Babək Qurbanov – 85
Xalq Şairi Osman Sarıvəlli ocağının alim övladı professor Babək Qurbanovun 85 yaşı tamam oldu. İstedadlı alimin ömür yoluna qısaca nəzər saldıqda onun nə qədər sadə, həm də zəngin bir həyat yolu keçdiyinə şahidlik edirik.
Alim 1967-ci ildə 28 yaşında “Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi” mövzusunda namizədlik dissertasiyasını, 42 yaşında isə Moskvada SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.
Babək müəllim müxtəlif illərdə mötəbər qurumlarda – AMEA Fəlsəfə və Hüquq İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Ərzurum Atatürk Universiteti, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında elmi-pedaqoji fəaliyyət göstərmişdir. O, Moskva, Sankt-Peterburq, Kiyev, Donetsk, Varna, Stokholm, Tiflis, Vilnüs, İrəvan, Daşkənd, Bakı, Gəncə, Ankara, Bursa, Bolu, Konya, Van, Ərzurum, Qars, Antaliya, Niğdə, İstanbul, Diyarbəkir, Sivas, Ankara, Nevşəhər, Şanlı Urfa, Ardahan, Kosova, Makedoniya və s. şəhərlərdə 30-dan çox beynəlxalq elmi konqres və simpoziumlarda aktual mövzularda məruzələri ilə elmi ictimaiyyətin diqqət mərkəzində olmuşdur.
Babək müəllimin ərsəyə gətirdiyi 700-dən çox publisistik və elmi-nəzəri əsərləri (musiqi nəzəriyyəsi, ifaçılığı, heykəltəraşlıq, rəssamlıq, kino sənəti, sənət fəlsəfəsi və s.) fundamental əhəmiyyəti ilə seçilmişdir. Onun dünya sivilizasiyasına daxil olmuş Leonardo da Vinçi, Parfenon, Mikelancelo, Rafael, Pikasso, Levitan, Lansare, Şişkin, O. Kiprensi kimi sənətkarlara həsr etdiyi elmi araşdırmaları bunu bir daha təsdiqidir. Babək Qurbanovun Puşkin, Lermontov, Yesenin, Çaykovski, Asafyev kimi rus şair və bəstəkarlarının həyat və yaradıcılığına həsr etdiyi məqalələr də onun dünya ədəbiyyatı və incəsənətinə dərindən bələd olduğunu təsdiqləyir. Dediklərimiz öz yaradıcılığında dünyaca ünlü sənət dühalarına və örnəklərinə yer vermiş müəllifin tükənməyən yaradıcılıq potensialının göstəriciləridir.
Babək Qurbanovun Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı yolunda əvəzi olmayan, ardıcıl və çoxşaxəli fəaliyyət göstərdiyini də xüsusi vurğu ilə söyləyə bilərik. İki qardaş ölkədə elmi kadrların hazırlanması işində Babək Qurbanovun peşəkarlığını qeyd etmək lazımdır. Fərqli elmi araşdırmalar sahəsində çalışan 33 aspirantın dissertasiya işlərinə elmi rəhbərlik etmiş, onların musiqişünaslıq, sənətşünaslıq, musiqi estetikası sahəsində özlərinin təsdiqinə yaxından kömək etmiş və imkan yaratmışdır.
Ömrünü elmə, mədəniyyətə, incəsənətə, pedaqoji fəaliyyətə həsr etmiş böyük alim Babək Qurbanovun nurlu xatirəsi onu tanıyan və sevənlərin qəlbində əbədi yaşayacaqdır. Böyük şairimiz Səməd Vurğunun dediyi kimi, ölüm sevinməsin qoy – Babək müəllim kimi insanları əməlləri yaşatmaqdadır. Onun fərqli mövzulardakı bəstələrini səsləndirən Gaziantep Universitetinin professoru Əfqan Zəki Salehin professional ifası və tələbəsi Bəkir Yolaçanın 2016-cı ildə lentə aldığı “Qürbətin musiqisi” adlı filmi ilə Babək müəllimə əbədi bir həyat bəxş ediblər.
Ruhun şad olsun, ustad. Böyük Türk dünyasının mədəniyyət və incəsənətinə töhfə etdiyin dəyərli əsərlərinlə də hər zaman ehtiramla yad ediləcəksən.
İlqar İMAMVERDİYEV,
Türkiyənin Qaziantep Universitetinin professoru, sənətşünaslıq elmləri doktoru