Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birgə görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatını keçirib.
Tədbiri universitetin Özbək dili və ədəbiyyatı fakültəsinin dekanı, dosent Firuza Barxanova açaraq “Qılınc və qələm” romanının özbək dilində tərcüməsi və nəşrinin ədəbiyyatşünaslıq üçün böyük bir hadisə olduğunu qeyd edib. F.Barxanova tələbələrin Azərbaycan ədəbiyyatının, xüsusən də Azərbaycan klassiklərinin əsərlərinə böyük maraq göstərdiklərini vurğulayaraq “Qılınc və qələm” romanının özbək dilində nəşrinin müəllim və tələbələr üçün dəyərli əyani vəsait olacağını qeyd edib.
AMM-nin əməkdaşı Kərimulla Məmmədzadə iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən söz açaraq Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan yazıçılarının müxtəlif mövzularda əsərlərinin tərcümə və çapının həyata keçirildiyini qeyd edib.
Universitetin professoru Qurdoş Qahramanov zəngin tarixi keçmişə malik olan Azərbaycan ədəbiyyatının özbək ədəbiyyatşünaslığında öyrənilməsi sahəsində aparılan işlərdən danışıb, gənc ədəbiyyatşünasların bu sahəyə xüsusi diqqət yetirmələrinin vacibliyini qeyd edib. “Qılınc və qələm” romanının böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında ən dəyərli bədii mənbə olduğunu vurğulayan Q.Qahramanov əsərin özbək oxucular tərəfindən böyük maraqla qarşılandığını deyib.
Universitetin dosenti Davron Qodirov klassik Azərbaycan ədəbiyyatının hər iki ölkənin mədəniyyətində, musiqisində xüsusi yerə malik olduğunu söyləyib, “Qılınc və qələm” romanının Azərbaycanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi baxımından çox dəyərli bir mənbə olduğunu qeyd edib.
Dosent Mahbuba Orozbayeva “Qılınc və qələm” romanı və əsərin müəllifi haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Universitetin tələbələri Azərbaycan klassiklərinə aid poeziya nümunələrini səsləndiriblər.
“Qılınc və qələm” romanının Özbəkistanın kitabxanalarına, ali təhsil ocaqlarına əvəzsiz olaraq verilməsi nəzərdə tutulub.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd