Sözün vaqifi – Vaqifin özü

post-img

Bir poetik misrada şair özünü sözü, sözünü isə özü ilə eyniləşdirib: “Qoy bilsinlər: sözüm mənim – özüm mənim”. Doğrudan da, söz xalisdirsə onu söyləyənin özüdür. Duyğularının çalarları ilə, düşüncəsinin dərinliyi və genişliyi ilə. 

Əlbəttə, söhbət şablonlarla baş gir­ləyənlərdən, çırpışdırma arxasında giz­lənənlərdən deyil, mövzu toxumlarını daxilində cücərdib özünü sözünə çe­virənlərdən gedir. Jurnalistikada beləsinə peşəkar deyirlər. Media işçisinin peşə­karlığını həm də onun çalışqanlığı və in­tizamı tamamlayır. İmzası son 3 onillikdə “Xalq qəzeti”nin hər nömrəsindən geniş oxucu auditoriyasına yaxşı bəlli olan Vaqif Bayramov, bax, belə qələm sahib­lərindəndir.

İş elə gətirib ki, jurnalist yaradıcılığı­na sovet dövründə çoxtirajlı tikinti qəze­tindən gələn həmkarımız, o dövrdə də, elə indi də, çox da maraqla qarşılanma­yan iqtisadi mövzularla başlayıb. Sonra “İnşaatçı” respublika qəzetində jurnalis­tikada “düyünlü kötük” sayılan həmin iq­tisadi mövzuları məharətlə “yarması” ilə bu sahədə fəaliyyət göstərən təcrübəli jurnalistlərin diqqətini cəlb edib. 

Sovet dövrünün tanınmış jurnalistlə­rindən olmuş Rəfail Nağıyev “Sovet kən­di” qəzetini “Bərəkət” adı altında 1990-cı ildə, necə deyərlər, milliləşdirəndə Vaqif Bayramovu kiçik bir yoxlanışdan sonra “biz sənin kimisini axtarırıq”,– deyərək dərhal işə götürüb. O dövrdə yeni yara­dılmış “Respublika” qəzeti də onu yara­dıcı heyətinə jurnalistikaya könül vermiş yazar kimi qəbul edib. 1995-ci ildə isə ölkənin avanqard “Xalq qəzeti”nin fəa­liyyəti yenidən təşkil ediləndə qocaman nəşri “cavanlaşdırıb qüvvətləndirməyə” cəlb edilən perspektivli jurnalistlərdən biri də Vaqif Bayramov olub.

Bu qəzetin iqtisadiyyat şöbəsinin müdiri, iqtisadçıların “professor” adlan­dırdıqları mərhum Əlipənah Bayramovla 25 illik birgə fəaliyyət, “ustad– şəyird” münasibəti Vaqif Bayramovun özünü də “professorlaşdırıb”. Son 5 ildə təqaüdə getmiş müdirini əvəz edən Vaqif bu nü­fuzlu şöbəni yenə ölkədə iqtisadi möv­zu jurnalistikasının ən peşəkar ünvanı kimi tanıtmaqda davam edir. Təkcə onu deyək ki, iqtisadi sferanın yüksək rəh­bərlərindən tutmuş, bu sahədə tanınmış mütəxəssislərədək çox sayda oxucumuz hər gün qəzeti əlinə alan kimi, ilk olaraq iqtisadiyyat səhifəsini açır, məmnunluqla­rını müxtəlif yollarla redaksiyaya çatdırır.

Əlavə edək ki, Vaqif Bayramovun müsahibi olmuş neçə-neçə iqtisadçı son­radan icra başçısı, nazir, deputat kimi məsul vəzifələrə yüksəlib. Onların bir çoxunun yazıları bu gün də qəzetimizin iqtisadiyyat səhifəsinə Vaqifin redaktəsi və təqdimatı ilə çıxır. 

