Hər kitab bir dünyadır

post-img

Ukraynalı “Xoşbəxt”

“Nurlar” nəşriyyatında tanınmış Ukrayna yazıçısı Viktoriya Qranets­kanın “Xoşbəxt” romanı nəşr olunub. Əsəri Azərbaycan türkcəsinə gənc ədəbiyyatşünas və tərcüməçi Qumru Şəhriyar çevirib.

Gerçək olaylar əsasında qələmə alınmış bu roman müəllifin 2015-ci ildə “Sözün taclandırılması” beynəlxalq ədə­bi müsabiqəsinin özəl mükafatına layiq görülən üçüncü əsəridir. “Xoşbəxt” ro­manının süjet xətti Azərbaycanla bağlı məqamları ilə səciyyəvidir və müəllifin belə bir mövzuya müraciəti təsadüfi de­yildir. Belə ki, əsərdə hadisələr ukraynalı pravoslav qız (Olesya) və Azərbaycanın Qarabağ bölgəsindən olan, köçkünlük səbəbindən ailəliklə Vinnitsaya sığınan türk-müsəlman oğlanın (Yusif) sevgi münasibətləri ilə bağlı real, gerçək olay­lara söykənən süjet üzərində qurulub. Ukraynalı qızın öz sevgisi naminə dinini dəyişərək, İslamı qəbul etməsi hadisələ­rin dramatizmini gücləndirir. Onların ev­liliyindən doğulan oğlana qoyulan Səid adı ukraynacaya tərcümədə "xoşbəxt” mənasını verir – romanın adı da bura­dan qaynaqlanır. Lakin uşaq ağır xəstə kimi doğulur və onun sağlamlığı uğrunda mücadilə süjetdə əhəmiyyətli yer tutur. Əsərin qəhrəmanları onları əhatə edən çevrənin ciddi müqavimətlərinə baxma­yaraq, bütün çətinlikləri dəf etməyi baca­rırlar və roman xoşbəxt sonluqla bitir.

Rusiyalı “Çevenqur”

Dövlət Tərcümə Mərkəzi Rusiya Tərcümə İnstitutunun qrant layihə­si çərçivəsində rus ədəbiyyatının görkəmli nümayəndəsi, dünya şöhrət­li yazıçı Andrey Platonovun məşhur "Çevenqur” romanını Azərbaycan di­lində nəşr edib.

Mövzu baxımından lirik satira, fəlsəfi, ideoloji roman, xalq epopeyası, faciəvi utopiya və antiutopiya kimi müxtəlif janr və ədəbi cərəyanları özündə birləşdirən əsəri müəllif 1 əsrə qədər bundan əvvəl qələmə alıb. Romanda həyatı dəyişmək ideyasını səmimi qəbul edən “insan”la­rın hekayəsi maraq doğurur. Platonovun özünəməxsus dilinin, qeyri-adi baxış bucağının məhsulu olan bu roman qəh­rəmanları ilə birlikdə ölüm-dirim sirrini açmağa çalışan, özünün də içində oldu­ğunu hiss edən bir ziyalının dərin düşün­cələrini əks etdirən şah əsərdir.

Romanın orijinaldan Azərbaycan di­linə tərcümə müəllifi İlqar Əlfi, redaktorla­rı Bəhlul Abbasov və Şəfiqə Şəfadır.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət