Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində ADU-nun Pakistan Mədəniyyət Mərkəzində “Xocalı: Şahidlər danışır” kitabının növbəti təqdimatı keçirilib. Kitab bir neçə dildə, o cümlədən urdu dilində nəşr edilib.
XQ xəbər verir ki, tədimatda çıxış edən kitabın müəllifi, tarix elmləri üzrə fəlsəfə doktoru İradə Əlili bildirib ki, Azərbaycan həqiqətlərinin tanıdılmasında hər bir azərbaycanlı fəal olmalıdır. Dünyaya həqiqətlərimizi tanıtmaq, haqlı olduğumuzu göstərmək, doğru olanı anlatmalıyıq. Çünki Xocalı soyqırımı bəşəriyyətin ən ağır vəhşətidir.
Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək kitabın məziyyətlərindən söhbət açıb, müəllifin zəhmətini yüksək qiymətləndirib. Bundan əlavə, Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye çıxış edərək Pakistan-Azərbaycan qardaşlıq əlaqələrindən söhbət açıb. Səfir kitabın urdu dilində nəşrinin vacibliyinə toxunaraq onu xalqlarımızın bir-birinin faciələrini daha yaxından duyması baxımıdan önəmli vəsait adlandırıb.
Təqdimatda ADU rektorunun müşaviri Qaley Allahverdiyev, Xocalı şahidləri və şəhid ailələrinin üzvləri Mürvət Məmmədov, Xatirə Mirzəyeva, Gülnar Kərimova, Eldəniz Ağayev, Günel Kərimova, Samirə Hüseynova və 2023-cü ildə antiterror əməliyyatlarında şəhid olan Qasım Məmmədhəsənovun atası Bilal Məmmədhəsənov çıxış ediblər.
Qeyd edək ki, “Xocalı: Şahidlər danışır” kitabı 11 dilə (Azərbaycan, rus, ingilis, türk, alman, ispan, italyan, fransız ərəb, fin, holland və urdu dillərində) tərcümə olunaraq çap edilib. Kitabda Xocalıda o qanlı gecənin şahidlərinin xatirələri yer alıb.
Kitabın “Ön söz”ünü professor Elmira Süleymanova yazıb. Redaktoru isə şairə-publisist Azadə Novruzovadır.
Qeyd edək ki, kitabı urdu dilinə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi Amalya Paşayeva tərcümə edib.
Anar ƏLİ
XQ