Milli kinomuzun sevimli “ana”sı

post-img

Gözləri ekrandan ayrılmağa qoymayan kino möcüzələrlə dolu bir dünya, sirr pəncərəsidir. Bu aləmin əbədiyaşar sakinləri aktyor və aktrisalardır. Azərbaycan kinosunda mahir ana obrzaları ilə tanınmış Xalq artisti Sədayə Mustafayeva da müxtəlif filmlərə çəkilmiş xoşbəxt taleli sənətkarlarımızdan olub. Yarım əsrdən çox Gəncə Dövlət Dram Teatrında çalışan istedadlı aktrisa ilə bağlı xatirələri çəkildiyi kino lentləri də canlandırır. 

Sədayə Mustafayeva sənətə1940-cı ildə – 14 yaşında Şəki teatrında qədəm qoyub. Sonra fəaliyyətini Ağdaş və Göy­çay tearlarında davam etdirib. 1950-ci ildə isə Gəncə Dövlət Dram Teatrının direktoru, Xalq artisti Məhəmməd Bur­cəliyevin dəvəti ilə qədim şəhərin sənət məbədini seçib. Burada çeşidli obrazlar qalereyası yaradıb. 

Onun kino fəaliyyəti 1966-cı ildən başlayır. Belə ki, Salam Qədirzadənin “Xəzan yarpaqları” hekayəsinin motivlə­ri əsasında kinorejissor Eldar Quliyevin diplom işi kimi çəkdiyi 25 dəqiqəlik qısa­metrajlı “Biri vardı, biri yoxdu” səssiz fil­mində debüt edib. Sadıq Həsənzadə ilə birlikdə qoca kişi ilə qarının niskilli həya­tını canlandırıb. Sonra aktrisa ekranda 20-dən artıq bir-birindən maraqlı obraz yaradıb, özü də daha çox ana rolların­da oynayıb. “Qanun naminə”də Xatun, “Mən ki gözəl deyildim”də Gözəl, “Şərikli çörək”də Şamama, “Qaynana”da Müla­yim, “Ölsəm, bağışla”da Suğra xala, “Ağ atlı oğlan”da Mirvari nənə, “Həm ziyarət, həm ticarət”də Suğra xala, “Gün keçdi”­də Əsmərin anası, “Qızıl ayaqlı qaz”da Şəfiqənin anası, “Var olun, qızlar”da Rüstəmin anası, “Firəngiz”də Məsmə, “Gümüşü furqon”da Mədinənin anası, “İlıq dənizdə buz parçası”da Təqaüdçü­nün anası, “Cin mikrorayonda”da Ana, “İşarəni dənizdən gözləyin”də Koman­danın anası, “Şəhərli biçinçilər”də Hu­may, Amerika kinemotoqrafçıları ilə bir­gə “Azərbaycanfilm”in istehsalı olan “İlk körpü”də (“Dağıdılmış körpülər”) Əsmər obrazları bu qəbildəndir. 

Kinorejissor Muxtar Dadaşovun Sü­leyman Rəhimovun “Mehman” povesti əsasında ekranlaşdırdığı 97 dəqiqəlik “Qanun naminə” bədii filmində yaratdığı Xatun obrazı xüsusilə yaddaqalandır. Saflıq mücəssəməsi olan Xatun ananın oğlu Mehmanla canıyanan söhbətləri, müdrik nəsihətləri aktrisanın ifasında ol­duqca təbii səslənir, özündə əsl azərbay­canlı qadınlarına xas olan xüsusiyyətləri ehtiva edir. 

Xalq yazıçısı Bayram Bayramovun eyniadlı povesti əsasında kinorejissor Tofiq Tağızadənin ekranlaşdırdığı 76 dəqiqəlik “Mən ki gözəl deyildim” filmində Sədayə Mustafayevanın yaratdığı Gözəl arvad obrazı da maraqla izlənilən rollar­dandır. Müharibənin ağrılı-acılı günləri bu filmin əsas sujet xəttini təşkil edir. Həm də filmdə ailədaxili hadisələr ön planda göstərilir. Bu filmdə Gözəl arvad surəti Səidə (Xalq artisti Fidan Qasımova) ilə əlaqədə obrazın özəlliklərini ustalıqla aça bilib. 

Aktrisanın maraqlı ekran obrazla­rından biri də Rüstəm İbrahimbəyovun ssenarisi əsasında 1986-cı ildə kinorejis­sor Rasim Ocaqovun ekranlaşdırdığı 87 dəqiqəlik “Ölsəm, bağışla” bədii filmin­dəki Suğra xaladır. Qeyd etmək lazım­dır ki, Xalq artisti Sədayə Mustafayeva kinorejissorlar içərisində daha çox Rasim Ocaqovun diqqətini cəlb edən sənətkar­lardan biri olub. Belə ki, aktrisanı bir neçə filminə dəvət edən Rasim Ocaqov ona tapşırılacaq obrazların öhdəsindən bö­yük ustalıqla gələcəyinə inanıb. Sədayə Mustafayevanın onun filmlərində canlan­dırdığı ana obrazlarını tənqidçilər daim bəyəniblər. 

...Suğra xala ilk baxışda qayğısız, sakit görünsə də, bu mülayim qadın cə­bhədən yenicə qayıdan oğluna filmbo­yu qonşularının həyatından söhbət açır. Xəstə oğlunun, həbsdə ikən ölmüş həyat yoldaşının dərdi dözümlü ananın dilindən eşidilmir, amma gözlərindən, ağarmış saçlarından oxunur. Aktrisa obrazın xa­rakterini tamaşaçıya sadələşdirilmiş bir formada çatdıra bilir. Rejissor təfsirinə xas olan millilik məhz Suğra xala obra­zından süzülərək aqil ana, təmkinli Azər­baycan qadını qismində böyük ustalqıla təqdim edilib. 

Sədayə Mustafayeva Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1958-ci ildə Əməkdar artist, 1981-ci ildə Xalq artisti fəxri adlarına, 2003-cü ildə isə Prezidentin fərdi təqaüdünə la­yiq görülüb.

Unudulmaz sənətkarımız 2004-cü ildə Gəncə şəhərində vəfat edib.

Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas

Mədəniyyət