O xoşbəxtdir, çünki şəfqət və mərhəmət simvoludur

post-img

Dünyanın iki – xeyir və şər qüvvələr əbədi mübarizəsi üzərində qurulduğu bəşəriyyətə məlumdur...  Xeyir qüvvələrin qalib gəldiyi yerlərdə şəfqət və mərhəmət əbədi zəfər çalır... Mənəviyyat hardadırsa, ədalət, düzgünlük, insanpərvərlik, dürüstlük, nəciblik, alicənablıq kimi keyfiyyətlər də ordadır. Bu gün bu kimi nəcib missiyanı yüksək mənəvi məsuliyyət hissi ilə üzərinə götürərək şərəflə, əzmlə həyata keçirən insanlar arasında Azərbaycan Respublikasının  Birinci - vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır.

Şərqdə insan anadan olarkən ona xüsusi ad vermək ənənə halı alıb. Bunun bütün insan taleyinə təsir edəcəyinə və ya əvvəlcədən müəyyənləşdirəcəyinə ümid edilir. Bu ənənənin real həyatda özünü nə dərəcədə doğrultduğunu bilməsəm də, məhz Mehriban xanım Əliyevanı uzaqdan da olsa tanımaq mifin mahiyyətinə inanmağa vadar edir. Adı müasir tarixə təkcə məqsədyönlü və nümunəvi rəhbər kimi deyil, həm də əsl Şərq gözəlliyini təcəssüm etdirən zərif və məlahətli qadın, ana kimi düşən insana hörmət və ehtiramımı sözlə ifadə etməyə çətinlik çəkirəm.

Hərtərəfli və yorulmaz fəaliyyəti təkcə ölkədə deyil, həm də onun hüdudlarından kənarda kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan bir xanım haqqında fikir söyləmək asan olduğu qədər də çətindir. O qədər çoxşaxəli fəaliyyətlə məşğuldur, o qədər insani keyfiyyətlərə malikdir ki, hansından başlayıb, necə danışmağın və yazmağın çətinliyini çəkirsən. Hamı Mehriban Əliyevanın yaşından, milliyyətindən və dini inancından asılı olmayaraq minlərlə insanın ürəyini necə fəth edə bildiyini anlamağa çalışır. Onu ətrafdakıların hamısına humanist münasibətinə, qayğı və köməyə ehtiyacı olanlara yardım etdiyinə, başqasının dərdinə şərik olmaq və lazımi anda yanında olmaq bacarığına görə sevir və hörmət edirik. Xeyirxahlıq, mərhəmət və şəfqət kimi anlayışlar Mehriban xanım üçün, həqiqətən də, önəmlidir və onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir. O daim xalqın yanındadır.

Yenə etiraf edim ki, Mehriban Əliyeva haqqında yazmaq, üstəlik, onun barəsində fikir söyləmək olduqca ciddi və məsuliyyətli vəzifədir. Məsələ burada onun ədalətli və xeyirxah davranışlarının təsviri üçün hər hansı söz çatışmazlığında deyil, oxucunun onun haqqında təsəvvürünü formalaşdırmaq şansı əldə edə biləcəyi incə detalı, məğzi unutmaq narahatlığıdır. O, əsil Azərbaycan mentalitetinin nümunəsi olacaq qadındır. Ailə ocağının qoruyucusu, qayğıkeş övlad, həyat yoldaşı, ana və nənədir. Mehriban Əliyeva həyatında çox şeylərə nail ola bilib: cəmiyyətə yararlı üç övlad böyüdüb, həyat yoldaşına etibarlı dayaq olub və dəstəyə ehtiyacı olanlara kömək göstərərək ölkənin ictimai həyatının ayrılmaz hissəsinə çevrilib.

O, digər ölkələrin birinci xanımlarından fərqlənir, yalnız ailəyə bağlı olub uşaqların böyüdülməsində, onların problemlərinin həllində iştirak etmir. Həyatın, cəmiyyətin heç bir sahəsi Mehriban xanımın diqqətindən kənarda qalmayıb. Onun rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Onun bu fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də, müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. Üstəlik, birinci xanım statusu onun sosial məsuliyyətini daha da artırır və müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadə etməyə məcbur edir.

Birinci vitse-prezidentin öz xalqının maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsidir. Hazırda Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. O, təbiətin, cəmiyyətin və öz mənəvi tələbatlarının əvvəlcədən müəyyənləşdirdiyi bütün sahələrdə özünü reallaşdıra bilən həmahəng, məqsədyönlü və güclü qadınlar üçün etalon olub. Onlar Mehriban xanımın simasında təkcə lider və ya ictimai xadim deyil, həm də köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan görürlər.

