çiçəyi”, “Gənclik mahnısı” və digər məşhur mahnılar tanınmış sənət ustalarının – Müslüm Maqomayev, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Anatollu Qəniyev, Məmmədbağır Bağırzadə, Brilyant Dadaşova, Yaqut Abdullayeva və digərlərinin ifalarında səslənmişdir. İndi də repertuarlarda mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasındadır.

Əgər ki, yıxılsam, çinar göstərin,
Mən ona söykənib arana baxım.
Gözlərim görməsə, Göy gölü verin,
Mən onun gözüylə cahana baxım.
Hər yerdə, həmişə sənsən gümanım.
Canım-gözüm mənim, Azərbaycanım!

Nəbi Xəzri 2007-ci ildə dünyasını dəyişib. Bu yaxınlarda “Qanun” nəşriyyatının “Azərbaycan poeziyası. Seçmə şeirlər” adlı yeni layihəsində Xalq şairinin oğlu Arzu Babayevin seçimi əsasında onun yaradıcılığından incilərin kitab halında təqdim edilməsi isə bir daha görkəmli söz ustasının poeziyasının yaşarı olduğuna dəlalət edir.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət