Ortaq dəyərlərin qardaşlıq təntənəsi
Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri davam edir. Paytaxt Daşkənddə və bölgələrdə keçirilən müxtəlif tədbirlər ortaq dəyərlər üzərində zəngin mədəniyyətlər yaratmış xalqlarımızın qardaşlıq təntənəsinə çevrilib.
Mədəniyyət nazirlərinin görüşü
Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində dost ölkənin mədəniyyət naziri Azodbek Nazarbekov Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.
Azodbek Nazarbekov Adil Kərimlini salamlayıb, Özbəkistanda baş tutan Azərbaycan Mədəniyyəti Günlərinin əhəmiyyəti haqqında danışıb, Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin böyük bir qrupunun Daşkəndə gəlməsindən məmnunluq ifadə edib. Nazir vurğuylayıb ki, özbək xalqı Azərbaycan ədəbiyyatına və mədəniyyətinə həmişə məhəbbətlə yanaşıb.
Adil Kərimli Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə və ikitərəfli görüşə görə təşəkkürünü bildirib, Azərbaycan incəsənət ustalarının Özbəkistana böyük sevgi və sayqı ilə gəldiklərini vurğulayıb.
Söhbət zamanı qeyd olunub ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanın mədəniyyət naziri Adil Kərimlini qəbul etməsi Özbəkistan dövlət başçısının Azərbaycan xalqına, bu ölkə ilə münasibətlərə böyük diqqət yetirməsinin və mədəniyyətimizə olan rəğbətinin təzahürüdür. Özbəkistan Prezidenti Azərbaycanla birgə mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı görkəmli özbək və Azərbaycan şairləri Əlişir Nəvai və Məhəmməd Füzuliyə həsr olunan filmin çəkilməsi ilə bağlı təklif səsləndirib və bu haqda müzakirə aparılıb.
Nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
“Qılınc və qələm” özbək dilində
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində böyük Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin mərkəzin təşəbbüsü ilə çap edilən “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı keçirilib.
Mərasimi Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açaraq “Qılınc və qələm” romanının özbək dilində tərcüməsi və nəşrinin ədəbiyyatşünaslıq üçün böyük bir hadisə olduğunu qeyd edib. Azərbaycan Mədəniyyət nazirinin müavini Fərid Cəfərov klassik Azərbaycan ədəbiyyatının hər iki ölkənin mədəniyyətində, musiqisində xüsusi yer tutduğunu söyləyib. O, “Qılınc və qələm” romanının Azərbaycanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi baxımından çox dəyərli bir mənbə olduğunu qeyd edib.
Azərbaycan Yazıçılar birliyinin katibi Səlim Babullaoğlu “Qılınc və qələm” romanının böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında ən dəyərli bədii mənbə olduğunu, əsərin özbək oxucular tərəfindən böyük maraqla qarşılandığını deyib. Yazıçı Aqşin Yenisey, özbək professorlar Erkin Nuriddinov və Nurbay Cabbarov, Abdulla Uluqov romanın tarixi əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, dahi Nizami Gəncəvinin həyatından bəhs edən bu nadir əsər özbək oxucuları üçün faydalı mənbə olacaq.
Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dahi şair Nizami Gəncəvinin özbək dilində nəşrinin hazırlanmasında professor Abdulla Uluqovun əməyini yüksək qiymətləndirib. O, Türkiyədə fəaliyyətini davam etdirdiyini bildirib, Nizami Gəncəvinin “Xəmsə”sinin türk dilinə tərcüməsi üzərində iş aparıldığını qeyd edib.
Sonda Azərbaycan xalq mahnıları və muğamlarımız səslənib.
* * *
Dünən axşam isə Daşkənddəki Mukimi adına Musiqili Teatrda Azərbaycanın Xalq artisti Rüfət Xəlilzadənin rəhbərliyi ilə Dövlət Rəqs ansamblı böyük konsert proqramı ilə çıxış edib.
Özbəkistan mədəniyyət nazirinin birinci müavini Avazxan Tacixanov, Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, qardaş özbək xalqının nümayəndələri, diasporumuzun üzvləri konsertdə olublar.
İki saat davam edən bədii təqdimatda ansamblın üzvləri Azərbaycan milli rəqslərini təqdim ediblər. Onların çıxışları sürəkli alqışlarla, “bravo” sədaları ilə qarşılanıb.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Daşkənd