Mehriban xanım ailəsini çox sevir və ailə ənənələrinə böyük hörmət bəsləyir. O, hesab edir ki, əgər evdə qarşılıqlı anlayış, qarşılıqlı dəstək və hörmət varsa, qalan şeylər özü düzələcək. Hazırda İlham Əliyev və Mehriban xanımın birliyi bir çoxları üçün nümunədir. Onların nümunəsi sayəsində milli ailə ənənələri dirçəlir, qarşılıqlı anlayış artır, valideynlərin uşaqlara, uşaqların valideynlərə münasibəti dəyişir.

Qüsursuz davranış, sakit baxış, təmkinli intonasiya özünə daha az diqqət yönəltməyə xidmət edir. Düzdür, bu, həmişə alınmır. Birinci xanımın xarici görünüşü və tərzi xeyli müddətdir, təqlid predmetinə çevrilib. Mehriban Əliyeva zəngin mənəvi və intellektual potensialı olan maraqlı insandır, tükənməz enerjiyə malikdir. Bütün təşəbbüslərdə müsbət nəticə qazanmaq üçün qibtə doğuracaq qabiliyyətli mahir praqmatikdir. Məhz onun inamı, nikbinliyi, müsbət enerjisi rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hər bir əməkdaşına reallaşdırılan layihələrin uğurla yekunlaşmasına daha böyük əminlik verir. 

Xalq onu sevir və ona inanır, ona görə ki, Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik və mesenantlıq ənənələri canlanıb. Mehriban Əliyeva insanlara xeyirxahlığa meyil, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. O, bütün sosial problemlərin yalnız dövlət tərəfindən həll edilməli olması barədə ictimai şüurda kök salmış təsəvvürü dağıdıb və cəmiyyətin bütün təbəqələrinin həmin problemlərin həllində iştirakına can atmasına nail olub. Bununla da Mehriban Əliyeva Azərbaycan cəmiyyətinin bugününə qayğı göstərməklə, Azərbaycan Prezidentini ölkəmizin gələcəyi ilə bağlı işində və qayğısında dəstəkləyərək məşğulluğun təmin edilməsi sahəsində və istedadlı gənclərin məsuliyyətli layihələrə cəlb edilməsində novator olub. Məhz birinci xanım ətrafına gənc əməkdaşları topladıqdan sonra müasirliyin tələblərinə uyğunlaşdırılan dövlət müəssisələri, ənənəvi olduğu kimi, təkcə “stajı” olan insanları deyil, həm də gənc nəslin nümayəndələrini işə qəbul etməyə başladı.

Mehriban Əliyevanın öz gözəlliyi və səxavətliliyi ilə heyran edən dərin mənəvi dünyası haqqında təkcə onunla yaxından tanış olanlar deyil, həm də onunla bir kəlmə söhbət etmək imkanı qazananlar danışa bilərlər. Kənardan müşahidə edərək onun öz diqqəti ilə insanlara verdiyi hüdudsuz sevincə heyran olmamaq mümkün deyil. Bəzən elə görünür ki, Mehriban xanım isti və qayğı dolu bir baxışı ilə isidir, sakitləşdirir və ümid verir.

Onun valideyn qayğısından və himayəsindən məhrum olmuş uşaqlara sevgisi müasir Azərbaycan tarixində ayrıca sütuna yazılıb. Birinci xanım uşaqlarla bağlı hər bir problemə həssas reaksiya verir. O, bu və ya digər xəstəlikdən əziyyət çəkən uşaqların xilası naminə mümkün olan hər şeyi edir, uşaqların doğmalarının əhatəsində sağlam yaşamaları üçün səy göstərir. Hazırda valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlar qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə ab-havası yaradılıb.

Onun uşaqlara xeyirxahlığını, mərhəmətini və sevgisini qızları Leyla və Arzu Əliyevalar da əxz ediblər. Məhz onların uşaq evlərinə və internat məktəblərinə tez-tez baş çəkmələri yeni ənənənin əsasını qoyub. Son illər ictimaiyyət, müxtəlif dövlət strukturları və beynəlxalq təşkilatların nümayəndələri uşaq müəssisələrinin yetirmələrinə mütəmadi baş çəkirlər.

Mehriban xanım Əliyeva əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat evinə baş çəkdiyi zaman xəstəlikdən əziyyət çəkən uşaqları ana qayğısı ilə qucaqlayarkən, onları qolları arasına alarkən uşaq evinin tərbiyəçilərinin gözündə sevinc, heyranlıq, eyni zamanda, təəccüb doğururdu. Biz Mehriban xanımdan nümunə götürərək, sağlamlıq vəziyyətindən asılı olmayaraq, uşaqları cəmiyyətin bərabərhüquqlu üzvləri kimi görməyə başlayırıq.

