Qazi rəssamın qələbə soraqlı rənglər aləmi

post-img

İstedadlı rəssam, Qarabağ müharibəsinin iştirakçısı İntiqam Ağayev 1966-cı ildə Sumqayıtda anadan olub. 1989-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib, 2012-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sumqayıt, Bakı, Naxçıvan, Tbilisi, Moskva, Ankara və Samsunda mötəbər sərgilərdə uğurla iştirak edib. 

Hələ 2011-ci ildə, İntiqam Ağayevi tanımadığım vaxtlarda Sumqayıt Dövlət Rəsm Qalereyasında nümayiş etdirilən fərdi sərgisinin şahidi olmuşdum. Orada rəssamın “Ümid var” adlı rəsmi çoxları kimi, mənim də diqqətimi xüsusilə çək­mişdi. Bu əsərdə əlində avtomat, qarlı təpə üstündə əyləşərək, gözlərini uzağa zilləmiş Azərbaycan döyüşçüsü təsvir edilib. Onun yanında torpağın hələ donu açılmamış qatından baş qaldıran yaşıl fi­dan təsvir edilir. Bu əsər işıqlı gələcəyə, haqqın-ədalətin təntənəsinə – Xocalının qisasının alınacağına inam rəmzi idi.

Böyük Britaniyada yaşayan uşaqlıq dostum, mühəndis-şair Rauf Qaraişıq 3 il əvvəl Vətənə gəlmişdi. Bir axşam mənə təklif etdi ki, Sumqayıtdakı bir rəssam emalatxanasına gedək. İntiqa­mı nəzərdə tuturmuş. Getdik və rəs­samla yaxından tanış oldum. Başqa bir uşaqlıq dostumun – tar müəllimi Murad Həşimovun oğlu, həkim-rəssam Rəhim də orada idi. Söhbətimiz maraqlı məcra­da keçdi. Xatirələr, təsviri sənət barədə duyğu və düşüncələr, günün reallıqları­na “müdaxilə”lər xoş təəssürat yaratdı. Ayrılanda mənə dedilər ki, Rauf burada oldu-olmadı, hər vaxt gələ bilərəm.

Onda İntiqamın döyüşçü-rəssam olduğunu bilmirdim. Sonradan internet şəbəkəsində onunla maraqlananda öy­rəndim. Sən demə, müstəqil dövlətimi­zin ordusu yarananda onun ilk əsgərlə­rindən biri kimi, Qarabağın müdafiəsinə yollanıb. Şuşa, Ağdam, Tərtər, Goran­boy, Füzuli və başqa bölgələrdə vuru­şub. 1993-cü ildə zabitlik kursu keçərək kiçik leytenant rütbəsi alıb. Tərtər rayo­nunun ərazisi uğrunda gedən döyüşlər­də başından yaralanan İntiqam sağa­landan sonra yenə də səngərə qayıdıb. Baş leytenant rütbəsi ilə ordu sıraların­dan tərxis olunub. 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Bu faktlar ona olan hörmətimi daha da artırdı.

İntiqam Ağayevin xatirələrindən: “O vaxtlar bütün vətənpərvər oğullar si­laha sarılıb vuruşmaq üçün yeni yaran­maqda olan hərbi hissələrə axışırdılar. 1992-ci il fevralın sonunda bizi Xocalı is­tiqamətinə göndərdilər. Həmin vaxt artıq dünyanı sarsıdan qətliam baş vermişdi. Erməni qəsbkarları şəhəri yerlə-yeksan etmiş, dinc sakinləri güllələmişdilər. Bizi yaralıları və meyitləri çıxarmağa cəlb etdilər. Vertolyotumuz havaya qalxanda gördüklərimdən dəhşətə gəldim. Şəhər sakinlərinin meyitləri qarlı meşələrə, dağlara səpələnmişdi. Ermənilər dinc adamlara da aman verməmişdilər. İlk cəhdimizdə iki qocanın və bələkdə olan bir körpənin meyitini çıxara bildik. Onları Ağdam rayonundakı məscidə gətirdik. Bu müqəddəs məkana çatanda gördük ki, uşaq tərpənir, sağdır. Bələkdə oldu­ğuna görə şaxta onu tam dondurub öl­dürə bilməmişdi. Bir körpə həyatını xilas etdiyimə görə sevindim. Sonra vertol­yotların uçuşu üçün təhlükə yarandığın­dan gözləməli olduq. Bir neçə gündən sonra bizi Ağdam və Ağdərənin müda­fiəsinə göndərdilər...”

