“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı və yekun konsert proqramı olub

post-img

Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Daşkənddəki  Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) böyük Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin AMM-nin təşəbbüsü ilə çap edilən “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı baş tutub. 

Əvvəl iştirakçılar feyedə təşkil olunan kitab, foto və suvenirlərdən ibarət sərgiyə baxıblar. 

Mərasimdə Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, ölkəmizdən gələn qonaqlar, qardaş özbək xalqının nümayəndələri, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin ptofessor-müəllim heyəti, diasporumuzun üzvləri iştirak edib. 

Tədbiri Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı İlqar Fəhmi açaraq “Qılınc və qələm” romanının özbək dilində tərcüməsi və nəşrinin ədəbiyyatşünaslıq üçün böyük bir hadisə olduğunu qeyd edib. Özbək oxucularının Azərbaycan ədəbiyyatının, xüsusən də Azərbaycan klassiklərinin əsərlərinə böyük maraq göstərdiklərini vurğulayaraq “Qılınc və qələm” romanının özbək dilində nəşrinin özbək oxucuları  üçün dəyərli kitab olacağına əminnliyini ifadə edib. 

Fərid Cəfərov Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin yüksək səviyyədə təşkili üçün özbək tərəfinə minnətdarlıq edib. O, iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən söz açaraq Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan yazıçılarının müxtəlif mövzularda əsərlərinin tərcümə və çapının həyata keçirildiyini vurğulayıb.

Nazir müavini klassik Azərbaycan ədəbiyyatının hər iki ölkənin mədəniyyətində, musiqisində xüsusi yerə malik olduğunu söyləyib, “Qılınc və qələm” romanının Azərbaycanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi baxımından çox dəyərli bir mənbə olduğunu  qeyd edib. 

Şair və tərcüməçi Səlim Babullaoğlu zəngin tarixi keçmişə malik olan Azərbaycan ədəbiyyatının özbək ədəbiyyatşünaslığında öyrənilməsi sahəsində aparılan işlərdən danışıb, gənc ədəbiyyatşünasların bu sahəyə xüsusi diqqət yetirmələrinin vacibliyini qeyd edib. “Qılınc və qələm” romanının böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında ən dəyərli bədii mənbə olduğunu vurğulayan S.  Babullaoğlu əsərin özbək oxucular tərəfindən böyük maraqla qarşılandığını deyib.

Yazıçı, şair, publisist Aqşin Yenisey, özbək professorlar Erkin Nuriddinov və Nurbay Cabbarov, Abdulla Uluqov romanın tarixi əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, dahi Nizami Gəncəvinin həyatından bəhs edən bu nadir əsər özbək oxucuları üçün maraqlı mənbə olacaq. 

Azərbaycanın Türkiyədəki səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dahi şair Nizami Gəncəvinin özbək dilində nəşrinin hazırlanmasında professor Abdulla Uluqovun əməyini yüksək qiymətləndirib. O, Türkiyədə fəaliyyətini davam etdirdiyini  bildirib, Nizami Gəncəvinin “Xəmsə”sinin türk dilinə tərcüməsi üzərində iş aparıldığını qeyd edib.

Sonda Azərbaycan xalq mahnıları və muğamlarımız səslənib. 

 *     *     *

Həmin gün axşam isə Daşkənddəki Mukimi adına Musiqili Teatrda Azərbaycanın Xalq artisti Rüfət Xəlilzadənin rəhbərliyi ilə Dövlət Rəqs ansamblı böyük konsert proqramı ilə çıxış edib. 

Konsertə Özbəkistan mədəniyyət nazirinin birinci müavini Avazxan Tacixanov, Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, qardaş özbək xalqının nümayəndələri, diasporumuzun üzvləri qatılıb. 

Təxminən iki saat ərzində ansamblın üzvləri Azərbaycan milli rəqslərini təqdim ediblər. Onların çıxışları sürəkli alqışlarla, “bravo” sədaları ilə qarşılanıb. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd

 

 

















Mədəniyyət