…1964-cü ilin 8 mart günü idi. “Lalə” qızlar ansamblı ilk dəfə çıxış elədi və musiqisevərlərin ürəklərində özünə yuva qurdu. Əvvəl radioda təqdim edilən ansambl 2 il sonra, martın 8-də ilk dəfə bayram konserti ilə televiziyaya çıxdı. O zaman ansamblın məhz 8 martda anadan olmuş yaradıcısı, tarzən Cehran xanımın cəmi 30 yaşı vardı. İndi isə onun 90, əsl mənada analıq etdiyi məşhur ansamblının 60 yaşı tamam olur.
Xalq artistinin rəhbərliyi ilə “Lalə” bütün Şərq aləmində qadınlardan ibarət ilk xalq çalğı alətləri ansamblıdır. İlk mahnısı “Xızı dağları” olan ansamblın səsi-sorağı dağları aşıb keçib. Yurdumuzu qarış-qarış gəzərək könülləri oxşayıb və keçmiş ittifaqın əksər respublikalarında, həmçinin Çexoslovakiya, Rumuniya və Türkiyədə yaddaqalan konsertlər verib. Qarabağ müharibəsi zamanı cəbhə zonalarında – Tərtər, Ağdam və Füzulidə əsgərlər qarşısında çıxış edən “Lalə” onları qəhrəmanlıqlara ruhlandırıb.
Ansamblın solistlərinin çoxu fəxri adlara layiq görülüb. Raziyə Şirinova, Təranə Vəlizadə, Nəzakət Məmmədova, Mahrux Muradova, Nisə Qasımova, Ruhəngiz Allahverdiyeva, Kəmalə Rəhimli, Firuzə İbadova, Zöhrə Abdullayeva, Rəhilə Bəndəliyeva, Yaqut Abdullayeva, Sahibə Əhmədova və başqaları böyük sənətə məhz “Lalə”dən pərvazlanıblar. Qarmonçalan Leyla Şıxıyeva, tarzən Təcrübə Sultanova, kamança ustası Almaz xanım hər zaman tamaşaçı alqışı qazanıblar. İlk vaxtlar nağara ifaçısı oğlan olub, sonra o da Esmira Cəfərzadə ilə əvəzlənib. Ansambl öncə teleradionun, sonra filarmoniyanın və Dövlət Konsert Birliyinin nəzdində fəaliyyət göstərib.
Müsahibələrinin birində Ceyran Haşımova qızlarla işləməyin çətinlikləri barədə deyib: “Bu qədər qızın nazına, şıltaqlığına dözmüşəm. Onları pis təsirlərdən qorumuşam. Qızların dalınca düşənlər, onlara qiymətli hədiyyələr göndərənlər, hətta qastroldan-qastrola arxamızca sürünənlər olurdu. Mən qızları belə şeylərdən qorumuşam. Doğrudur, onlardan bəziləri nadan çıxırdı, toya getməyə, var-dövlətə görə ansamblı atırdı. Çünki mən onları toya buraxmırdım. Amma hanı onlar? Kim ki, axıracan aylıq maaşa və ya qastrollarda aldığımız qonorara dözdü, bu gün adlı-sanlı müğənniyə, musiqiçiyə çevrildi. Özüm 16 il kirayələrdə yaşamışam, əvəzində qazandığımı ansambla xərcləmişəm. Zarafat deyil, bu qədər qızın geyimi, bəzək-düzəyi, xərcliyi mənə baxırdı. Amma öhdəsindən sevə-sevə gəlirdim”
Onun ilk tar müəllimi atası Əsəd Cəfərov olub. Hüseynqulu Sarabskidən dərs almış Əsəd kişi bir çox rayon teatrlarında aktyor, rejissor kimi fəaliyyət göstərib, tarda və qarmonda gözəl ifalar edərmiş. Ömür gün yoldaşı Zübeydəni (Ceyran xanımın anası) gözəl səsi olduğuna görə özünə tərəf-müqabili seçmişdi, o da teatrlarda aktrisa kimi çalışmışdı.
Ceyran xanımın həyat yoldaşı mərhum Mirhaşım Haşımov da musiqiçi idi. Birlikdə Asəf Zeynallı adına Musiqi Kollecində işləyiblər, Mirhaşım müəllim skripkadan dərs deyib. “Lalə” yarananda iş-gücünü atıb, ömür-gün dostuna dəstək olub. Ceyran xanıma aid olan bir ilk də budur ki, o, 2006-cı ildə Xalq artisti fəxri adına layiq görülüb, oğlu – “Rast” qrupunun bədii rəhbəri, bəstəkar və aranjımançı Rəşad Haşımov da həmin gün “Əməkdar artıst” adı ilə təltif olunub. Musiqiçilər arasında ana-balanın eyni gündə fəxri ad alması görünməmiş hadisədir.
Onu da xatırlayırıq ki, Prezidentin fərdi təqaüdçüsü olan Ceyran Haşımovanın əvvəlki yubileylərindən biri elə “Lalə” qızlar ansambılının ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başlanmışdı. Bəlkə də, bu, yubilyarın kişi qeyrətli bir qadın olduğuna işarə idi. Hamı onu sidq-ürəklə təbrik etdi, musiqi ərməğanları isə mərasimə ayrıca rəng qatdı.
Hazırda Ceyran xanım evində tək yaşasa da, oğlu Rəşadın, gəlini və nəvələrinin onu darıxmağa qoymadıqlarını bildirdi. İlk qız nəvəsinin də adını Lalə qoyub. İndi Lalənin də övladı var və Ceyran xanım nəticə fərəhini də yaşayıb.
Əli NƏCƏFXANLI
XQ