Masallı Gənclər Evində jurnalist Akif Ağayevin “Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda rayon rəsmiləri, idarə-müəssisə rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı sakinləri, ağsaqqal və ziyalılar, gənclər iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehdiyev Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yeni həyat” ictimai-siyasi qəzetinin baş ədəbi işçisi, “AZpressTİMES.info” saytının redaktoru Akif Ağayevin yaradıcılığı və “Fitrətimizdədir vətənpərvərlik” kitabı barədə qısa məlumat verib. O, bildirib ki, filologiya elmləri doktoru, AMEA Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Vaqif Yusiflinin ön söz yazdığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Arif Fərzəlinin redaktoru olduğu kitabda I və II Qarabağ müharibələrində, eləcə də antiterror əməliyyatları zamanı ölümü gözə alan şəhid və qazilərimizin şərəfli ömür yolu barədə, eləcə də vətənpərvərlik mövzusunda maraqlı yazılar yer alıb.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Əməkdar jurnalist Zakir Abbas, “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Rəşad Nadirov, Şuşa şəhər sakini Rafiq Abbasov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun rəşadəti ilə qazanılan böyük Zəfərdən danışaraq, qələmi ilə müsəlləh əsgərə dönən yazarlarımızın rolunu, o cümlədən Akif Ağayevin yeni kitabını yüksək dəyərləndiriblər. Kitabın bədii məziyyətlərindən və ictimai-siyasi əhəmiyyətindən bəhs edən natiqlər belə nəşrlərin gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında, Azərbaycan salnaməsində yeni tarix yazan qəhrəman oğullarımızın tanıdılmasında müstəsna rolunu qeyd ediblər.
İki şəhid – Nurlan və İntiqam Əsgərli qardaşlarının anası Ziba Əsgərova övladları ilə bağlı xatirələrini bölüşüb, kitabın müəllifinə, nəşrinə dəstək olanlara təşəkkür edib.
Akif Ağayev bu şərəfli missiyanı özünün mənəvi borcu kimi səciyyələndirib, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yazılan kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Sonda kitab müəllifin imzası ilə iştirakçılara paylanıb.
Ağaddin BABAYEV