“Sehrli fırçanın yaşıl dünyası”

post-img

“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin bədii zövqün inkişafına xidmət məqsədilə “Təxəyyül Art Group”un təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində 4-18 yaşlı uşaq və yeniyetmələr arasında “Sehirli fırçanın yaşıl dünyası” adlı rəsm sərgisi keçirildi. Sərgiyə müxtəlif Uşaq və Gənclər İncəsənət Mərkəzlərindən, orta təhsil müəssisələrindən uşaq və yeniyetmələr səksənə yaxın rəsm əsərləri ilə qatılmışdılar. 

“Təxəyyül Art Group” un rəhbəri xalçaçı rəssam Natiq Nəcəfzadə sərgini giriş sözü ilə açaraq qonaqları salamladı, uşaqları təbrik edib, onlara bu sahədə yeni yaradıcılıq uğurları arzuladı. 

Daha sonra, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Xalçaçıları İctimai Birliyi və Uluslararası Aktivist Sanatçılar Birliyinin üzvü, bir çox sərgilərin iştirakçısı rəssam-qrafik dizayner Vüsalə Yunusova, Qəbələdən sərgiyə qonaq gəlmiş oymaçı rəssam Yəhya Cəlilov, sərginin hörmətli qonağı həkim, ictimai xadim, elmlər doktoru, Azərbaycan Yazıçılar İttifaqının üzvü, şair Zakir Ağdamlı, Azərbaycan Rəssamlar İttifaqının peşəkar rəngkarlıq şöbəsinin üzvü, rəngkar Rəvan Sadıqov, Əməkdar təhsil işçisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü  Fərrux Qasımov və başqa çıxışçılar balaca rəssamlara təkcə Azərbaycanda  deyil, ölkə xaricində keçirilən sərgilərdə də iştirak etmələrini, növbəti tədbirlərdə də aktiv olmalarını arzuladılar. 

Açılışdan sonra sərgiyə gələn qonaqlarla birlikdə uşaqların rəsmlərinə baxış keçirildi, çəkilmiş rəsmlər maraqla qarşılandı.

Tədbirin bədii hissəsində balaca rəssam Əlizadə Aylin fortepianoda ifa etdi. Ardınca Əliyeva Rəhimə "Uzundərə" və "Gürcü" rəqsləri ilə sərgiyə daha da rəngarənglik qatdı.

Sərgiyə qatılmış bir çox yaradıcılıq Mərkəzlərinin müəllimələri Ayiba Sahad, Tünzalə Mübariz, Esmeralda Tağızadə, Nigar Əzimova, Rəvan Sadıqov, Leyla Əliyeva, Gülsüm Zalıyeva, Əfsanə Xudıyeva, Dürrə Vahabova, Vüsalə Yunusova, Gövhər Məmmədova, Tofiqə Əliyeva, Videoqraflar - Vüsal Sabirli, Elroman Teymurlu təşəkkürnamələrlə, iştirakçı uşaq və yeniyetmələr isə sertifikatlarla təltif olundular. Sonda isə xatirə fotoları çəkildi.

Sərginin sonunda sertifikatlarla təltif olunmuş gələcəyin istedadlı rəssamları ilə söhbətləşdik. Xoş təəsuratlarını bizimlə bölüşən yeddinci sinif şagirdi Əzizova Qənirə dedi: - Rəssamlıq peşəsi ilə bu ildən məşğul olmağa başlamışam. Bir çox sərgilərdə rəsm əsərlərim sərgilənir. Burada da bir çox həmyaşıdlarımla və onların əl işləri ilə tanış oldum. Hər birimiz sertifikatlarla təltif olunduq. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Rəsm müəlliməmə də öz təşəkkürümü bildirirəm.

Kərimova Xədicə: - Bir neçə sərgidir ki, iştirak edirəm. Artıq iki aydır rəsm əsərləri üzərində işləyirəm. Gələcəkdə də bu peşəni seçməyi düşünürəm. Bu sərgiyə qatıldığım üçün çox məmnunam. Düşünürəm ki, belə sərgilərin təşkili bizim gələcək inkişafımızda və qazanacağımız uğurlarda əsas rol oynayacaq.  

Qeyd edək ki, sərginin mətbuat dəstəkçiləri Azpress.az və Xalqqazeti.az saytlarıdır. Fotolar isə Azpress.az saytının fotomüxbiri Mahir Əhmədova məxsusdur.

 

Fidan SALMANOVA

XQ















Mədəniyyət