O, ilk rəsmlərini divarlara və asfalta çəkib. Zaman keçdikcə bu sahəyə ma­rağı daha da artıb. Çəkdiyim şəkillər ilbəil bir-birindən yaxşı alınırdı. Arzular əlindən tutub İntiqamı rəssamlıq mək­təbinə aparıb. Sonra da I Qarabağ mü­haribəsi başlanıb. Onun savaş mövzu­sunda çəkdiyi rəsmlər daha çox diqqət çəkir. Bu, bəlkə də döyüşlərdə iştirak etdiyindən, qan-qadanı və göz yaşlarını öz gözləri ilə gördüyündən irəli gəlir. Elə yazının əvvəlində xatırladığım “Ümid var” əsəri buna görə böyük marağa sə­bəb olmuşdu. 

Yeri gəlmişkən, bu gün artıq həmin ümid tam reallaşıb. II Qarabağ müha­ribəsində hərbçilərimiz Xocalının qisa­sını alıblar. Ötən ilin sentyabrında isə Xankəndi, Xocavənd, Ağdərə ilə bəra­bər, Xocalı da separatçı ünsürlərdən tamamilə təmizlənib. Bir neçə gün əv­vəl isə Xocalının bərpaçıları orada çər­şənbə tonqalı qalayıb, xonça bəzəyib, şənlik təşkil edilib. Xocalı sakini Elşən Vəliyev oxuduğu “Qarabağ” mahnısı ilə hər kəsə fərəhlə dolu duyğular bəxş edib. Yəni çərşənbə tonqalı ötən illərin ağrı-acılarının yanıb külə dönməsinin, diriliyimizn rəmzini ifadə edib.

Rəssamın “İsti qar”, “Hücum” və sair bu kimi əsərlərinə müharibə təəssürat­ları, qələbə əzmi, intiqam kimi döyüş ovqatlı duyğular səpələnib. Ürəyindən keçənləri fırçanın dili ilə məharətlə deyə bilib. 

İntiqam Ağayev çox yerdə görüş­lərdə olub. Amma bir müddət öncə C.Naxçıvanski adına Hərbi Liseydə za­bit və kursantlarla görüşü zamanı daha çox yaddaqalan bir gün yaşayıb: “Or­dumuzun gələcək zabitləri qarşısında danışmaq, əsərlərini nümayiş etdirmək onun üçün çox qürurverici idi. Hərbi təh­silə böyük maraq göstərən kursantları görəndə ürəyim dağa döndü, gözlərimi sevinc hissləri yaşartdı. Bu tədbir mən­də xoş təəssüratlar oyatdı. Belə görüş­lər yaradıcılığıma müsbət təsir göstərir”.

Ötən ilin 8 noyabrında – Zəfər Gü­nündə Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziyası (AzTV) və Kino Agentliyinin birgə təşkilatçılığı ilə Muzey Mərkəzində “Döyüşən rəssamlar” adlı tədbir təşkil olunmuşdu. Orada rəssam qazilərə aid “Kətan, Vətən” adlı sənədli film göstəril­di. Tərlan Eyvazov, Cavidan Rəhmətov, Fərid Əhmədov və İntiqam Ağayevin müharibəyə insani və yarıdıcı yanaşma­larının əks etdirildiyi film boyunca danı­şılan kövrək xatirələrin, işlənən rənglə­rin müşayiəti ilə 6 metrlik kətan üzərində çəkilən “Zəfərə gedən yol” adlı rəsm əsəri yaranaraq, gözlər önündə canlan­dı. Eyni zamanda sərgidə İntiqamın 18 əsəri təqdim olunub. Onların sırasında Aprel döyüşlərinə, Milli Qəhrəman Mü­bariz İbrahimova həsr olunan tablolar da var. “Barıt qoxulu” rəsmlər gənclərə vətənpərvərlik ruhunun aşılanmasında, gələcək nəsillərə bu ideologiyanın ötü­rülməsində böyük rol oynadı. Özü de­mişkən, dava mövzusunun qapıları fır­çanı özü üçün silah sayan rəssam üçün hər zaman, beləcə, açıqdır.

Bu yazıda qazi rəssam İntiqam Ağa­yevin ən çox batal janrda – müharibə, döyüş səhnələri əks olunan əsərlərin­dən danışdıq. Çünki bu rəsmlər belə savaşı yox, qələbəni sevməyi təlqin edir. İnanırıq ki, qazandığımız Böyük Zəfərdən sonra onun daha çox qurucu­luq, gözəllik mövzulu rəsmləri ilə tanış olacağıq. 

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət