Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində “Rənglərlə Qarabağa səyahət” adı altında rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi, Azərbaycan Respublikasının Malayziyadakı səfirliyi və Azərbaycan Dövlət Rəsm Qalareyasının tərəfdaşlığı ilə həyata keçirilən “Malayziyadan görünən Şuşa” layihəsi çərçivəsində təşkil olunub.
Sərgidə Azərbaycan rəssamlarının Şuşa mövzusunda çəkdiyi 30-a yaxın rəsm əsəri nümayiş edilir.
Qeyd edək ki, layihə İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı həyata keçirilir.
İctimai birliyin sədri Şəhla Nağıyevanın verdiyi məlumata görə, Kuala-Lumpurun Şəhər İncəsənət Qalareyasında təşkil olunan tədbiri qalareyanın direktoru Maizon Ömər açıb.
Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin müşaviri Elsevər Salmanov açılış mərasimində çıxış edərək, Şuşanın azərbaycanlılar üçün nə qədər əziz tarix və mədəniyyət mərkəzi olduğundan danışıb. Təəssüflə qeyd edib ki, bu şəhər uzun illər Ermənistan qoşunları tərəfindən işğal altında saxlanılıb, lakin 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilib. Bundan sonra Şuşa yeni inkişaf dövrünə qədəm qoyub.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva çıxışında sərgi, habelə Kuala-Lumpurda təşkil olunacaq digər tədbirlər barədə məlumat verib. Qeyd edib ki, Malayziyanın paytaxtında Şuşanın tarixi və mədəniyyəti mövzusunda tədbirlərin təşkil olunmasında məqsəd bu ölkədə Şuşanın keşməkeşli tarixi haqqında təsəvvür yaratmaq, 30 ilə yaxın işğal altında qalmış şəhərin tariximizdə və mədəniyyətimizin inkişafındakı rolunu qabarıq göstərməkdir.
Sərginin açılış mərasimindən sonra Şuşa və Qarabağ mövzusunda musiqi nömrələri təqdim olunub. Gənc müğənni Zeynəb Nəcəfova “Qarabağ”, “Şuşam”, “Şuşanın dağları”, “Qarabağ şikəstəsi”, “Cənnətim Qarabağ” kimi populyar mahnılar ifa edib.
Malayziyalı müğənni Roys Saayanın “Cənnətim Qarabağ” mahnısını ifa etməsi, daha sonra Zeynəb Nəcəfova ilə birlikdə “Şuşanın dağları” mahnısını oxuması tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.
Tədbirin sonunda əslən Şuşadan olan və Şuşa mətbəxinin bilicisi Aybəniz İsmayılova qonaqlara Şuşa və Qarabağ mətbəxinin nümunələrini təqdim edib. Tədbir iştirakçıları “Şüyüdlü aş”, “Qiyməli aş”, “Canına çəkmə”, “Qırxbuğumlu aş” kimi xörəklərə, habelə Qarabağ və Azərbaycan şirniyyatlarına qonaq edilib.
Tədbirdə həmçinin bir neçə dildə hazırlanmış “Şuşa Azərbaycanın mədəniyyət paytaxtı”, “Qarabağ” kimi kitabça-bukletlər, araşdırmaçı-jurnalist Vasif Quliyevin ingilis dilində hazırlanmış bir neçə kitabçadan ibarət “Şuşa abidələri” toplusu qonaqlara hədiyyə olunub.
Tədbir iştirakçılarına “Şuşa və Qarabağ haqqında mahnılar”, habelə Şuşa mətbəxi nümunələrinin hazırlanması haqqında Azərbaycan və ingilis dillərində bukletlər də paylanıb.
Kuala-Lumpurda sərgi davam edir.