27 fevralda Azərbaycan Milli İncəsənət Muzeyində doğma yurdumuza baharın gəlişinə həsr olunmuş “Salam, Novruz!” adlı sərgi açılıb. Bahar bayramının ilk müjdəçisi olan Su çərşənbəsi günündə gerçəkləşən və muzeyin kolleksiyasından seçılmiş dekorativ-tətbiqi və təsviri sənət əsərlərini əhatə edən 80-ə yaxın eksponat əsasında təqdim olunan sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovadır.
Maraqlı konsepsiyaya malik sərgi məkanı Su, Od, Yel, Torpaq çərşənbələrinə, eləcə də astronomik yeni ilin başlandığı Novruz bayramına həsr olunmuş beş tematik zala bölünür. Sərginin girişində tamaşaçıları interaktiv niyyət ağacı qarşılayır. Onlar öz arzu və diləklərini yazaraq buradan asmaqla sonda onu yaşıl yarpaqlı ağaca çevirərək ekspozisiyanın tərtibatına öz töhfələrini verirlər.
Su çərşənbəsi zalında üzərində semantik mənası su ilə bağlı olan həndəsi ornamentlərin əksini tapdığı Tunc dövrünə aid keramik qablar, forma gözəlliyi və nəfis naxışları ilə seçilən dolça və səhənglər, aftafa-ləyən, su qabı, çilcam (qırxaçar) və s. kimi XIX əsrin bədii metal nümunələri nümayiş etdirilir.
Od çərşənbəsi ilə bağlı yaradılmış növbəti zalda əcdadlarımızın oda, günəşə etiqadla bağlı ideoloji görüşlərini əks etdirən qədim keramika nümunəsi, gözəl rəng həllinə malik, günəş rəmzini ifadə edən ornament və təsvirlərlə işlənilmiş XIX əsrə aid müxtəlif texnikalı zərif bədii tikmələr, dəbilqə, qalxan kimi bədii silah nümunələri və digər unikal sənət nümunələri tamaşaçıya təqdim olunur.
Yel çərşənbəsi zalında isə hava ünsürü ilə əlaqəli dekorativ sənət nümunələrindən zərif kələğayı, incə yelpiklər, nəfəs aləti-ney nümayiş etdirilir. Zala dinamiklik, bu çərşənbəyə xas ab-hava gətirilməsi üçün interaktiv üsullardan istifadə edilmişdir.
Tematikanı davam etdirən Torpaq çərşənbəsi zalı torpağı, bərəkəti, məhsuldarlığı ifadə edən ornamentlərin əksini tapdığı xalça, bədii tikmə nümunələri və digər xalq sənəti növləri ilə yanaşı, bu ilaxır çərşənbədə həyata keçirilən xalq inancları ilə bağlı təqdim edilən eksponatlarla tərtib olunub.
Beşinci zal astronomik yeni ilin, gecə ilə gündüzün bərabərləşməsini, qışın sona çatmasını, yaz fəslinin gəlişini əks etdirir. Bayram ab-havasının yaradıldığı bu zalda tamaşaçıya Novruzun əsas atributları ilə bəzədilmiş rəngarəng “interaktiv xonça” təqdim edilir.
Sərginin ekspozisiyasında, həmçinin foto və videoproyeksiya vasitəsilə Novruz ünsürləri görüntü və səs effektləri ilə canlandırılır, yaz mərasim nəğmələri folklor qruplarının ifasında səsləndirilir.
“Salam, Novruz!” sərgisində tematik zallara daxil olmadan öncə Ə.Əzimzadə, S.Bəhlulzadə, E.Şahtaxtinskaya və başqa görkəmli Azərbaycan rəssamlarının bu qədim bahar bayramını əks etdirən rəngkarlıq və qrafika əsərləri də təqdim olunur. Ümumilikdə, bayramın al-əlvan koloritinə malik, Novruzun bütün atribut və simvollarını əhatə edən sərgi tamaşaçını sanki zaman və məkan çərçivəsində səyahətə dəvət edir.
Qeyd edək ki, açılış mərasimində iştirak edən “Nənə-qızlar” folklor ansamblının ifaları sərgiyə xüsusi rəng qatıb.
Sərgi 15 aprel 2024-cü il tarixinədək davam edəcək.