İstanbul – Türk dünyasının döyünən qəlbi

post-img

Qardaşlaşmış şəhərlər beynəlxalq hərəkatı hələ İkinci Dünya müharibəsi illərində meydana gəlmişdir. İlk dəfə 1942-ci ildə İngiltərənin Koventri və SSRİ-nin Stalinqrad şəhərləri qərara gəliblər ki, vətəndaşların sülh və əmin-amanlıq naminə dostluq münasibətləri qursunlar.

Bakı 1978-ci ildən etibarən Ümum­dünya Qardaşlaşmış Şəhərlər Feda­rasiyasının üzvüdür. Ondan əvvəl isə Bakı Afrika dövləti Seneqalın paytaxtı Dakarla qardaşlaşmışdı. 1970-c ildə imzalanan həmin sənəd bu gün də qüvvədədir. Belə ki, paytaxtımızın “Neft­çilər” metrostansiyasının yaxınlığındakı “Dakar meydanı” xalqımızın dostluqda sədaqətli olduğunun göstəricisidir. 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Bakının dünya şəhərləri ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoydu. Bakı Rusiyanın Moskva və Sankt-Peterburq, Ukraynanın Kiyev, Səudiyyə Ərəbistanının Ciddə, İranın Təbriz, Fransanın Bordo, Cənubi Afrika Respublikasının Pretoriya, Almaniyanın Maynts, ABŞ-ın Honolulu və Vaşinqton, Türkiyənin İstanbul və İzmir şəhərləri ilə qardaşlaşıb.

Bu sətirlər isə məhz İstanbul haqqın­dadır. O İstanbul ki, min illər boyu dün­yanın güclü dövlətləri və fatehlik id­diasında olan sərkərdələri bu şəhərə sahiblik etmək üçün çoxsaylı mühari­bələr aparmış, sayı bilinməyəcək qədər qanlar tökmüşlər. Təsadüfi deyil ki, hələ orta əsrlərdə belə bir deyim yaranmış­dı: “İstanbul kimin əlindədirsə, o, bütün dünyaya nəzarət edir”. Bu gün Avropa və Asiyanı birləşdirən İstanbul artıq pay­taxt olmasa da, planetimizin ən mühüm siyasi, iqtisadi, ticarət mərkəzlərindən biridir. 

... Təkcə türk dünyasının deyil, həm də bütövlükdə Avrasiyanın ən gur, qay­nar və cazibəli şəhərlərindən olan bu möhtəşəm meqapolis haqqında söz açanda iki məqamı daha tez xatırla­yıram. Birincisi mərhum həmkarımız Məmməd Nazimoğlunun məhz elə onun özünə xas çoxmərtəbəli mənalarla işlət­diyi ifadələrdir: “İstanbulda olanlar bilir­lər ki, Avropa ilə Asiyanın heç bir fərqi yoxdur. Körpünün bu tayındakılarla o biri tayındakıların dili də, dini də, məişəti də, mədəniyyəti də, təfəkkürü də eyni­dir”. 

İkincisi isə bilavasitə özümlə bağ­lıdır. Jurnalist kimi 30-35 dəfə xarici səfərlərdə olsam da, hansısa elmi təd­birdə məruzəçilərdən biri kimi iştirak etdiyim ilk və yeganə tədbir məhz İstan­bulda olmuşdur. Belə ki, 2012-ci ilin iyu­nunda müasir Türkiyənin görkəmli divan şairlərindən birinin, təsəvvüf ədəbiyya­tının görkəmli təmsilçisi Osman Hülusi Darəndəvinin (1914–1990) yaradıcılığı­na həsr olunmuş beynəlxalq simpozi­umda məruzəçilərdən biri də mən idim. 

...Orta məktəbdə oxuduğumuz illər­də bəzi müəllimlər bizə siyasətdənkə­nar söhbətlər edir, səslərini azaldaraq, qorxa-qorxa Azərbaycanın türk dövləti, Türkiyənin bizə qardaş ölkə olduğunu söyləyirdilər. İstanbula hər səfərim za­manı həmin müəllimlərə minqat rəhmət oxumuşam. 

İstanbul tarix boyunca 3 böyük im­periyanın paytaxtı kimi zamanın çox üzünü görmüşdür. Bu şəhər başdan-ba­şa fərqli mədəniyyət abidələri ilə zəngin olan muzeyi xatırladır. Hər küçəsindən, dalanından tarixin səsi gələn İstanbulda addımlamağın özü də keçmişə səyahət etmək kimi maraqlı və həyəcanlı təəs­sürat yaradır. 

Xatırladaq ki, İstanbul Avropa Birliyi Mədəniyyət Nazirləri Şurasının qərarı ilə 2010-cu ildə “Avropanın mədəniyyət paytaxtı” seçilmişdi. Bu şəhərin tarixi abidələrinin çoxu UNESCO-nun “Dün­ya İrsi” siyahısına daxil edilib. Şəhərdə ən böyük tarixi abidələr Sultan Əhməd meydanındadır. Roma, Bizans və Os­manlı imperatorluqlarının izlərini özün­də yaşadan meydanda məşhur Sultan Əhməd camesi, Topqapı sarayı və Aya­sofya məbədi yerləşir.

Xüsusilə qeyd edilməli daha bir məqam. İstanbul Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə sürətlə inkişaf edən Türkiyənin tərəqqi nümunəsi kimi qəbul edilir. Dünyanın güclü dövlətlərini təmsil edən siyasət­çilərin burada görüşüb müzakirələr aparması İstanbulu dünyanın ən nüfuz­lu siyasi mərkəzlərindən birinə çevirir. 

İttifaq MİRZƏBƏYLİ

Sosial həyat