“Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər”

post-img

30 illik işğal dövründən sonra Laçın torpaqlarının erməni işğalçılarından azad olunması bir azərbaycanlı kimi hər birimizi sevindirdi. Bu gün insanlar bu sevinci bir-biri ilə Qarabağ torpaqlarında - Şuşada, Laçında, Füzulidə toy-bayram edərək bölüşürlər. Ən gözəl hissləri isə Vətəninə, doğma yurd-yuvasına qayıdan laçınlılar keçirir. 

Laçının dağ vüqarlı, sidq ürəklə torpağa bağlı olan mərd insanları var. Onlardan biri də Laçın rayonunda müxtəlif vəzifələrdə çalışmış, mindən çox məqalənin, onlarla kitabın müəllifi, yazıçı, publisist Faiq İsmayılovdur. Onun Laçın haqqında yazdığı ən dəyərli kitablarından biri isə “Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər” adlanır. Müəlliflə doğma yurdu Laçınla bağlı apardığı araşdırmalarından danışdıq.  

Söhbətimizdən də aydın oldu ki, kitabda Laçının işğal dövründən əvvəl və sonrakı tarixi, bu ərazidə olan toponimlər və yer adları, Laçın mədəniyyətinin tarixi, tayfaları, burada aşkar edilmiş tarix və mədəniyyət abidələrinin siyahısı, Laçın bəyləri və digər görkəmli adamları barədə faktlar toplanaraq, doğma Laçın şəhəri haqqında dolğun məlumatlar əks olunmuşdur. Faiq müəllim bildirdi ki, burada təkcə Laçının deyil, Dağlıq Qarabağ torpaqlarının bütün toponimləri, tarixi yer, yurd adlarının dəyişdirilərək erməni dilinə uyğun olan başqa adlarla əvəz edilməsi və  bu ərazilərin tamamilə erməniləşdirilməsindən söhbət açılır. Qeyd etdi ki, məhz bu səbəbdən bu yerlərə səyahət edən hər hansı bir əcnəbi qonaq burada ermənilər tərəfindən dəyişdirilmiş bu yer adlarını bölgənin həqiqi toponimləri kimi qəbul edir. Bu isə cəmiyyətdə çaşqınlıq yaradır. Artıq Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki toponimlər və yer adlarının adları bərpa olunaraq, öz əvvəlki adını geri qaytarır. Bu ərazilər özünün füsunkar gözəlliyi, təbii sərvətləri və mürəkkəb relyefi ilə həmişə diqqəti özünə cəlb etmişdir. Ümumiyyətlə, Laçın-Kəlbəcər və Naxçıvan ərazisinə qədər uzanan Zəngəzur yaylası başdan-başa sıx meşələr, çətin keçilən dağlar və sıldırım qayalarla əhatə olunub. Zod – Basarkeçər yolunun 2 kilometr qərb tərəfində Orta Zod qızıl mədənləri ərazisi, Qumru dağından 5 kilometr Cənub-qərb istiqamətində isə Basarkeçər dolayları başlayır. Bir-birini tamamlayan bu dağların sırasında, yəni Basarkeçər dolaylarından 5 kilometr Cənub-şərq istiqamətində Keçili dağı öz əzəməti ilə insanı heyran edir. Qızılboğaz su hövzəsindən 5 kilometr cənub-şərq tərəfdə isə ermənilər tərəfindən uçurdulmuş və dağıdılmış Qızıltəpənin Zəngəzur (Laçın) ərazisindəki 61 adda toponimləri və yer adları öz məzlum görkəmi ilə diqqəti cəlb edir. Laçın rayonunun mərkəzi olan Laçın şəhəri və ondan bir az aralıda yerləşən Qarabağ yüksəkliyi isə insanı əzəməti ilə məftun edir.

