“Boni”nin macəraları

post-img

Bakı Gənclər Mərkəzində “Heyo Media Group”un ərsəyə gətirdiyi “Boni” filminin təqdimatı keçirilib.

Filmin layihə rəhbəri və quruluşçu rejissoru Heydər Vüqaroğlu, rejissoru Elnur Hüseynov, baş prodüseri Elnarə Rəcəbli, ssenari müəllifləri Mehriban Qaziyeva və Elnur Hüseynovdur. Ekran işinin əsas məqsədi böyüklər və kiçiklər arasında mərhəməti, yardımlaşmanı artırmaq, ailədə və cəmiyyətdə uşaqların düzgün tərbiyə olunmasıdır.

Filmin rejissoru, Əməkdar artist Elnur Hüseynov XQ-yə danışdı:

– Bu, “Heyo Media Group”un ərsəyə gətirdiyi 2-ci uşaq filmidir. Birinci film “Nağıl kimi” adlanır. Keçən il o filmin təqdimatını etdik. İkinci filmimiz isə “Boni” adlı itin itməsi və axtarışı ilə başlayır. Sonra filmdə bir-birinin ardınca ibrətamiz və maarifləndirici səhnələr nümayiş etdirilir. Film uşaqlara bir-biri ilə möhkəm dost olmaq, həmyaşıdlarına və özündən böyüklərə mehriban münasibət göstərmək və digər yüksək insani keyfiyyətlər aşılayır. Bu cür tərbiyəvi əhəmiyyətə malik uşaq filmlərini çəkməkdə davam edəcəyik. Bütün kino işçilərini, rejissorları bu prosesdə əməkdaşlıq etməyə dəvət edirəm.

Filmdə xalq artistləri Yasin Qarayev, Nübar Novruzova, əməkdar artistlər İlham Əsədov, Elnur Hüseynov, aktyorlar Zemfira Əbdülsəməd, Ədalət Əbdülsəməd, Elşən Şıxəliyev, Gülər Ləzgiyeva, Anar Seyfullayev, Ramil Məmmədov, eləcə də Bakı məktəbliləri və bağça uşaqları iştirak edirlər.

Fidan SALMANOVA,
Elşən AĞALAROV
XQ









Mədəniyyət