Milli varlığımızın ədəbi məbədgahı

post-img

AYB – 90

Azərbaycan Yazıçılar Burliyinin (AYB) Natəvan klubunda mötəbər yaradıcılıq təşkilatının 90 illiyinə həsr edilımiş “Milli ədəbi-bədii, ictimai-siyasi təfəkkür” kitabının təqdimatı olub. 

Bu sanballı araşdırma əsəri haqqında ilk olaraq III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində AYB-nin 90 illiyinə həsr edilmiş paneldə məlumat verilmişdi. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli daim azərbaycançılıq ideologiyasına şərəflə xidmət edən Azərbaycan Yazıçılar Birliyinin sovet hakimiyyətinin ən sərt illərində belə ədəbiyyatımızı, milli kimliyimizi, ana dilimizi qorumaq üçün əsl qəhrəmanlıq nümayiş etdirdiyini vurğulamış və Ədəbiyyat İnstitutu tərəfindən 90 illiyə töhfə olaraq sanballı monoqrafiyanın hazırlandığını bildirmişdi. 

Akademiya rəhbərinin kitaba yazdığı “Ön söz əvəzi”ndə vurğuladığı kimi, Yazıçılar Birliyi ədəbi-ictimai fikrin əsas inkişaf mərkəzlərindən biridir. Buraya daxil olan kimi müqəddəs məkan ab-havasına düşürsən. Portretlərdən boylanan dahi Nizami, Nəsimi, Vaqif, Sabir, Əhməd Cavad, Müşfiq sanki bunu adama təlqin edirlər. Birliyin otaqlarında kimlər oturmayıb?.. Məmmədkazım Ələkbərli, Seyfulla Şamilov, Rəsul Rza, Süleyman Rəhimov, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı, hazırda Anar... Bu gün isə burada bizim nəsil – qələm dostlarımız Çingiz Abdullayev, Rəşad Məcid, İlqar Fəhmi, Səlim Babullaoğlu və başqaları rəhbər heyətdə təmsil olunurlar. Hər bir yazar üçün doğma məkandır AYB.

Elə dəhliz divarlarındakı portretlər – “Xalq şairləri”, “Xalq yazıçıları”, “Nakam taleli yazarlarımız”, “Şəhid şairlərimiz”, “Alimlər, tənqidçilər” guşələri 90 yaşlı şeir-sənət məbədinin tarixini pıçıldayır... Oradan keçib unudulmaz tarixi toplantıların ünvanı olan Natəvan klubuna daxil olduq. Təqdimat mərasimini AYB-nin 1-ci katibi Çingiz Abdullayev açaraq, bütün qələmdaşlarını yubiley münasibətilə təbrik etdi, 90 illiyə əsl töhfə olan kitabın çapını dəyərləndirərək, müəllif və tərtibçilərə təşəkkürünü bildirdi.

Filologiya elmləri doktoru, professor Asif Rüstəmli AYB-nin tarixindən, onilliklərlə ziyalı ocağı olmasından danışdı, kitab haqqında özəl mülahizələrini bölüşdü. Azərbaycan Yazıçıları Həmkarlar İttifaqının sədri, şair Firuzə Məmmədli təbriklərini çatdırdı və birliyin fəaliyyətində fərqlənən əməkdaşları mükafatlandırdı. AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologoya elmləri doktoru Vaqif Yusifli birlikdə ilk üzvlük sevincindən, hazırda üzvlərinin sayı 3 mini ötən yaradıcılıq təşkilatının mənəvi tərbiyədə rolundan bəhs etdi. “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə mədəniyyət tariximizə diqqətin vacibliyini qeyd etdi, AYB-nin və dəyərli söz sənəti tribunası olan “Azərbaycan”ın 1 əsrlik xidmətlərini önə çəkdi.

Yeni kitabın işıq üzü görməsində fədakarlığı ilə seçilən filologiya üzrə elmlər doktoru Salatın Əhmədli, filologiya elmləri doktoru, professor Təyyar Salamoğlu və başqaları da yubiley və kitabla bağlı ürək sözlərini söylədilər. 

Kitabın tərtibçisi – şair, ədəbiyyatşünas, publisist Gülxani Pənah yubileyə töhfə kimi hazırladığı toplunun mündəricatı və ayrı-ayrı bölümləri barədə məlumat verdi və söylənən xoş sözlərə görə minnətdarlığını bildirdi. Sonda məclisin iştirakçılarına yeni kitabın nüsxələri hədiyyə edildi. 

Yubiley silsiləsindən ilk tədbir hər kəsdə gözəl təəssürat yaratdı.  

Ə.ƏLİYEV 
XQ

 



Mədəniyyət