Azərbaycan Milli Xalça Muzeyində sənətsevərləri və ziyarətçiləri bir araya gətirən "Müxtəlifliyin gözəlliyi" adlı rəsm sərgisi ölkəmizin dünya xalqlarının milli və mədəni dəyərlərinə ən yüksək səviyyədə hörmət bəsləməsinin növbəti təzahürü oldu.
Ekspozisiyada sənət əsərləri vasitəsilə Monteneqro xalqının milli kimliyi və mədəni bötövlüyü, həyat tərzi, dini və etnik xüsusiyyətləri, habelə dünya mədəniyyəti müstəvisindəki yeri barədə bilgilər ilk dəfə Azərbaycan tamaşaçılarına təqdim edilib.
Açılış mərasimində bu barədə məlumat verən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qeyd etdi ki, sərgidə təqdim edilən geyim nümunələri Monteneqronun mədəni özəlliklərinin zənginliyini tam ifadə etməklə yanaşı, eyni zamanda, tolerantlıq ənənələrini nümayiş etdirir. Azərbaycanlı ziyarətçi sərgidə olarkən təəccüb və doğmalıqla Monteneqronun geyimləri sırasında “dolama”, “ləbbadə” və sair geyimlərin adları ilə rastlaşacaq. Mədəni, etnik və dini müxtəliflik, bu müxtəlifliyin qorunub saxlanılması və inkişaf etdirilməsi Monteneqro ənənəvi mədəniyyətini unudulmaz edir.
Nümayiş olunan eksponatlar həm gündəlik, həm də bayram, həm kəndli, həm də şəhərli, həm zadəgan, həm də sadə insanların geyimlərini əyani olaraq nümayiş etdirir.
Milli Məclisin deputatı Rəfael Hüseynov bildirdi ki, sərgi müxtəlifliyin gözəllik çərçivəsində birləşməsinə həsr olunub: “Monteneqro Azərbaycan üçün həm tarixində, həm mədəniyyətində, həm də düşüncə tərzində doğma ölkədir. Hər iki ölkənin mədəni bağlılıqlarında yeni bir mərhələ başlayır. Balkan ölkəsindən gələn nümunələri seyr elədikcə iki xalq arasında zövq yaxınlığını, düşüncə ortaqlığını, duyğu eyniliyini hiss edirsən. İki ölkə arasında diplomatik əlaqələr, siyasi münasibətlər öz yerində, bu sərgi onu göstərir ki, hər iki xalqın mənəvi cəhətdən bir-birinə yaxınlığının öz mənası var”.
Monteneqro Milli Muzeyinin direktoru, rəssam Yakşa Çalasan, bu ölkədəki Tarix Muzeyinin direktoru Filip Kuzman sərginin əhəmiyyətindən, iki xalq arasındakı mədəni əlaqələrin hazırkı vəziyyətindən və gələcək əməkdaşlıq əlaqələrindən bəhs etdilər.
Sərgidə fərqli mədəniyyətlərin bir-birinə qarşılıqlı təsirindən yaranan 170-dən artıq eksponat yer alır. Bunlara Qədim Balkan, Roma, Bizans, yunan və slavyan irsinin özəlliklərini əks etdirən XIX-XX əsrlərə aid ənənəvi geyimlər, aksesuarlar, zərgərlik nümunələri, silahlar və digər məmulatlar aiddir. Salonunda qədim Monteneqro xalqının milli kimliyinin vacib elementinə, əsas atributuna çevrilən, çoxsaylı nəbati, həndəsi, zoomorf motivlərlə bəzədilmiş rəsmi geyim dəstlərini də görmək mümkündür.
Xatırladaq ki, Azərbaycan Mədəniyyət Nazirliyinin, Monteneqro Mədəniyyət və Media Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Monteneqro Milli Muzeyinin təşkilatçılığı ilə açılan sərgi avqustun 31-dək ictimaiyyət üçün açıq olacaq.
Ceyhun ALIŞLI,
jurnalist