Fransa humanizmlə döyüşür

post-img

Dümanın vətəni ermənilərin heyfini Qarabağ xanının qızının heykəlindən çıxır

Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı vandallıq Qərbdə radikallaşmanın və islamofobiyanın utancverici təzahürüdür. Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Multikulturalizm, islam və sivilizasiyalar toqquşması nəzəriyyəsi: islamofobiyanın yenidən düşünülməsi” adlı plenar iclasında çıxışı zamanı bu barədə danışaraq deyib ki, islamofobiya fenomenində Qərb dünyasında müsəlmanların qlobal dəyərlərə qarşı çıxan tərəf kimi göstərilməsi yanlışdır. Heykələ qarşı sərgilənən münasibət bunun tam əksini göstərir. 

Bəlkə də, dünyada Xurşidbanu Natə­van kimi, 2-ci başqa bir görkəmli şair yox­dur ki, abidələrinə qarşı vandallıq aktları törədilsin. Əvvəlcə ötən əsrin sonunda işğal olunmuş Şuşada Üzeyir Hacıbəyli və Bülbüllə bərabər, Xan qızının da hey­kəlini erməni təcavüzkarlar güllələmiş­dilər. Vətən müharibəsində tarixi qələ­bəmizdən sonra həmin heykəllər bərpa olunmuş şəkildə özlərinin əzəli yerlərinə qaytarılandan, Ağdamda Natəvanın da­ğıdılmış qəbirüstü abidəsi bərpa edilən­dən çox keçməmiş isə dünya mədəniy­yətinin mərkəzi sayılan (?!) Fransada da onun abidəsi “erməni dəst-xətli” təcavüzə məruz qalıb.

Erməni fitvası ilə heykəlinə qarşı “müharibə” elan edilmiş şair və rəssam Natəvan öz zəmanəsinin görkəmli şəx­siyyətlərindən olub, təkcə Azərbaycan­da deyil, bütün Qafqazda mesenatlığı ilə tanınıb. O, Qarabağda təşkil etdiyi “Məc­lisi üns”ü 25 il yaşadıb, Şuşaya su çək­dirərək “Xan qızı bulağı” yaradıb. Araz çayından Mil düzünə su kəməri çəkilmə­sinin təşəbbüskarı olub. Böyük fransız yazıçı Aleksandr Düma onun kamalını və xeyriyyəçiliyini yüksək dəyərləndirib. Yazıb ki, Xan qızı Natəvan Bakının Şıx kəndindən Bibiheybət məscidinə daş yolu çəkdirib.

Mədəni irsə ehtiram göstərmək özü bir mədəniyyətdir. Heydər Əliyev Fondu­nun dəstəyi ilə hələ 2016-cı ildə Belçika Krallığının Vaterlo şəhərində Natəvanın abidəsinin açılışı olub. Abidənin posta­mentində “Şərqin müasir maarifçi və şair qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb. Bundan bir il sonra, 2017-ci ildə Fransa­nın Evian-le Bən şəhərində də Natəvana abidə qoyulub. Leman gölü sahilində ya­radılan “Azərbaycan parkı”nın rəsmi açı­lış mərasimi çərçivəsində heykəlin örtüyü götürülüb. Evian-le Bənin ovaxtkı meri Mark Fransina Azərbaycanın görkəm­li qadın şairinin heykəlinin açılışından şərəf duyduqlarını vurğulayaraq deyib ki, bu, iki şəhər arasında mədəni əlaqələrin, qarşılıqlı dostluğun möhkəmlənməsinə xidmət edəcək, şəhər meriyası ikitərəfli dostluğun rəmzi olan bu parkın həmişə belə gözəl olmasını daim diqqətdə sax­layacaq. 

Şəhər merinin mədəniyyət işləri üzrə sabiq müavini Alən Giro isə xalqlarara­sı münasibətlərdə mədəni mübadilənin böyük rolu olduğunu bildirmişdi: “Bunun sayəsində insanlar bir-birini yaxşı tanıyır. Bu da onlara tarixlərini də yaxşı tanıma­ğa imkan yaradır. Dostluq da insanlar arasında mübadilədir. Hazırkı mürəkkəb dünyada bizi dostluq xilas edəcək”. 

Nə oldu bəs? Pişikmi asqırdı? Mə­dəniyyəti kimlərinsə siyasi ambisiyaları ayaqlar altına necə saldı? Bəli, məsələ də elə bundadır ki, abidəyə qarşı rəzil münasibətin təməlində siyasət dayanır. Fransa öz üzərinə heç bir təhdidlə üz­ləşməyən Ermənistanın müdafiəsi üzrə öhdəlik götürüb və açıq şəkildə Azərbay­cana qarşı çıxış edir. Özü də hər yanda – Cənubi Qafqazda, Avropada, beynəlxalq təşkilatlarda və təbii ki, öz ərazisində.

Hələ ötən ilin sonunda Evian-le Bən şəhərinin meriyası mədəniyyətə düş­mən münasibətli belə bir qərar qəbul et­mişdi ki, oradakı “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazılar yığışdırı­lacaq. Guya dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün löv­hələrin rəsmən götürülməsini tələb edib­lər və “başbilənlər” də parkla bağlı bütün istinadları tələm-tələsik siliblər. 

Bu ilin yanvar ayında Fransanın Pa­ris şəhərində fəaliyyət göstərən “Azər­baycan evi” ölkənin Evian-le Bən şəhər bələdiyyə şurasının “Azərbaycan bağı” ilə əlaqədar qərarı və Azərbaycan şairəsi Xurşidbanu Natəvanın parkda yerləşən abidəsi ətrafında yaranmış təhlükə sə­bəbindən müraciətlə çıxış etmişdi. O, başının üstünü qara buludlar alan par­kın və heykəlin mövcud durumundan dərin narahatlıq bildirmiş və bunun mə­dəni müxtəlifliyə hörmət prinsipləri ilə tamamilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırmışdı. Fransadakı səfirliyimiz isə məktubla müraciət etdiyi bu ölkə haki­miyyətinin müvafiq qurumlarını qarşılıqlı anlaşmaya töhfə verən mədəni rəmzlərin qorunmasının vacibliyini dərk edərək, lazımınca dəyərləndirməyə çağırmışdı. Həm də abidənin Azərbaycan səfirliyinin Parisdəki Mədəniyyət mərkəzinin ərazi­sinə köçürülməsinin istənildiyi qeyd olun­muşdu. 

Təəssüf ki, Paris meriyası cavabı iki aya qədər yubatdı, Fransa XİN-ə göndə­rilən nota da cavabsız qaldı. Vandalizmə məruz qalan abidə, nəhayət, bir neçə gün əvvəl Parisə köçürüldü. Onu Mədə­niyyət Mərkəzinin bağında quraşdırmaq nəzərdə tutulurdu. Amma fransızlıarın bi­abırçı əməlləri ört-basdır edilibmiş: örtük götürüləndən sonra məlum oldu ki, van­dallar heykəlin üzünə və üzərindəki ya­zılara qan-qırmızı boya çəkiblər, burnunu və barmaqlarını qırıb töküblər. 

Əsl rüsvayçılıqdır. Dünyanın mədəni mərkəzi adı ilə bir araya sığmayan bar­bar münasibətidir. 30 illik işğal dövründə Şuşada mədəni abidələrə qarşı törə­dilənlərə, Ağdamda daş üstə daşın sax­lanmayaraq bu qədim şəhərin “Qafqazın Xirosiması”na çevrilməsinə, Avropada ən böyük, dünyada isə Kanadadan son­ra 2-ci yeri tutan Zəngilanın tarixi çinar meşəsinin məhvinə göz yuman fransızlar və UNESCO son zamanlar kəskin şəkil­də güclənən antiazərbaycan siyasəti zə­minində qondarma erməni dini abidələri üçün süni vay-şivən qoparmaqdan utan­mırlarmı? 

Onu da deyək ki, Fransada yürüdülən mədəni şovinizm, ksenofobiya, qərəz və digər mədəniyyətlərə qarşı dözümsüzlük siyasəti elə bəzi vicdanlı fransızlar tərə­findən də pislənib. Onlar ədəbiyyatın və incəsənətin çirkin siyasi oyunbazlığa alət edilməsini kəskin şəkildə pisləyib­lər. Məsələn, Evian-le Bən şəhər merinin müavini Jan-Pyer Amadio Xurşidbanu Natəvana ehtiramını bildirərək abidənin müdafiəsinə qalxaraq deyib: “O, azad qadın kimi tanınır və Eviandakı abidədə örtüksüz təsvir edilib. Əlbəttə, biz erməni xalqını dəstəkləyirik, lakin mədəniyyət və incəsənət xalqları və ölkələri birləşdirən ən etibarlı körpüdür. Hər şeyi aradan qal­dırıb bu körpüləri dağıtmalıyıq?”.

Fransanın “La Gazette du Caucase” onlayn qəzetinin baş redaktoru, məşhur jurnalist Jan-Mişel Brun özünün “X” so­sial şəbəkəsində Azərbaycanın məşhur şairəsi Xurşidbanu Natəvanın heykəlinin aşağılanması xəbərinə münasibət bil­dirərkən vurğulayıb: “Aleksandr Düma­nın heyran olduğu Natəvanın abidəsinin sökülməsi biabırçılıqdır”. Xatırladaq ki, 165 il əvvəl Qafqaza səfəri zamanı Ata Düma Xan qızı ilə görüşmüş, şahmatda ona uduzmuş, ona məftunluğunu tarixə həkk etmişdir.

Yaddan çıxmaz ki, 2020-ci il Vətən müharibəsi dövründə Azərbaycan ermə­nipərəst Fransa tərəfindən davamlı şə­kildə iftiralarla üzləşdi. Bu gün də bütün beynəlxalq platformalarda Fransa haki­miyyəti Azərbaycana qarşı hücuma ke­çib. Oradakı səfirliyimizə basqı da olub. Biz yaxşı başa düşürük ki, bu, işğalçı Ermənistan üzərində qazandığımız ta­rixi Zəfərin həzm edilməməsidir. Yelisey Sarayının bənzər yelləri davamlı şəkildə əsməkdədir. 

Görünən budur ki, Cənubi Qafqazda planları baş tutmayan Fransa hakimiyyəti siyasi hikkəsini Azərbaycan ünvanlı hey­kəldən çıxmaqla, hansı səviyyəyə endi­yinin fərqində deyil. Bu, Fransanın siyasi tarixinə qara ləkə kimi düşəcək.

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət