Türkiyə Cümhuriyyətinin Afyon Kocatəpə Universitetinin rektoru, professor Mehmet Karakaşın rəhbərlik etdiyi nümayəndə heyəti Lənkəran Dövlət Universitetində (LDU) qonaq olub.
LDU-nun rektoru, professor Natiq İbrahimov görüş zamanı türkiyəli həmkarlarına rəhbərlik etdiyi ali təhsil ocağında son illərin yenilikləri, genişlənən beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib. Tərəflər müasir dünyada ali təhsilin məqsəd və vəzifələri, problemləri, perspektivləri, qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi ediblər.
Lənkəran Dövlət Universiteti ilə Afyon Kocatəpə Universiteti arasında İkili əməkdaşlıq və “Erasmus+” müqaviləsi imzalanıb. Müqavilələrdə qarşılıqlı əlaqələrin gücləndirilməsi, birgə elmi konfransların təşkili, tələbə-müəllim mübadiləsi, ikili diplom layihəsinin həyata keçirilməsi üçün müvafiq işlərin görülməsi, “Erasmus+” proqramı çərçivəsində tələbə-müəllim heyətinin hərəkətliliyinin artırılması və s. məsələlər əksini tapıb.
Türkiyəli qonaqlar universitetin tədris korpusları, laboratoriyaları, Turizm tədris bazası, fənn kabinələri, tələbə yataqxanalarına baş çəkiblər. LDU ilə tanışlıq türkiyəli qonaqlarda xoş təəssürat yaradıb.
Xatırladaq ki, LDU-nun Beynəlxalq şöbəsi Dil Mərkəzinin rəhbəri Ülviyyə Mirzəyeva ötən ay Afyon Kocatəpə Universitetində keçirilən 10-cu Beynəlxalq Həftə Təlimi üçün Kadrlar Mübadiləsində iştirak edib və təmsilçisi olduğu ali təhsil ocağı haqqında təqdimatla çıxış edib. Həmçinin, layihə çərçivəsində bağlanmış müqavilə əsasında LDU-nun baytarlıq təbabəti ixtisasının 4-cü kurs tələbələrinin bir qrupu yaz semesterində Afyon Kocatəpə Universitetində təhsillərini davam etdiriblər.
Ə.ƏLİYEV
XQ