NATO: müdafiə konstruksiyası, yoxsa hegemonluq dəyənəyi

post-img

NATO üzvü olan Avropa ölkələri belə yekdil bir fikirdədir ki, təxirə salmadan hərbi sənayeyə, logistikaya sərmayə qoyuluşunu artırmalıdırlar. Bu gün alyansın əsas problemləri Ukraynanın silah ehtiyatlarını tükətməsi, kadr çatışmazlığı və bu sahədə rəqabətdir. Ekspertlər izah edirlər ki, Vaşinqton Avropanın Amerika silahlarının almasını artırmaqda və Amerika sənayesi ilə rəqabətini azaltmaqda maraqlıdır.

Əlbəttə, İtaliya, İspaniya və Türkiyədə müdafiə xərclərinin böyük həcmdə artırıl­ması ABŞ-ın müdafiə sənayesini əsaslı şəkildə zənginləşdirə bilər. Çünki bu ölkələrin müdafiə sənayesi Amerika ilə sıx bağlıdır. Amma bu dövlətlər Polşadan və Şərqi Avropanın digər ölkələrindən fərqli olaraq, hərbi xərcləri sosial xərclə­rin hesabına artırmağa tələsmirlər.

Rusiyalı ekspertlər qeyd edirlər ki, Avropada hərbi xərclərdə şəxsi heyətin və tikinti xərclərinin payı yüksəkdir, lakin silah tədarükü üçün Avropa ölkələrinin xərclərinin sürətli artımını da hesabdan silmək doğru olmazdı. 

Trampın prezidentliyi dövründə Milli Təhlükəsizlik Şurası aparatına rəhbərlik etmiş Keyt Kelloq “Reuters” agentliyinə bildirib ki, Tramp seçkidə qalib gələrsə, Birləşmiş Ştatlar müdafiə xərcləri üzrə öhdəliklərini yerinə yetirməyən NATO ölkələrinə müttəfiqlik öhdəliklərinin azal­dılması üçün çoxsəviyyəli sistem təklif edəcək”. Təbii ki, belə bir açıqlama Avro­panı bu məsələdə daha tədbirli davran­mağa sövq etməyə bilməz. 

Rusiyanın hərbi-siyasi məsələlər üzrə eksperti Proxor Tebin məhz bun­dan çıxış edərək deyir: “Avropada moti­vasiyalı kadrlar var, ümumi sənaye gücü yüksəkdir və onlar bir neçə ildən sonra müdafiə sənayesində istehsalı artıra bilə­cəklər. Avropalılar artıq Trampın mümkün qələbəsinə hazırlaşır. Bu, Rusiya üçün çağırışdır və Tramp qalib gəlsə belə, ABŞ Avropanı tərk etməyəcək”.

Amma bunlar olmadan da NATO-nun xərcləri son bir ildə rekord həddə çatıb. NATO-nun baş katibi Yens Stoltenberq fevralın 14-də alyansın müdafiə nazir­lərinin Brüsseldə keçirilən görüşü ön­cəsi verdiyi mətbuat konfransında de­yib: “Keçən il biz avropalı müttəfiqlər və Kanada arasında görünməmiş – 11 faiz artımın şahidi olduq”. Onun sözlərinə görə, 2024-cü ilin sonunadək NATO-nun 31 üzvündən 18-nin ÜDM-in 2 faizini mü­dafiə xərclərinə ayırmaq tələbini yerinə yetirəcəyi gözlənilir. "Bu, daha bir rekord rəqəmdir", – deyən baş katib əlavə edib ki, bu, yalnız üç NATO dövlətinin bu tələ­bi yerinə yetirdiyi 2014-cü ildəki xərclər­dən altı dəfə çoxdur.

Həqiqətən, alyansın müdafiəyə ki­fayət qədər böyük məbləğ ayırdığı ay­dın görünür. Belə ki, NATO-dakı Avropa ölkələri və Kanadanın ümumi xərcləri 380 milyard dollara çatdırılacaq. 2023-cü ildə təkcə ABŞ-ın xərcləri 858 milyard dollar təşkil edirdi. Hazırda alyansın 11 üzvü 2 faizlik tələbi yerinə yetirir. 