Mehriban Əliyevanın qarşıya qoyduğu vəzifələrdən biri də bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni abidələrin bərpasıdır. Ermənistan tərəfindən təcavüzə məruz qalan və işğal altında olan ərazilərdə vandalizm aktları ilə qarşılaşan Azərbaycanın Versal Sarayının parkındakı mədəniyyət abidələrinin, Luvrda İslam incəsənəti şöbəsinin, Berlin Qəsrinin, Romada Kapitoli muzeyindəki “Filosoflar zalı”nın və digərlərinin bərpasında fəal iştirakı haqqında informasiyanı bu gün bütün dünyada məmnunluq hissi ilə qarşılayırlar.

Azərbaycanı dünyaya olduğu kimi, yəni dünyəvi, çoxmillətli və müxtəlif dinlərin mövcud olduğu, müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmətə və etibara əsaslanan səmimi dostluğun və əməkdaşlıq münasibətlərinin tarixən mövcud olduğu, yüksək tolerantlıq ənənələrinin formalaşdığı dövlət kimi təqdim etmək ölkənin birinci xanımının fəaliyyətində prioritet məsələlərdən biridir. Onun təşəbbüsü ilə həyata keçirilən “Tolerantlığın ünvanı. Azərbaycan” layihəsi çərçivəsində müxtəlif dini obyektlərdə – Pir Həsən ziyarətgahı, Müqəddəs Məryəm Kilsəsi, Şamaxıda Cümə Məscidi, Gəncədə Həzrəti Zeynəb Məscidindən tutmuş Fransanın müxtəlif regionlarındakı kilsələrin, Strasburqda XIV əsr Kafedral Kilsəsinin vitrajlarının bərpasına, eləcə də Həştərxanda Knyaz Vladimirin abidəsinin ucaldılmasınadək bərpa işləri görülüb. Mehriban Əliyevanın təşəbbüsü ilə Müqəddəs Roma katakombalarının bərpası isə beynəlxalq ictimaiyyət tərəfindən müsəlman dünyasının xristianlığın müqəddəs abidələrinin qorunub saxlanmasına töhfəsi kimi qəbul edilir.

 Mehriban Əliyevanın “Mən əminəm ki, cəmiyyətdə bütün ağır, çətin problemləri xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır.”– fikri onun haqqında çox şeyi deyir. 

Vətən müharibəsinin ağrılı günlərində o, Ali Baş Komandanın ən yaxın silahdaşı oldu. Hospitalda yaralı hərbçilərlə görüşəndə özünü nə qədər dik tutmağa çalışsa da, qadınlıq, analıq duyğusu üstün gəldi. Eynəyin altından süzülən göz yaşlarını silməsinə hər kəs şahid oldu. Bu sətirləri yazarkən həmin anları yenidən yaşayırmışam kimi, yenə duyğulanıram. 

Nə yaxşı ki, müharibə qələbə ilə bitdi, torpaqlarımız işğaldan azad edildi.  Bu sevincin birinci xanımın gözlərindəki təcəssümü nəyə desən dəyər.  Azərbaycan Prezidenti ilə birlikdə mənfur qonşulardan azad edilən torpaqlarımızda alnı açıq gəzən Mehriban xanım bu gün Qarabağın abadlıq quruculuq işlərində də kənara çəkilməyib, əksinə bu layihələrin icra olunmasında iştirakçılardan biridir.

Bir sözlə, Azərbaycanın birinci xanımı Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi xalqımızın rifahı naminə çətin və gərəkli yoldadır. Böyük və nadir insanlar doğulduqları andan ömürlərinin sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Belə insanların ömrü yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük, ali  məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Mehriban xanım Əliyevanı xalqımıza ən çox sevdirən isə onun prinsipləridir. Bu prinsiplərin əsasında çox sadə bir ideya dayanır: insanlara yaxşılıq etmək.

Onu hamı sevir... Vətəninə və xalqına sonsuz məhəbbətinə görə... O, doğma Azərbaycanın ən böyük təəssübkeşlərindən biri, millətimizin xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifidir. Birinci xanım adını şərəflə daşımaq, dünya birliyində Azərbaycanın mövqeyini hər zaman qorumaq, uşaqdan böyüyə qədər hamının qayğısına qalmaq, cəmiyyətimizdəki problemlərin həllinə öz qətiyyəti və cəsarəti ilə nail olmaq... Bir sözlə, son dərəcə məsuliyyətli, həm də gərgin fəaliyyət sferası... Bütün bunlar onun həyatının ayrılmaz parçası, həm də maraqlı anları və məqamlarıdır. Elə buna görə də o, xoşbəxtdir. Çünki onun qızıl kimi ürəyi var.

Yazgül ABDIYEVA,
“Sağlamlığın qorunması” İctimai Birliyinin sədri

Sosial həyat