Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində, Bakıda səfərdə olan Beynəlxalq Muzeylər Şurasının (ICOM) baş direktoru Medea Ekner və şuranın şöbə rəhbəri Kristian Soberq Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər.
Muzeyin direktoru Şirin Məlikova qonaqlara ölkəmizin bu aparıcı mədəniyyət ocağının tarixi, milli və dünya incəsənətini əhatə edən zəngin kolleksiyası, müxtəlif auditoriyalar üçün nəzərdə tutulmuş mədəni və təhsil proqramları, digər fəaliyyət sahələri haqqında geniş məlumat verib. O, muzeyin müxtəlif beynəlxalq layihələrdə fəal iştirak etdiyini də nəzərə çatdırıb.
Sonra qonaqlar muzeyin Azərbaycan və dünya sənət incilərindən ibarət daimi ekspozisiyası, COP29 çərçivəsində açılmış “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı”, “Vəcihə Səmədova –100 : Sənətkar ömrünün səhifələri” və Əməkdar rəssam Məmməd Mustafayevin “Gizli və aşkar” sərgiləri ilə yaxından tanış olublar. Ziyarət zamanı, həmçinin Beynəlxalq Muzeylər Şurası ilə Azərbaycan Milli İncəsənət Muzeyi arasında gələcək əməkdaşlıq və şuranın fəaliyyətində fəal iştiraka dair məsələlər müzakirə olunub.
Sonda Medea Ekner və Kristian Soberq muzeylə bağlı təəssüratlarını xatirə kitabına yazıb, səmimi duyğularını ifadə ediblər.
XQ