Yerinə düşən bir əhvalatı xatırladaq. Vaqif bir gün iqtisadi sahəyə rəhbərlik edən nazirin qəbuluna gedir. Köməkçiyə deyir ki, jurnalistəm, nazirə suallarım var. Nazir deyir ki, getsin müavinin yanına. Müavin isə məsələnin ciddiliyini nazirə çatdırıb gələnin Vaqif Bayramov olduğu­nu deyir. Nazir dərhal müavinin otağına gəlib üzrxahlıq edərək həmkarımızı ka­binetinə aparır və deyir: “Vaqif müəllim, siz o jurnalistlərdənsiniz ki, gərək lazım olanda biz redaksiyaya gələk”.

Bəli, Vaqif redaksiyanın da öz yerində olan – öz sözü ilə oxuculara təsir edən, yazdıqları gec-tez faydalı əmələ çevrilən say-seçmə yazarlarındandır. Onun nə vaxtsa işə gecikdiyini, yaxub gəlmədiyini bu vaxtadək görən olmayıb. Hər gün evə gec getməsi, hətta məzuniyyət günləri­nin çoxunu redaksiyada keçirməsi isə iş yoldaşlarının gözləri qarşısındadır. Onun nə vaxtsa tapşırığı yerinə yetirmədiyi, üzərinə düşən yükü başqasının boynuna qoyması da yada gəlmir. Olur ki, evə ça­tar-çatmaz rəhbərlikdən aldığı təcili möv­zunu da dincini almamış işləyib redaksi­yaya göndərir. 

Bax, bu dediklərimiz sözün vaqifi olan Vaqifin özünü rəsm edir. Vaqifin özü isə 65 yaşın tamamında dedi:

– Müəllim ailəsində, halal çörəklə böyümüşəm. Sözün də eşidilən, qəbul edilən olması halallığa bağlıdır. Sözə bir balaca haramlıq – yalan, qərəz, təmən­na qatdınsa, zəhər kimi onu çürüdəcək və müəllifinə üzqaralığı gətirəcək. Bir də gərək dediyin söz adamlara nəsə bir fayda gərirsin. Hay-küylü yazılarla maraq qazanmaq asandır, amma önəmsizliyinə görə tez gözdən düşərsən. 

Onu da deyim ki, iqtisadi mövzuda yazılarla maraq doğurmaq o qədər asan deyil. Amma adamlar bu mövzunun on­ların güzəranı ilə, gələcək taleyi ilə bağlı olduğunu görəndə daimi oxucuya çevri­lirlər. Biz qəzetimizin iqtisadiyyat səhifə­sini bax, belə bir səviyyəyə çatdırmağa çalışırıq.

Sonda onu da bildirək ki, Vaqif Bay­ramov başqa mövzu və janrlarda da eyni məharətlə yazılmış çoxsaylı yazının müəllifidir. Onun belə qələm nümunələri müxtəlif yaradıcılıq müsabiqələrində mü­kafatlara layiq görülüb. Qərbi Azərbay­canın Qarakilsə (Sisian) rayonuun Ağudi kəndində 65 il əvvəl fevralın16-da dünya­ya göz açmış, o torpağın havası, suyu, çörəyi ilə böyümüş jurnalistin qədim yurd yerimizlə, qaçqınların başına gətirilmiş müsibətlərlə bağlı silsilə yazıları və ki­tabları da ona layiqli hörmət və nüfuz qa­zandırıb. Dövlətin layiq gördüyü mükafat isə daha dəyərlidir: həmkarımız çoxillik səmərəli fəaliyyətinə görə “Tərəqqi” me­dalı ilə təltif edilib.

Vaqif Bayramov artıq ömrünün ahıl­lıq çağına qədəm qoyur, yaradıcılığının məhsuldar bir çağıdır. Ömrünün son 29 ili “Xalq qəzeti”nin divarları arasında keçmiş istedadlı və fədakar jurnalist dostumuzu 65 yaşa çatması münasibətilə səmimi təb­rik edir, ona möhkəm cansağlığı və daha böyük yaradıcılıq uğurları arzulayırıq. 

Tahir AYDINOĞLU,
Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri,
Əməkdar jurnalist

Sosial həyat