Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlər həyata keçirilib. Unudulmaz dahi şəxsiyyətin mənalı həyat yolundan, zəngin və çoxşaxəli irsindən bəhs edən “Azərbaycana fəda edilmiş şərəfli ömür” adlı geniş videomaterial bu sıradandır.
Kitabxanadan “XQ”yə bildirilib ki, videomaterial ulu öndərin 1969–1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü tarixi əhəmiyyətli işlər haqqında geniş məlumatla başlanır. Materialda Heydər Əliyevin uzaqgörən siyasəti ilə milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımızın öz təbii sərvətlərinin tam sahibinə çevrilməsi, qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resursları əldə etməsi, Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması, təhsil, iqtisadiyyat, səhiyyə, mədəniyyət kimi sahələrdə köklü islahatların həyata keçirilməsi, demokratik, müstəqil, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması, ölkəmizin beynəlxalq siyasi müstəvidə tanıdılması istiqamətində olan uğurlu fəaliyyəti haqqında məlumatlar öz əksini tapır. Burada Ulu öndərin müsahibələrindən fraqmentlər də təqdim edilib.
Materialda bu il 20 illiyini qeyd edən Heydər Əliyev Fondunun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barəsində geniş bilgilər verilib. Bundan əlavə, 2023-cü ildə kitabxanada Ulu öndərin 100 illiyi ilə əlaqədar həyata keçirilmiş “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi çərçivəsində Ümummilli liderə həsr edilən elektron məlumat bazasına əlavələr edilməklə yeni bölmələr artırılıb. Mətnlər bir neçə dildə səsləndirilib. “Kitablar”, “Dövrü mətbuat nümunələri”, “İzomateriallar”, “Elektron resurslar” kimi bölmələrin materialları yeni təsvirlər və məlumatlarla daha da dolğunlaşdırılıb.
Silsilə materiallarla onlayn formatda kitabxananın rəsmi veb saytı vasitəsilə tanış olmaq mümkündür.
XQ