Beynəlxalq Strateji Araşdırmalar İns­titutu (IISS) bildirir ki, NATO-nun müda­fiə xərcləri qlobal ümumi müdafiə xərclə­rinin yarısına qədər artıb. Bu da ondan irəli gəlir ki, ABŞ istisna olmaqla NATO ölkələrinin müdafiə xərcləri 2014-cü ildən bəri 32 faiz artıb.

Y.Stoltenberq etiraf edib ki, “bəzi Av­ropa ölkələri artıq 2 faizdən çox xərcləyir­lər, bəzi müttəfiqlərin isə müdafiə xərclə­rini hədəfə çatdırması üçün hələ də qət etməli olacaqları yol var”. Baş katib, eyni zamanda, keçmiş ABŞ prezidenti Tram­pı alyansın kollektiv təhlükəsizliyini poz­duğuna görə tənqid edərək deyib: “Biz bütün müttəfiqləri müdafiə etməyə ha­zırlığımız, öhdəliyimiz və qətiyyətimizlə bağlı Moskvada səhv hesablamalara və ya anlaşılmazlığa yer qoymamalıyıq”. 

Almaniya hökuməti də fevralın 14-də alyansa verdiyi hesabatda bildirib ki, ölkə müdafiə xərclərini son 30 ildə rekord həd­də artırıb. “DPA” agentliyinin məlumatına görə, 2023-cü ildə Berlin ilk dəfə olaraq hərbi ehtiyaclara ÜDM-in 2,01 faizini və ya 73,41 milyard dollar xərcləyib. Əlbəttə, XX əsrdə soyuq müharibə illərində Alma­niya ÜDM-in 3 faizə qədərini müdafiəyə xərcləyirdi. Müdafiə nazirlərinin Brüssel­dəki görüşündən iki gün əvvəl Almaniya kansleri Olaf Şolz 2024-cü ildə müvafiq həddi aşacağına söz vermişdi.

Alyans üzvlərinin ÜDM-in 2 faizi qə­dər müdafiə xərcləri üçün minimum hədd NATO tərəfindən hələ 2006-cı ildə əsas məqsəd kimi qarşıya qoyulmuşdu. Amma bu hədd yalnız 11 iyul 2023-cü ildə Vil­nüsdə keçirilən sammitdə təsdiqləndi. Bu vəsaitin 20 faizi yeni silah və hərbi tex­nikanın alınmasına, elmi tədqiqat, təc­rübə-mühəndis təkmilləşdirmə işlərinə xərclənməlidir.

Trampın prezidentliyi dövründə Va­şinqton, ÜDM-in 2 faizlik səviyyəsinə əməl olunması ilə bağlı tələblərini daha da sərtləşdirmişdi. 2018-ci il sammitin­də Tramp müttəfiqlərini “dərhal” buna əməl etməyə çağıraraq, blokun üzvləri­ni öhdəliklərini azaltmaqla hədələmişdi. 2019 və 2020-ci illərdə 9 NATO ölkəsi, 2022-ci ildə isə 11-i ÜDM-in 2 faizini mü­dafiəyə xərcləyib.

“IISS”in hesablamalarına görə, NATO ölkələri, Rusiya, Çin və Hindista­nın ümumi müdafiə büdcələri qlobal xərc­lərin 70 faizini təşkil edir ki, bu da 2022-ci ilin fevralından bu yana 9 faiz artaraq re­kord həddə – 2,2 trilyon dollara çatıb. 

