Cari ilin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında təkbətək görüş olub. Görüş Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyinə təsadüf etdiyindən Vladimir Putin Ümummilli Lider Heydər Əliyevin vaxtilə “Ümumittifaq tikintisi” adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak etdiyini və onun reallaşdırılmasına öz töhfəsini verdiyini qeyd edib. Ümummilli Lider sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi. Qeyd edək ki, BAM-ın tikintisində minlərlə Azərbaycan vətəndaşı iştirak edib.
O da faktdır ki, artıq bir neçə ildir ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşma ən yüksək səviyyədədir. Müxtəlif tarixi məqamlar ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır. Hər iki ölkə gələcəyə nikbin nəzərlərlə baxır. 2022-ci ilin fevral ayında Kremldə imzalanmış strateji müttəfiqlik haqqında saziş bu gün də lazımi effektivliklə işləyir və tərəflər onun hər bir müddəasına riayət edirlər. Bu sənəd həm Rusiya, həm də Azərbaycan üçün olduqca həssas bir dönəmdə imzalanıb. Belə ki, sonrakı illər göstərdi ki, bu saziş beynəlxalq arenada, əsası da Avropada təklənən Rusiya üçün nə qədər əhəmiyyətlidirsə, Qarabağ üzərində öz suveren hüquqlarını bərpa etdiyinə görə bəzi Avropa ölkələrinin haqsız basqısına məruz qalan Azərbaycan üçün də çox əhəmiyyətlidir.
Bu gün Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma, bir-birini dəstəkləmə və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Ölkələr təkcə böyük nəqliyyat layihələri həyata keçirmir, həm də hər iki ölkə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. Rusiya üçün cənub istiqamətində strateji nəqliyyat dəhlizlərindən biri Azərbaycan ərazisindən keçir və Rusiya ilə İran arasında əlaqə yaradır. Bu, yük tranziti baxımından hər 3 dövlətə faydalıdır.
Dövlətlər arasında nə qədər çoxtərəfli sazişlər, müqavilələr, kommunikelər imzalansa da, ölkə rəhbərləri arasında soyuqluq varsa, o zaman həmin sənədlər kağız üzərində qalacaq, işləməyəcək. Hələ Ulu Öndər Heydər Əliyevlə Rusiya lideri Vladimir Putin arasında təməli qoyulan dostluq və əməkdaşlıq hazırda Prezident İlham Əliyevlə Putin arasında rəvan şəkildə davam edir. Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur.
Ölkələr arasında münasibətlərin şanlı səhifəsi 2020-ci ilin ikinci yarısından bu günə qədər davam edir. Rusiya Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 10 noyabr (2020) müqaviləsinin imzalanmasında xüsusi rol oynayıb. Hazırda əsas məsələ hər iki ölkə üçün ağır və ağrılı keçən dönəmi arxada qoymaqdır. Rusiyanın qanlı-qadalı müharibəni bitirməsindən və Azərbaycanın Ermənistanla yekun sülh sazişi imzalamasından sonra iki dövlət arasında hərtərfli münasibətlər yeni bir mərhələyə adlayacaq.
Hazırda isə Rusiyanın az qala 200 ildən sonra anladığı və əmin olduğu bir reallıq var ki, Azərbaycan dar günlərdə güvəniləsi dostdur. Azərbaycan kimi etibarlı tərəfdaşlarla yaxın olmaq lazımdır. Bu gün Azərbaycan-Rusiya əlaqələrinin tarixində daha bir səhifə yazılır.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini