Sənətkarlar nəslinin üçüncü nümayəndəsi

post-img

Cahangir Novruzov – 70

Bu gün yubileyi olan Xalq artisti Cahangir Novruzov tanınmış kamança ifaçısı, uzun illər Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində muğam üzrə dərs demiş Mütəllim Novruzovla böyük gülüş ustası, Xalq artisti Nəsibə Zeynalovanın yeganə övladıdır. Ona Nəsibə xanımın atasının – Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun adını qoyublar.

Yadımıza gəlir ki, illər öncə babasının 150 illik yubileyi münasibətilə Mədəniy­yət Nazirliyinin planı üzrə “Cahangirdən Cahangirə” adlı bədii layihə təqdim olunub və yubilyarın nəvəsi – yaşadığı Adana­dan Bakıya gəlmiş Cahangir Novruzovun rejissorluğu ilə, teatr klassikası kimi, An­ton Çexovun “Qu quşunun nəğməsi” əsəri əsasında tamaşa hazırlanmışdı. Səhnə əsə­rinin baş rolunda Cahangir Novruzov özü çıxış edərək, nəsillərin estafetinin davam etdiyini gözəl sərgilədi. 

Cahangir Novruzov İncəsənət İns­titutunun rejissorluq fakültəsində SSRİ Xalq artisti Mehdi Məmmədovdan dərs alsa da, anası Nəsibə xanım, nədənsə, onun bu sənətə yiyələnməyinə razı de­yilmiş. Həmin dövrlə bağlı söhbətində deyir: “Anam, deyəsən, məni bu sənətdə görmək istəmirdi. Süleyman Rüstəmin 65 illik yubileyi idi, 1-ci kursda olma­ğıma baxmayaraq, mənə onun “Çimnaz xanım yuxudadır” tamaşasında Qafar rolunu vermişdilər. Anam oyunumu qapı arasından izləmək istədi. Amma imkan vermədilər. Gətirib səhnədə əyləşdirdilər. Mehdi müəllim tamaşadan sonra anama dedi ki, Cahangirin necə rejissor olacağı­nı hələ bilmirəm, amma yaxşı aktyor ola­cağı bəllidir. Bu sözlər mənə ilk cəsarəti verdi. Bir dəfə də 3-cü kursda “Almaz” əsərində Hacı Əhmədi oynayırdım. Ədil İsgəndərov, Mehdi Məmmədov və Rza Təhmasib imtahan götürürdülər. Tamaşa­dan sonra Rza Təhmasib – Hacı Əhməd rolunun ən mahir ifaçısı, özünəxas bir hərəkətlə dodaqlarının kənarını sığalla­yaraq mənə dedi: “Xoroşo, doğrudur, düz oynamısan”. Bu sözlər də ikinci cəsarət dalğasını yaratdı və məni dəyişdirdi. Al­lah onlara rəhmət eləsin”.

Beləcə, öz istedadı ilə anasının kön­lünü ala bilən Cahangir 1976-cı ildə ali təhsilini bitirib. Diplom işi olaraq Musiqi­li Komediya Teatrının səhnəsində Georgi Xuqayevin “Sevgilimin anası” operettasını hazırlayaraq müdafiə edib. Elə həmin il oraya təyinat alaraq çalışmağa başlayıb.Üç il sonra Şəki teatrına quruluşçu rejissor göndərilib. 

Arada Cahangir Novruzov Moskva və Sankt-Peterburqda təkmilləşmə kursları keçib. Anatoli Efros və Georgi Tafsta­noqovun tələbəsi olub və yenidən Şəkiyə qayıdıb. Orada çalışdığı illər ərzində te­atr əməlli-başlı dirçəlib (Yeri gəlmişkən, 70-ci illərdən sonra onun, daha öncə də Hüseynağa Atakişiyevin rejissorluğu döv­ründə Azərbaycandan kənara çıxan teatr olmasa da, Şəki teatrı Kuba, Çexoslova­kiya kimi xarici ölkələrə, Moskva, İrəvan, Tiflis, Səmərqənd, Daşkənd, Kazan kimi şəhərlərə qastrol səfərlərinə və festivalla­ra gedib). Cahangir müəllim özü Praqa və Parisdə keçirilən teatrlar festivallarında münsiflər heyətinin üzvü kimi iştirak edib. Azərbaycanda keçirilən teatr festivalın­da hazırladığı “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsəri ilə 1-ci mükafatı qa­zanıb. Bir müddət Musiqili Komediya Teatrında və Gənc Tamaşaçılar Teatrının rus bölməsində baş rejissor olub. 1991-ci ildə Azərbaycan Teatr xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında Şekspirin “Hamlet” əsərinin motivləri əsa­sında hazırlanmış "Olum, ya ölüm” tama­şası ilə 1-cilik qazanıb. 

Cahangir Novruzov 1995-ci ildə Tür­kiyə Cumhuriyyətinə universitetdə dərs demək üçün dəvət olunub. Hazırda Adana şəhərində Çuxurova Universitetinin Döv­lət Konservatoriyasının teatr bölməsində professordur. Oranın məzunları Cahangir müəllimin türk dilinə çevirərək quruluş verdiyi “Dans Plus” (Oljas Janaydarmov) əsərini layiqincə səhnələşdiriblər. Türkiyə­də Qriqori Qorinin “Herostratı unudun” tamaşası da uğurla keçib. Bu nailiyyətlər ona TÜRKSOY-un “Haldun Taner”, eləcə də “Qazaxıstanın Fəxri Mədəniyyət Xa­dimi” medalları ilə təltif olunub. Daha sonra Azərbaycanın xalq artisti fəxri adına və “Diaspor fəaliyyətində xidmətə görə” medalına layiq görülüb. 

Onun zəngin filmoqrafiyası var. Düz 55 il əvvəl – 15 yaşında ikən çəkildiyi “Bizim Cəbiş müəllim”dən sonra tədri­cən tanınmağa başlayan aktyor 20 filmdə və teletamaşada maraqlı obrazlar yaradıb. Maraqlıdır ki, oynadığı rollardan biri re­jissorlar Ramiz Həsənoğlu ilə Tariyel Və­liyevin ərsəyə gətirdikləri “Yaşıl eynəkli adam” teletamaşasında adaşı Cahangir olub və uğurlu alınıb. Ramiz Əzizbəylinin Xalq şairi Vaqif Səmədoğlunun ssenarisi əsasında hazırladığı “Bəxt üzüyü” tammet­rajli filmindəki milis rəisi, Rasim Ocaqo­vun dramaturq Rüstəm İbrahimbəyovun dram janrında çəkdiyi “Həm ticarət, həm ziyarət” filmindəki Sabir və sair obrazları ekranda nisbətən az görünüb, saz təsir ba­ğışlayan rollar olub.

Müsahibələrinin birində Cahangir Novruzov deyib: “Səlis məntiqlə, müxtəlif bucaq altında fərqli problemlərə baxa bil­məyi bacaran xalqın zəkası, təfəkkürü və düşüncə tərzi daha geniş, daha dərin, daha uzaqgörən olur. Sənətin, ədəbiyyatın, təh­silin əsas məqsədi və amalı da budur. Ziya­lı ata-babalarımız bizləri bu günlərə qədər gətiriblər. Bizlər də bu mirası gənclərimizə çatdırıb aşılamalıyıq. Çünki gələcək gənc­liyindir”.

Bu yubiley yazısını hazırlayanda özünə əlim çatmasa da, onun yaxın dostu – bir vaxtlar eyni kollektivdə çalışdığım görkəmli teatr, kino və televiziya rejissoru, “Azərbaycantelefilm” Yaradıcılıq Birli­yinin direktoru, Xalq artisti Ramiz Həsə­noğluna zəng edib ürək sözlərini dinləmək istədim. Sualıma böyük məmnuniyyətlə cavab verərək dedi:

– Cahangirlə birgə işləmək hər zaman böyük zövq olub. Çox işıqlı şəxsiyyətdir. Qoy, onun istedadı həmişə parlasın, heç zaman solmasın! Çox istərdim ki, Vətənə qayıtsın, tamaşaçılarını intizarda qoyma­sın! Dostuma can sağlığı və daha böyük sənət uğurları arzulayıram.

Əli NƏCƏFXANLI
XQ





Mədəniyyət