“IISS”-in müdafiə iqtisadiyyatı üzrə baş elmi işçisi Fenella Makqerti açıqla­yır ki, ABŞ və Avropa ölkələrinin qlobal hərbi xərclərinin artımının əsas faktoru Yaxın Şərq və Asiyayaya diqqət yönəlt­mələri ilə bağlıdır. Onun sözlərinə görə, müdafiə büdcələrinin bölgüsündə prio­ritetlər də dəyişib: 2014-cü ildə NATO ölkələri müdafiə büdcəsinin orta hesab­la 15 faizini satınalma və inkişafa xərc­ləyirdisə, 2023-cü ildə artıq 30 faizdən çoxunu xərcləyirlər. Polşa, Macarıstan və Finlandiya bu büdcənin yarısını avadan­lıqlara xərcləyib. 

NATO-nun müdafiə büdcələrinin art­masına Ukraynadakı münaqişə fonunda Avropa ölkələrinin müdafiə xərclərinin artması, həmçinin 2023-cü ilin aprelində NATO-ya qoşulan Finlandiyanın müdafiə büdcəsinə əlavələr təsir edib. Həmçinin bildirilir ki, Ukraynadakı münaqişədə dö­yüş sursatından istifadənin hazırkı tem­pi fonunda, Qərb ölkələri illərlə kifayət qədər investisiya qoyulmayan müdafiə sənayesi məhsullarının istehsalındakı çatışmazlıqları düzəltməyə çalışırlar.

Bu böhrandan əlavə, “IISS” təhlükə­sizlik mühitinin pisləşməsinə nümunə olan digər münaqişələri, o cümlədən HƏMAS və İsrail arasında qarşıdurma, Dağlıq Qarabağ bölgəsində hərbi əməliy­yatlar, Niger və Qabonda çevrilişlər, Çinin Tayvan ətrafında və Cənubi-Çin dənizin­dəki manevrlərini, Baltik dənizində qaz kəmərləri və məlumat ötürən kabellərlə bağlı insidentləri də qeyd edib. 

NATO-nun sülh yaratmaq üçün deyil, hərb üçün xərclədiyi bu milyardlar dün­yaya yaxşı bir şey vəd etmir. Heç onun bu ilin birinci yarısında seçiləcək yeni baş katibinin də nəyisə dəyişəcəyinə ümid et­mək sadəlöhvlük olardı. 

Yeni baş katib nəyi dəyişəcək ki?

Yeri gəlmişkən, NATO-nun Brüssel­dəki baş qərargah-mənzilində baş tutan müdafiə nazirlərinin görüşündən əvvəl keçirilən brifinqdə qeyd edilib ki, alyans yeni baş katibin seçilməsini bu ilin birinci rübündə keçirməkdə çox maraqlıdır. 

Bu da onu göstərir ki, NATO-nun 75 il­lik yubileyi ərəfəsində alyansın, nəhayət, yeni baş katibinin seçiləcəyi məlum olub. Yens Stoltenberq, təqribən, 10 ilə yaxın vəzifədə qaldıqdan sonra bu il oktyabrın 1-də istefa verməyə hazırlaşır. Alyans üzvləri ondan artıq dörd dəfə vəzifədə qalmağı xahiş ediblər. 

Bütün bu illər ərzində NATO-nun Rusiya ilə münasibətlərinin pozuldu­ğunu və ABŞ-ın o zamankı prezidenti Trampın dövründə transatlantik əlaqələr­dəki gərginliyi nəzərə alaraq, Brüssel Stoltenberqi əvəzləmək riskinə getmək istəmədi. Amma bu il iyulun əvvəlində Vaşinqtonda keçiriləcək NATO-nun yubi­ley sammitində yeni baş katibin rəsmən açıqlanacağı gözlənilir.

Jurnalistlərin sammitdən əvvəl yeni baş katibin seçilib-seçilməyəcəyi və Hol­landiyanın hazırki baş naziri Ruttenin NATO-ya rəhbərlik etmək şansının olub-olmayacağı ilə bağlı sualı cavablan­dıran ABŞ-ın NATO-dakı daimi nümayən­dəsi Selesta Smit deyib: “Məncə, müttə­fiqlər seçki prosesini, yəqin ki, bu təqvim ilinin birinci rübündə başa çatdırmaqda çox maraqlıdırlar.” Hollandiyanın hazır­ki baş nazirinin namizədliyinə gəlincə, o qeyd edib ki, “bizim bunu Ruttenin özün­dən eşitdiyimiz sirr deyil – o, buna maraq göstərir və alyans onu nəzərdən keçirir”.

