Odlar Yurdu Universitetində ADPU Türkoloji Mərkəzi, Mahmud Kaşğarlı adına Beynəlxalq Fond, AMEA Dilçilik İnstitutu, Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun – İKSAD-ın təşkilatçılığı ilə “Mahmud Kaşğarlı: II beynəlxalq elm, mədəniyyət və təhsil konfransı” keçirildi.
Mahmud Kaşğarlının “Divanü lüğət-it-türk” əsərinin 950 illiyi münasibətilə təşkil edilən beynəlxalq məclis Kaşğarlının həyatını və irsini araşdırmağa olan marağı göstərməklə yanaşı, türk xalqlarının ümumi tarixinin, mədəniyyətinin və dil birliyinin önəmini də vurğuladı.
Mahmud Kaşğarlı adına Beynəlxalq Fondun rəhbəri, deputat Cavanşir Feyziyev, AMEA Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, İKSAD-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Əlvan Cəfərov və digər çıxışçılar qeyd etdilər ki, Mahmud Kaşğarlının “Divanü lüğət-it-türk” əsəri təkcə dilçilik və etimologiya baxımından deyil, həm də türkdilli xalqların sosial və mədəni həyatını öyrənmək üçün misilsiz bir mənbədir. Kaşğarlının bu əsəri türk dilinin müxtəlif dialektlərini, fərqlərini və oxşarlığını əks etdirməklə yanaşı, türk xalqlarının mədəniyyətini, tarixini və coğrafiyasını əhatə edir. Bu baxımdan əsərin 950 illiyi münasibətilə keçirilən beynəlxalq konfrans türk dünyasının dil və mədəniyyətinə olan marağı daha da artırır və bu irsin tədqiqinə yeni bir impuls verir.
Konfransda ADPU Türkoloji Mərkəzinin nəşri “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnal da təqdim olundu. Jurnal ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın təsisiçiliyi və baş redaktorluğu ilə nəşr edilir və 2 sayı işıq üzü görüb.
Rəsmi hissədən sonra konfrans bölmələrdə işini davam etdirdi.
XQ