Cümhuriyyət sevdalı professor

post-img

Asif Rüstəmli – 70

Asif Rüstəmlinin ədəbi, elmi və publisistik yaradıclığının başlıca mərhələləri Azərbaycanın milli-ictimai və humanitar fikir tarixinin öyrənilməsinə, təhlilinə və təbliğinə həsr olunub. 

Professor Asif Rüstəmlinin obyektiv araşdırmaları və axtarışları nəticəsində mədəniyyət tariximizin zirvələrindən olan Cəfər Cabbarlıya yalnız elmi-mədəni yox, həm də milli münasibətimiz tamamilə də­yişib: C.Cabbarlı gözlərimiz önündə sovet sənətkarından cümhuriyyət tərənnümçü­sünə çevrilib. “Sevil”i, “Yaşar”ı, “Almaz”ı, “Dönüş”ü, “Firuzə”ni yazan, Azərbaycan ədəbiyyatında sosialist realizmi meto­dunun banisi kimi şöhrətlənmiş yazıçı cümhuriyyət dövrü söz sənətimizin ən sədaqətli salnaməçisi statutusunu qaza­nıb. Bu sanballı faktın özü görkəmli ədə­biyyatşünasın Cabbarlışünaslığa gətirdiyi yenilikləri, onların təkcə elmi-ədəbi əhə­miyyətini deyil, həm də milli dəyərini vur­ğulamaqdadır. 

İstedadlı cabbarlışünasın elmimizə verdiyi möhtəşəm töhfələri onun həm­karı, ədəbiyyatşünas alim, professor Vilayət Quliyev layiqincə dəyərləndirib: “Azərbaycanda istiqlalçılıq ideyalarına və milli mücadilə tarixinə maraq Asifi, təbii olaraq, bu mübarizənin ən atəşin tərənnümçülərindən birinin – böyük ya­zıçı, dramaturq Cəfər Cabbarlının mühiti, həyatı, şəxsiyyəti və yaradıcılığı ilə daha yaxından məşğul olmağa vadar etmişdi. Onun araşdırmalarına qədər Azərbaycan ədəbiyyatı tarixinə daha çox sovet ideo­logiyasının təqdim etdiyi rəsmi Cabbarlı məlum idi. Əlbəttə, həmin Cabbarlı da istedadının möhtəşəmliyi, yaradıcı fan­taziyasının gücü, xalqına və Vətəninə məhəbbətinin hüdudsuzluğu ilə diqqəti çəkirdi. Lakin sovet ədəbiyyatşünaslığı­nın təfsirində və təlqinində böyük sənət­kar onu bizə daha da yaxınlaşdıran, doğ­malaşdıran əsas özəlliyindən – sağlam milliyyətçilik və türkçülük, Cümhuriyyət heyranlığından tamamilə arıdılaraq təq­dim edilmişdi. Bu mühüm xüsusiyyətlərin Cabbarlı şəxsiyyətinə və yaradıcılığına Asif Rüstəmlinin tədqiqatları nəticəsində yenidən qaytarıldığını desəm, yəqin ki, böyük mübaliğəyə yol vermiş olmaram”. 

Cümhuriyyətşünas və cabbarlışü­nas tədqiqatçı doğru olaraq vurğulayır ki, C.Cabbarlının türkçülük və milliyət­çilik ruhunda yazılmış “Türk sağ ikən...” və “Yaşasın Azərbaycan” şərqiləri milli himn yaradıcılığı istiqamətində mühüm tarixi əhəmiyyətə malik təşəbbüs olub. Alim bu mülahizələri irəli sürərkən böyük sənətkarın yaxın dostu və məsləkdaşı Mirzəbala Məmmədzadənin fikirlərinə əsaslanır. “Məhəmməd Əmin Rəsulzadə və Cəfər Cabbarlı: qovuşan və ayrılan yollar” məqaləsinin girişində vurğulayır ki, XX yüzilliyin əvvəllərində Azərbay­can ədəbi-ictimai mühitinin iki görkəm­li nümayəndəsi – M.Ə.Rəsulzadə və C.Cabbarlının imperiyaya qarşı mübarizə illərində, Cümhuriyyət dövründə bir-bi­ri ilə yaxın münasibətlərinin, yaradıcılıq əlaqələrinin araşdırılması ədəbiyyat ta­riximizin açılmamış səhifələrindəndir və şübhəsiz ki, çağdaş oxucu auditoriyası üçün bu mövzu geniş və müstəsna əhə­miyyət kəsb edir”. 

A.Rüstəmli böyük sənətkarın yara­dıcılığının tematikasını və simvolikasını uğurla açan yanaşma və təhlillərə yer verməklə C.Cabbarlı sənətinin orijinal estetik keyfiyyətini və təkrarsız xüsu­siyyətini nəzərə çarpdırmağa nail ol­muşdur. Onun “Cəfər Cabbarlı Cümhu­riyyət dönəmində” və “Cəfər Cabbarlı repressiyalar məngəsində” tədqiqatları yeni fakt və sənədlərlə zənginliyi nöqte­yi-nəzərindən ciddi maraq doğurur. Ali­min C.Cabbarlı haqqındakı tədqiqatları təkcə yeni fakt və sənədlərlə zənginliyinə görə diqqəti çəkmir. Böyük sənətkarın bir sıra əsərlərinin yeni yozumu və oxu­nuşu da elmi cəhətdən çox qiymətlidir. Məsələn, “Qarabağ “1905-ci ildə”: tarixi gerçəklik və bədii həqiqət” məqaləsində biz məşhur pyesin yeni təhlili ilə üz-üzə gəlirik. Müəllifin söylədiyi kimi, C.Cab­barlı mövzunu hərtərəfli öyrənmək üçün arxiv sənədlərini nəzərdən keçirmiş, Qa­rabağa – Tuğ kəndinə, Şuşaya, Ağdama getmiş, qırğının iştirakçılarını və zərərdi­dələrini dinləmişdi. 1918-ci ilin qanlı mart günlərində ermənilərin Bakıda törətdik­ləri ağlasığmaz vəhşiliklərin, soyqırımı­nın canlı şahidi olmuş sənətkar erməni xislətindəki hiyləgərliyin, xəyanətkarlığın, fəndgirliyin, nankorluğun, qəddarlığın, bütün təzahür formalarını açıq və ya üs­tüörtülü şəkildə “1905-ci ildə” tarixi dra­mında əks etdirmişdir. Tədqiqatda çox doğru olaraq, C.Cabbarlının 30-cu illərin siyasi ab-havasını çox gözəl görən və duyan bir sənətkar kimi 25 il əvvələ – 1905-ci ilə qayıdaraq erməni-müsəlman qırğınını mövzu seçməsi müəllifin böyük cəsarəti kim dəyərləndirilir. 

Müstəqillik dövrü ədəbiyyatşünaslı­ğının nailiyyətlərinə nəzər salarkən, iki fundamental tədqiqatın xüsusi ilə diqqəti cəlb etdiyini görürük: akademik İsa Hə­bibbəylinin “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” və Asif Rüstəmlinin “Cəfər Cabbarlı: həyatı və mühiti” mo­noqrafiyaları ədəbiyyatşünaslığımızda elmi-nəzəri və metodoloji baxımından ciddi yeniliklərdir. XX yüzil ədəbiyyatı­mızın iki böyük nümayəndəsi haqqında yazılmış bu əsərlər, eyni zamanda, xalq şairimiz Səməd Vurğunun bu korifey sənətkarlar haqqındakı mühüm müla­hizələrini bir daha təsdiq edir. Başqa sözlə, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlını XX əsr mədəniyyətimizin iki əvəzsiz və nəhəng nümayəndəsi kimi qiymətləndirən Səməd Vurğunun dəyər­ləndirməsini ədəbiyyatşünaslıq elmi par­laq surətdə isbat etmişdir. 

Qeyd edək ki, indiyə qədər görkəmli ədəbiyyatşünas alimin 10-dan çox funda­mental elmi-tədqiqat əsəri və monoqra­fiyası, yüzlərlə ədəbi-nəzəri və publisist məqaləsi işıq üzü görüb. Müstəqillik illə­rində “Çırpınırdı Qara dəniz”, “Tufanlar­dan keçən ömür”, “Susmaz duyğuların səltənətində”, “Ədəbi istiqlalımız”, “Cəfər Cabbarlı: həyatı və mühiti”, “Cefer Cab­barlı: hayatı, sanatı ve mücadilesi” (Tür­kiyə), “Bayraməli Abbaszadə: mühiti və mücadiləsi”, “Müdriklik mücəssəməsi”, “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” və başqa əsərləri çap edilmişdir. 2009-cu ildə nəşr olunmuş “Cəfər Cabbarlı: həya­tı və mühiti” monumental monoqrafiyası təkcə Asif Rüstəmli yaradıclığında deyil, ümumən, müstəqillik dövrü ədəbiyyatşü­naslığımızda mühüm uğur və yaddaqa­lan haidsə kimi dəyərləndirilir. 

Alimin əsərlərində əksini tapan icti­mai-siyasi-ədəbi Azərbaycan Asif Rüstəm­linin araşdırıb kəşf etdiyi, on illərlə yaratdığı və bizə göstərdiyi XX yüzilin Azərbaycanı­dır. Zəhmətkeş və vətənpərvər alimin gər­gin axtarışlar nəticəsində ərsəyə gətirdiyi bu kitabların səhifələri müəllifinin böyük və bütöv Azərbaycan arzusunu yaşadır. Bu isə görkəmli alimin təkcə elmi əhəmiyyət daşıyan uğuru deyil, həm də milli mənaya və dəyərə malik qələbəsidir. 

Yaşar QASIMBƏYLİ,
filologiya elmləri doktoru, AMEA-nın baş elmi işçisi

Mədəniyyət