Avropa rəsmiləri və diplomatları “Po­litico” nəşrinin suallarına cavab verərkən bildiriblər ki, “Rutte aşkar favoritdir”. Rutte ilə yaxın şəxsi münasibəti olan Fransa Prezidenti Emmanuel Makron onu dəstəkləyən əsas simalardandır.

“Bloomberg”in məlumatına görə, Rut­tenin namizədliyini dəstəkləyən ölkələr onun bu yay NATO-nun baş katibi ol­masını təmin etmək üçün ciddi çalışırlar. Onların fikrincə, 56 yaşlı Rutte favoritdir. Ruttenin üstünlüyünü nümayiş etdirən faktlardan biri də onun, ABŞ prezidentli­yinə mümkün qayıdışı gözlənilən Tram­pın "öhdəsindən gəlmək" üçün ən asan namizəd hesab edilməsidir. Çünki Rüt­tenin Trampla münasibətləri əvvəlcədən də yaxşı olub. Qeyd edilir ki, 2019-cu ildə Ağ evdə keçirilən görüşdə Rutte və Tramp zarafatlaşaraq əllərini bir-birinin çiyninə vurublar və Tramp deyib: “Biz son bir neçə ildə dost olduq". 

Ruttenin namizədliyi ətrafında açıq konsensusun formalaşmasına baxma­yaraq, o, Türkiyənin şəxsində bir maneə ilə üzləşə bilər. “Bloomberg”in məluma­tına görə, Ankara onun təyinatını təs­diqləməzdən əvvəl ondan “qərəzsizlik zə­manəti” istəyir. Məsələ ondadır ki, Rutte və ya NATO-nun gələcək baş katibi Tür­kiyənin gərgin münasibətləri olan “Yuna­nıstan və Kiprin nazı ilə oynamamalıdır”. Türkiyə tərəfi, həmçinin Ruttedən onun Avropa İttifaqı ilə NATO tərəfdaşlığında iştirakına icazə verməsini və alyans müt­təfiqləri arasında müdafiə məhsulları ti­carətinə məhdudiyyətlər qoyulmamasını istəyir. Buna baxmayaraq, agentliyin mü­sahibi deyib ki, Rutte hələ də Türkiyənin tələblərinin siyahısını almayıb.

Hazırda isə maraqlı faktlardan biri odur ki, Stoltenberq postunu qeyd etdi­yimiz vaxtda tərk etmiş olsa, NATO-nun baş katibi vəzifəsində ən uzun müddət ərzində rekorda sahib ola bilməyəcək. Rekord isə hələ də soyuq müharibə dövründə NATO-ya 13 il – 1971-ci ildən 1984-cü ilə kimi rəhbərlik etmiş hollandi­yalı Yozef Lunsə məxsusdur. 

Əlbəttə, uzun illər NATO-nun baş ka­tibi olmaq mümkündür. Amma səmərəli xidmət uzun müddət bu postda qalmaq­da yox, baş katib olduğun müddətdə dünyanın müharibə ocaqlarının artması­na imkan verməmək, əksinə, lokal mü­haribələri belə sülhlə sona çatdırmaq­dır. Düşündüyümüzə görə, ən səmərəli rəqabət məhz bu sahədə olmalıdır. Lakin NATO-nun hərbi xərclərinin sürətlə art­masının şahidi olduğumuz bir zamanda alyansın hər hansı baş katibinin yeni müharibələrin anonsunu verməyəcəyinə inanmaq olmur. Bir də axı NATO Qərb üçün müdafiə konstruksiyası yox, həm də hegemonluq dəyənəyidir. Onun baş katibi kim olursa-olsun, baş komandantı, əlbəttə, ABŞ-dır. Onun isə bu qurumla bağlı öz siyasəti, öz planları var. 

İlqar RÜSTƏMOV
XQ

Siyasət