Müəllif Laçın rayonu ərazisindəki tarix və mədəniyyət abidələri, Zəngəzur bölgəsinin Laçın rayonundakı Xanım dərəsi, Ayıdərəsi, Keçəl dağ və Qaragöl yaylagından Kəlbəcər istiqamətinə uzanan ərazidə ibtidai icma dövrünə aid çoxlu sayda qaya təsvirləri, sujet xarakterli oymalar, kurqanlar, at-qoç fiqurlarının olmasından da danışdı. Qeyd etdi ki, Laçın rayonu ərazilərində ilk insanların mövcudluğunu sübut edən faktlar deməyə əsas verir ki, hələ min illər öncə ilk insan icmalarının təşəkkül tapdığı dövrlərdə də, insanların yaşayışı üçün Laçın bölgəsində əlverişli münbit təbii şərait mövcud olmuşdur. Bəlkədə elə bu əlverişli şərait bu ərazilərdə ilk insanların hələ eramızdan əvvəl məskunlaşmalarına imkan vermişdir. Eyni zamanda, ibtidai daş alətlərin hazırlanması üçün bu ərazilər əhəng daşı, dəvəgözü (vulkanik şüşə), çaxmaqdaşı və digər xammallarla da zəngin olmuşdur. Bu ərazilərdəki qədim yaşayış yerlərinin qalıqlarına Pəri çınqılı, Qaragöl yaylaqları,  eləcə də Mirik, Hoçaz, Pircahan, Cicimli və Güləbird kəndləri ərazilərində və digər yerlərdə təsadüf edilir. Tədqiqata böyük ehtiyacı olan bu təsvirlərin yaşı, bəlkədə Bakı şəhəri yaxınlığında olan Qobustan qayaları üzərindəki təsvirlərin yaşı qədərdir. Zaman keçdikcə ibtidai insanın şüuru, mədəniyyəti inkişaf edir, hər qəbilənin özünə məxsus yeni fəlsəfi düşüncəsi və adət-ənənələri meydana gəlirdi. Burada hər qəbilənin özünə məxsus dəfn mərasimləri olmuşdur. Məhz bunun nəticəsidir ki, bu ərazilərdə qazıntılar zamanı daha çox kurqanlar, küp qəbirlər və. s. rast gəlinir. 

Kitabda Azərbaycan mədəniyyətinə xas olan gözəl xüsusiyyətlərə də ayrıca yer verən Faiq müəllim böyüyə, ağsaqqala, ağbirçəyə hörmət, həyat yoldaşına, dostuna sədaqət və düzlük olan bu müsbət xüsusiyyətlərin orada yaşayan insanlar arasında pozulmaz həyat qanunları olduğunu dedi: - Mərdlik və kişilik təkcə sözlə ifadə olunmazdı. Burada verilən hər bir vəd yüksək qiymətləndirilər, sözünə əməl etmək əsl kişilik sayılardı. Sözlə qan yatırılar, düşmənçilik aradan qaldırılardı. Kimsəsizə, imkansıza mərhəmət, ağsaqqala, ağbirçəyə itaət göstərmək insanlıq borcu sayılardı.   

Müxtəlif tarixi dövrlərdə Laçında xeyli sayda doğma vətəninə sədaqəti və fəaliyyəti ilə tanınan adamların da yaşadığını da qeyd edən müəllif bu insanların Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını xüsusi vurğuladı:  ---- Onların sırasında dövlət xadimləri, şairlər, rəssamlar, din xadimləri, aşıqlar və s. sənət nümayəndələri də olmuşdur. Müxtəlif kateqoriyalı insanlar arasında bəy titulu daşıyanlar regionun qorunub saxlanmasında əhəmiyyətli rol oynamışdır. Laçınlı bəylər cəmiyyətin varlı təbəqəsi olsalar da bölgəyə hər hansı bir düşmən təcavüzü baş verdikdə sıravi bir əsgər kimi bu hücumu dəf etməyi özləri üçün şərəf hesab edirdilər. Onlardan Həmzə Sultan, Nəbi bəy, Murtuza bəy, Hacı Axund Molla Şükür, Sarı Aşıq, Aşıq Məşədi Dadaş və başqalarının adlarını çəkmək olar. 

Lakin müəllif böyük təəsüf hissi ilə qed etdi ki, o illərdə Azərbaycanın bütün bölgələrində olduğu kimi Laçınlı bəylərin də böyük hissəsini müxtəlif bəhanələrlə tutdurub ölümə məhkum edir, və yaxud da Sibirə əsir düşərgələrinə göndərirdilər: -- İşgəncələrdən və təqiblərdən cana doyan bəylərin ailə üzvləri sonrakı dövrlərdə özlərinin bəy titullarını danmağa məcbur olurdular. Hətta analar yeni doğulan övladlarına bəy adı qoya bilməzdilər. Bəy ailələri nəsillərinə aid salnamələri, digər əşya və yazı nümunələrini öz əlləri ilə məhv edir, ya da torpağa basdırırdılar. 

Xatırladaq ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına, “Müharibədən zərər çəkən vətəndaşların sosial və mədəni hüquqlarının Avro- pa Məhkəməsində müdafiəsi, eləcədə problemin həlli ilə bağlı digər tədbirlərin beynəlxalq səviyyədə təbliği” layihəsi çərçivəsində Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi tərəfindən çap olunmuşdur.

Burada, həmçinin ictimai birliyin arxiv materiallarından istifadə edilmişdir.

Fidan SALMANOVA

XQ



Mədəniyyət