Xarici avtomobillərin azərbaycanlı dizayneri

post-img

Həyatımızı asanlaşdıran, bizi mənzil başına tez və rahat qovuşduran avtomobil haqqında bilmədiklərimiz, bəlkə də, bildiklərimizdən dəfələrlə çoxdur. Bu nəqliyyat vasitəsi durmadan təkmilləşir, imkanları artır və dizaynı daim təzələnir. Avropa, ABŞ və Cənubi Koreyanın avtomobil sənayesi sahəsində ən məşhur dizaynerlərdən biri kimi tanınan gənc həmyerlimiz Samir Sadıxov bu sahəyə yeniliklər gətirənlərdəndir. 

Onu Azərbaycanda, hətta doğuldu­ğu Gəncədə az adam tanıyır. Mən də səsi İtaliyadan, Almaniyadan, Yaponiya və Ko­reyadan gələn peşəkar avtomobil dizay­neri haqqında Yeni Gəncədə maşın ustası işləyən qohumumdan təsadüfən eşitmişdim. 

1990-cı il iyulun 20-də Gəncədə zi­yalı ailəsində anadan olub. Orta təhsilini şəhərdəki Azərbaycan–Türk liseyində alıb. Anası həkim, atası mühəndis olan Samirin dizayna marağı orta məktəb illə­rindən başlayıb. Müsahibələrinin birində qeyd edib ki, uşaq vaxtı avtomobil es­kizləri çəkməyi çox sevib, özü də artıq var olan avtomobilləri yox, xəyalında olan avtomobilləri çəkib. Onun fantaziya dizaynlarını bəyənənlər də olub, hətta ağız büzərək belə də avtomobil olar? – deyənlər də. Amma Samir fantaziyala­rını peşəkar səviyyədə təqdim etməyin mümkünlüyünə inanıb və avtomobil di­zayneri olmaq qərarına gəlib. Nəhayət, ilk beynəlxalq uğurunu 14 yaşı olanda – liseydə oxuyarkən qazanıb, Rumıni­yada keçirilən beynəlxalq müsabiqənin qalibi olub.

Gəncədə liseyi bitirdikdən sonra 2 il İstanbulda yaşayıb. İtaliyaya yolu da buradan başlayıb. Turin şəhərində yer­ləşən Avropa Dizayn İnstitutunun (İED) italyan rektorunun bəyəndiyi və yüksək qiymətləndirdiyi Bakı Metropoliteninin yeni dizayn layihəsi onun yollarını açıb – universitetə daxil olub və buranın təqa­üdünü alıb. Onun fantaziya və bilgilərini dəyərləndirən institut münsiflərinin qəra­rı ilə Samir bu ali məktəbdə təhsilə 2-ci kursdan başlayıb. İnstitutun nəqliyyat di­zaynı fakültəsində bakalavr, Almaniyanın Pforshaym Universitetində isə magistr pilləsi üzrə təhsil alıb. 

Elə tələbəlik illərində də məşhur av­tomobil şirkətlərinin diqqətini cəlb edib. 2011-ci ildə İtaliyada keçirilən Dünya Ferrari Dizayn müsabiqəsində “Xəzri” adı ilə dizayn etdiyi avtomobillə 2-ci yeri qazanması onun uğur pilləsində yeni addım olub. İnstitutun sonuncu kursun­da oxuyan Samir Fransanın “Peugeot”, Yaponiyanın “Toyota” kimi şirkətlərdən iş təklifləri alıb. Amma İtaliyanın məşhur “Lamborghini” şirkəti ilə əməkdaşlığı qə­bul edib. O, həm də “Aston Martin” üçün innovativ konsepsiyalar, o cümlədən “DBC” avtomobil konsepsiyasını hazır­layıb. 2014-cü ildə “Hankook” şirkətinin keçirdiyi DACAR təkər dizaynı müsa­biqəsinin qalibi olub. “Ferrari F40” ikiqa­pılı avtomobili üçün yeni dizaynını təqdim edib. 

Dünya avtomobil sənayesində az bir vaxtda peşəkar avtomobil dizayneri kimi tanınan Samir ABŞ-ın avtomobil səna­yesi mütəxəssislərinin də dəyərləndirdiyi kadrlardandır. “Rezvani motors” şirkəti onun məsləhətləri və dizaynı ilə hazırla­nan BEAST super avtomobilinin “müəlli­fidir”. “Cadillac C-Ville” və XTS-nin kon­septləri də həmyerlimizin dizaynıdır. 

2018-ci ildə “İlin ən yaxşı konsept avtomobili” mükafatına layiq görülən ko­mandada Samir Sadıxovun da adı var. “Automobile magazine” jurnalının avto­mobil dizaynı sənayesində ən nüfuzlu mükafatından sonra o, Almaniyada “Red dot design award”ın layihəsində “Lumi­nary” və “Best of the best” mükafatlarına da layiq görülüb. 

“Dizayn yeniliyi sevir, öz ideyanız və üslubunuz olmalıdır”, – söyləyən Samir digər dizaynerlərdən iş üsuluna görə də fərqlənir: avtomobil dizaynını 3D proq­ramları ilə yox, eskiz formasında çəkir və hazırlayır. Özü idarə olunan avtomobillər dövrünün qaçılmaz olduğunu bildirir: Bu inqilabi texnologiyadır və bu texnologiya dünya sənayesində ciddi dəyişikliklərə səbəb olacaq. Buna uyğunlaşmalıyıq, yoxsa geridə qalacağıq”.

İş yerində tək azərbaycanlı olan məş­hur dizayner ölkəmizi ləyaqətlə təmsil etməyə çalışır, Azərbaycan reallıqlarının, tarix və mədəniyyətinin tanıdılmasında səylərini əsirgəmir. Azərbaycana gec gəlsə də, Vətənlə heç vaxt əlaqələrini kəsməyib, daha çox ailə və yaxınları ilə ünsiyyətdədir. Azərbaycanda yerli av­tomobil istehsalı şirkətlərindən birində işləmək və milli avtomobil dizaynı yarat­maq arsusundadır. Buradakı yaşıdlarına da deyir ki, xəyalların ardınca getmək üçün özlərini motivasiya etmək, bütün maneələri aşmaq gərəkdir. Çətinliklərə görə ideyadan üz döndərmək olmaz, ruhdan düşməmək və gələcəyə ümidlə baxmaq gərəkdir.

Samir Sadıxov hazırda Cənubi Ko­reyanın dünyaşöhrətli “Hyundai” mar­kasının lüks avtomobil brendi “Genesis motors”da işləyir. Eyni zamanda, Almani­yanın “Volkswagen” qrupunun dizayner­ləri sırasında da yer alır. 

Namiq QƏDİMOĞLU
XQ



Sosial həyat