Baltik sahillərində yaşayan böyük türk

post-img

Ötən ilin avqustunda onun bir şeirini XQ-də vermişdik. Bu yaxınlarda isə Sumqayıtda şair İbrahim İlyaslının övladının toyunda özü ilə tanış olduq. Tərcümeyi-halı şair, tərcüməçi, dilçi alim, türkoloq kimi təyinlərlə zəngin olan Xaqani Qayıblı illərdir ki, Estoniyada yaşayır. Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlıdır, oradakı Türk Dili Mərkəzinə rəhbərlik edir. Özü də Estoniya prezidentinin şəxsi tərcüməçisidir.

Düz 60 il əvvəl, martın 1-də Gür­cüstanda – qədim Qaraçöp mahalının Ləmbəli kəndində dünyaya göz açmış Xaqani səkkizillik məktəbi doğma elin­də, orta ixtisas məktəbini Azərbayca­nın Qazax rayonunda fərqlənmə ilə bitirib. 1989-cu ildə M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazir­liyinin xətti ilə Estoniyaya göndərilib. Eyni müddətdə həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alıb, sonra Ankara Universitetini bitirib. 

Onun soyadı Qayıblı olsa da, təh­sil və elm sahəsində heç vaxt “qayıbı” olmayıb, daim yorulmadan çalışıb. “Es­ton və türk dillərində feil quruluşlarının müqayisəsi” adlı elmi işi ilə dünya dilçi­liyində fin-uqor və türk-tatar dilləri ara­sındakı qohumluq əlaqələrini araşdıran tək alimdir. Yazıları vaxtaşırı Azərbay­can, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında dərc olunur. Əsərləri es­ton, gürcü, rus, latış, alman dillərinə və tatar, qazax, qaqauz, Türkiyə türkcə­sinə çevrilib. Xaqani Qayıblının müxtə­lif illərdə 40-dan çox ictimai-siyasi, ta­rixi, elmi-mədəni məqaləsi, 5 kitab və 1 monoqrafiyası nəşr edilib. Bir çox beynəlxalq simpozium və konfransların məruzəçisi və iştirakçısı olub. 

İndiyədək “Sənsiz ömrün bir ili”, “Qırx yaşım, qırx sözüm”, “Yenə ca­nım söz gəzir” adlı şeir topluları, “Türkcə–estonca, estonca–türkcə turist sözlüyü” və sair kitabları onun bədii-elmi yaradıcılıq məhsullarıdır. Tərcüməçi kimi də geniş fəaliyyət göstərir. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Ka­mal Abdullanın “Kim dedi ki, Simurq quşu var imiş!”, Vaqif Səmədoğlunun “Mən burdayam, İlahi”, Tuna Kiremit­çinin “Dualar qalıcıdır”, Bəhlul Ab­dullayevin “Hal arvadı” kitablarını və Anarın “Mən, sən, o və telefon” əsəri­ni eston dilinə çevirib. 

Sadəliyi, səmimiliyi ilə ilk baxışdan diqqət çəkən soydaşımız Azərbaycanı xaricdə layiqincə təmsil edir. Estoni­ya–Azərbaycan Cəmiyyətinin sədri, Estoniya–Türkiyə Mədəni Əlaqələr Cəmiyyəti İdarə Heyətinin, Akademik Şərqşünaslar Cəmiyyətinin və Jurna­listlər Akademiyasının üzvü, Dünya Azərbaycanlıları Konqresi İdarə Heyə­tinin sədr müavinidir. Onun çoxşaxəli fəaliyyəti layiqli dəyərini alıb. 2000-ci ildə Türkiyə ilə Estoniya arasında dip­lomatik və mədəni əlaqələrin inkişafına göstərdiyi xidmətlərinə görə, Estoniya­nın fəxri vətəndaşlığını alıb, Azərbay­can Prezidentinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə isə “Tərəqqi” me­dalı ilə təltif edilib. 

İnişil Şuşada keçirilən Dünya Azər­baycanlılarının V qurultayında qürur hissi ilə iştirak edən Xaqani Qayıblı bəlkə də bu misraları həmin gün yaz­mışdı: 

Axır görüşdük, hər yerdə

İzimi tapdım Şuşada!

Qanı daşlara dağılan

Dizimi tapdım Şuşada!

Və jurnalistlər üçün ürək sözlərini belə ifadə etmişdi: “Bir neçə dəfə Dün­ya Azərbaycanlılarının qurultayında, müxtəlif tədbirlərində iştirak etmişəm. Bunların içərisində ən yadda qalanı, bəlkə də ən qürurvericisi V qurultay oldu. Həmin gün hamımızın ünva­nı saf havalı Şuşa idi. Orada Böyük Zəfərimizi qeyd edirdik. Dünya Azər­baycanlılarının qələbəsini qeyd edir­dik və möhkəm birliyimizi nümayiş et­dirirdik. Bu qurultay mənim üçün həm də ona görə əlamətdar idi ki, qurultay ərəfəsində Azərbaycan Prezidenti İl­ham Əliyev məni “Tərəqqi” medalı ilə təltif etdi. Həmin dövlət mükafa­tı mənə təqdim olunanda keçirdiyim hissləri ifadə edə bilmirəm. Bu, özəl mükafatlardandır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımızın azad etdiyi Şuşa kimi şəhərdə “Tərəqqi” medalının təq­dim olunması köksümü qabartdı. Bu etimad azərbaycanlı olaraq üzərimə daha çox məsuliyyət qoydu. Xarici ölkələrin vətəndaşı olmaq asandır, amma azərbaycanlı kimi yaşamaq çox çətindir. Davranışımız, atdığımız hər addım birbaşa mənsub olduğumuz xalqın adına yazılır”.

“Bəxtimlə düşdüyüm əlbəyaxadan, Əlimdə qürbətin yaxası qalıb”, – deyən şair Xaqani Qayıblı doğma yurdun bir çöpünü də Vətən sayır:

Ağlasam, gözümün yaşı sən oldun,

Danışsam, sözümün başı sən oldun…

Dünya bir üzüksə, qaşı sən oldun

A mənim qeyrətli elim, Qaraçöp!

Həmid Ormanlı deyir ki, Qaraçöpdə onun qonağı olanlara Xaqani Qayıb­lı həmişə köksünə sıxdığı qara sazı, dastanlarımızdan şirə çəkmiş şirin söh­bətləri, qopuzun ahəngdar səsində cilalanmış şerləri ilə unudulmaz anlar yaşadıb 

Gənc həmkarım Tural Adışirin isə onun 60 yaşına həsr etdiyi oçerkində yazır: “Xaqani Qayıblı türkün genetik kodunu, milli kimliyini ruhunda, ca­nında daşıyan, türk dünyası ilə bağlı misilsiz işlər görən azman bir türk ay­dınımızdır”. 

Ulu Xaqaninin adını layiqincə da­şıyan müasirimiz Xaqani şeirlərindən birində yazır:

Sәndәn о tәrәfә… illәr ötüşә,

Nәqаrlı qış görәm, nәgüllü bаhаr.

Sәndәn о tәrәfәеlәhәmişә,

Bilәm ki, sәn аdlı əlçatmazım vаr!

Yaxşı ki, “Həbsiyyə”nin, “Mədain xərabələri”nin müəllifi olan ulu adaş babasından fərqli olaraq, onun üçün Vətən əlçatmaz deyil. İstədiyi vaxt gə­lir, gəzir, həsrətini ovudur və qayıdan­dan sonra yenə da başımızı uca edir.

Bu yazını Xaqani Qayıblının bir ayrı şeirindən iki misralıq etirafı ilə bitirmək istəyirik:

Аkvаrium ömrü yаşаyа bilmәz

Оkеаn sеvdаlı iri bаlıqlаr...

Baltik sahillərində duyğulu bir ömür yaşayan könül adamına Xəzər sahillə­rindən salamlarla: 

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət