Nazim Hikmət və Türk dünyası

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Ərzincan Binəli Yıldırım Universitetinin türk dili və ədəbiyyatı kafedrasının professoru Ali Kafkasyalının müəllifi olduğu “Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimat mərasimi keçirildi.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli kitab və müəllif haqqında ətraflı məlumat verdi, Azərbaycan və türk dillərində nəşr edilmiş kitabda şair, dramaturq, romançı və memuar ustası kimi dünya ədəbiyyatında tanınan Nazim Hikmətin həyat və yaradıcılığının dərindən araşdırıldığını, şair haqqında dəyərli düşüncələrin qələmə alındığını qeyd etdi.

Təqdimat mərasimində çıxış edən Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin Sosial Elmlər İnstitutunun direktoru Nejdət Tozlu, professor Qəzənfər Paşayev, fəlsəfə doktorları Məti Osmanoğlu, İsmayıl Umudlu və digər çıxışçılar Nazim Hikmətin yaradıcılığından, siyasi düşüncələri üzündən dəfələrlə həbsindən və yetkin həyatının böyük hissəsini həbsdə, ya da sürgündə keçirməsindən danışdılar. Qeyd edildi ki, adı XX əsrin ən sevilən şairləri arasında yer alan şairin şeirləri əllidən çox dilə çevrilib, əsərləri bir çox mükafatlara layiq görülüb. Şeirləri qadağan edilən və həyatı boyunca yazdıqlarına görə 28 il həbs cəzası almış Nazim Hikmət İstanbul, Ankara, Çankırı və 12 il Bursa həbsxanalarında həbsdə qalıb. Nazim Hikmət poeziyası Türkiyədə qadağan edilib, baxışlarına görə Türkiyə vətəndaşlığından məhrum edilib, amma ölümündən 46 il sonra Türkiyə dövlətinin qərarı ilə 5 yanvar 2009-cu il tarixli qərarı ilə bəraət alıb. 1951-ci ildən SSRİ-də yaşayan Nazim Hikmət 1963-cü il iyunun 3-də Moskva şəhərində ürək tutmasından vəfat etmiş və “Novo Deviçye” qəbiristanlığında dəfn olunub.

Sonda Ərzincan Binəli Yıldırım Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının professoru Ali Kafkasyalı çıxış edərək ünvanına səslənən dəyərli fikirlərə, ona olan səmimi münasibətə, qonaqpərvərliyə, kitabının yüksək səviyyədə təqdimat mərasiminin keçirilməsinə görə AMEA-nın rəhbərliyinə, çıxışçılara, əməyi olan insanlara minnətdarlığını bildirdi.

XQ

Mədəniyyət