“Tarçalan simi gözlər...”

post-img

Möhlət Müslümov – 70

Beynəlxalq Muğam Mərkəzində ustad tarzən, pedaqoq, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Möhlət Müslümovun 70 illik yubileyi qeyd olunub.

Sözlü-nəğməli mərasimdə mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, tarzən Əkrəm Məmmədli çıxış edərək yubilyarın sənət yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar.

Bildirilib ki, tarın tembrinin oxşarı olsa da, eynisi olmadığı kimi, Möhlət Müslmovun da ifaçılığı bənzərsizdir. O, ölkəmizdə tarzənlik sənətinin yaşadılmasına sanballı töhfələr verməklə yanaşı, xaricdə də musiqi mədəniyyətimizi layiqincə təmsil edib. “Xaric segah”ın ustad ifaçısı kimi tanınan, digər ifaları da böyük heyranlıq doğuran sənətkarın xarici ölkələrdə 20-dən çox kompakt diski işıq üzü görüb. O həm də Qərb bəstəkarlarının böyük əksəriyyətinin əsərlərini tarda ifa edib.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə deyib ki, tarın ən gözəl ifaçıları sırasında yer tutan Möhlət Müslümov sənəti, ifaçılıq üslubu ilə xalqın sevgisini qazanıb. 30 ildən artıq rəhbərlik etdiyi Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı ilə musiqi sənətinin inkişafına əvəzsiz töhfələr bəxş edib. Azərbaycan Milli Konservatoriyasında muğam kafedrasının professoru kimi illərdir topladığı təcrübəni tələbələri ilə bölüşərək yeni ifaçılar nəslinin yetişdirilməsi istiqamətində yorulmadan çalışır.

Çıxışlardan sonra tədbir Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının müşayiətində geniş konsert proqramı ilə davam edib.

XQ

Mədəniyyət