Sözlə qazanılan nüfuz və qədir-qiymət

post-img

Tanınmış şair-publisist, media qurucusu, Azərbaycan Jurnalistlərinin Həmrəyliyi İctimai Birliyi Komitəsinin sədri Mədət Əyyuboğlu Məmmədovun anadan olmasının 65 illik yubileyi münasibətilə dünən Azərbaycan Mətbuat Şurasında keçirilən mərasim xalqına və dövlətinə sözlə xidmətdə qazanılmış nüfuz və qədir-qiymətin layiqli ifadəsi oldu.

Şuranın Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə keçirilən toplantını giriş sözü ilə açan Jurnalistlərin Həmkarlar İt­tifaqının sədri, MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Mədət Məmmədovun yubileyini ölkənin media ictimaiyyətinin əlamətdar hadisə kimi qeyd etdiyini vur­ğuladı və şuranın yubiley diplomunu ona təqdim etdi.

Mərasimin aparıcısı Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu Mədət Məmmədovun zəngin və mənalı həyat yolu barədə məlumat verərək bildirdi ki, 1959-cu ilin martında Ağdam rayonunun Güllücə kəndində anadan olmuş Mədət Məmmədov BDU jurnalistika fakültəsinin tanınmış məzunlarındandır. O, “Azər­baycan” qəzet-jurnal nəşriyyatında mət­buatyayımı üzrə baş müfəttiş, “Dirçəliş” ictimai-siyasi jurnalında məsul katib müa­vini, “Kənd həyatı” jurnalında baş redak­tor müavini, “Doğru yol” qəzetinin baş redaktoru kimi yüksəliş yolu keçdikdən sonra müstəqillik illərində Mətbuat və İn­formasiya Nazirliyində şöbə müdiri və KİV baş idarəsinin rəisi kimi məsul vəzifələrə irəli çəkilib. 

Sonrakı illərdə Ombudsman Aparatın­da idarə rəisinin müavini və Azərbaycan Dövlət İnformasiya Agentliyində redak­tor vəzifələrində çalışıb. 2003-cü ildən “Jurnalistlər Həmrəyliyi Komitəsi” İctimai Birliyinə rəhbərlik edən həmkarımız ölkə­mizdə jurnalist peşəkarlığının artırılması­na, dördüncü hakimiyyətin cəmiyyətdə öz funksiyasını yüksək səviyyədə gerçəkləş­dirməsinə öz layiqli xidmətini davam etdi­rib. “Qızıl qələm”, “Həsən bəy Zərdabi” və digər media mükafatlarına layiq görülən Mədəd Məmmədov bunları peşəkarlığı­na, məhsuldar yaradıcılığına və yüksək ictimai-siyasi mövqeyinə görə qazanıb. 

Yubilyarın yaradıcılıq yolu barədə söz açan şair-publisist, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli qeyd etdi ki, Mə­dət müəllim 65 yaşa təcrübəli jurnalist, istedadlı şair-publisist kimi çatıb.

Sonra MŞ İdarə Heyətinin üzvü Ya­digar Məmmədli, “Novoye vremya” qə­zetinin baş redaktoru Şakir Ağayev, İƏT Ölkələri Jurnalistlər Assosiasiyasının prezidenti Fazil Güney, Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqı­zı, əməkdar jurnalist Rəhim Hüseynza­də, Qaçqkomun əməkdaşı Elşən Əliyev, tədqiqatçı jurnalist Loğman Rəşidzadə, veteran jurnalist Xalidə Bağırlı, AMEA-nın əməkdaşları Elçin Mehrəliyev və Yaqut Əşrəfova, “Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli, Respublika Şəhid Ailələri Müdafiə Cəmiyyətinin sədri Camal Əli­yev, Mədət Məmmədovun Azərbaycanın müstəqilliyinin ilk illərində azad media qu­ruculuğundakı fəal iştirakından, istedadlı şair və yetkin qələm sahibi olmasından söz açdılar, ona səmimi təbriklərini çat­dırdılar.

Sonda Mədət Məmmədov həyat yolu­na və fəaliyyətinə verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirdi.

T.RÜSTƏMLİ
XQ

Mədəniyyət