Hindistan Avropaya Yaxın Şərqdən çıxmaq istəyir

post-img

Modinin bu layihəsi Çinin “Bir kəmər, bir yol”una qarşıdır

Hindistanın Baş naziri Narendra Modi Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) səfər edib və tərəflər Hindistan–Yaxın Şərq–Avropa iqtisadi dəhlizinin yaradılması haqqında saziş imzalayıblar. Asiyadan Avropaya malların tranzitini sürətləndirəcək yeni layihə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün rəqibi hesab edilir. Bundan başqa, Narendra Modi Əbu-Dabidə Yaxın Şərqdə ilk Hindu məbədinin açılışında iştirak edib. Mütəxəssislər deyirlər ki, Hindistanda apreldə keçiriləcək ümumi seçkilər ərəfəsində üçüncü müddətə seçilən Narendra Modi “hindu dünyası”nın hamisi kimi Yaxın Şərqdə xal toplamağa çalışır.

Hindistanın baş naziri Narendra Mo­dinin BƏƏ-ə iki günlük səfəri sayca yed­dinci olub. Hava limanında BƏƏ Prezi­denti Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən şəxsən qarşılanan Narendra Modi hava limanında bildirib ki, Əbu -Dabidə özünü evdəki kimi hiss edir. Bu da təsadüfi deyil, çünki doqquz milyon­luq BƏƏ-də çoxsaylı hindistanlı yaşayır. BƏƏ prezidentini “qardaş” adlandıran Hindistan lideri “uzunmüddətli investisi­ya sazişi imzalamaqdan və iki ölkə ara­sında bütün sahələrdə əlaqələri inkişaf etdirməkdən şad olacağını” deyib. 

Pakistanla qarşıdurma və millət­çi “Bharatiya canata parti” hökuməti­nin Hindistan müsəlmanlarına təzyiq göstərməkdə ittihamları ilə əlaqədar müsəlman dünyasında Hindistana olan gərgin münasibətə baxmayaraq, BƏƏ ilə əlaqələr Narendra Modi üçün xüsusi əhəmiyyət daşıyır. İlk dəfə 2015-ci ildə BƏƏ-yə səfər edən N.Modi son 34 ildə ölkəyə səfər edən ilk Hindistan rəhbəri olub. Hazırda Hindistan BƏƏ neftinin ən böyük alıcısıdır və bu ölkədən maye qaz almaq imkanını nəzərdən keçirir. 2022-ci ildə imzalanmış azad ticarət sa­zişi ikitərəfli ticarətin hazırkı 50 milyard dollardan 100 milyard dollara qədər artı­rılmasını nəzərdə tutur. 

Məlumatlara görə, N.Modinin BƏƏ-yə səfərinin əsas nəticələrindən biri Hin­distan Xarici İşlər Nazirliyinin elan etdiyi Hindistan–Yaxın Şərq–Avropa iqtisadi dəhlizi layihəsi üzrə birgə iş üzrə çərçi­və sazişinin imzalanması olub. Sazişin mətni açıqlanmır, lakin Hindistan medi­ası yazır ki, Hindistan–Yaxın Şərq–Av­ropa iqtisadi dəhlizi layihəsi 2023-cü ilin sentyabrında Yeni Dehlinin sədrliyi ilə keçirilən G20 sammiti çərçivəsində təq­dim olunub. Bu irimiqyaslı layihə BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail vasitəsilə Hindistandan Avropaya də­mir yolu xətlərini və dəniz marşrutlarını birləşdirmək üçün nəzərdə tutulub. İd­dialara görə, bu yol malların bir qitədən digərinə daha sürətli və asan tranzitinə gətirib çıxaracaq. Bu təşəbbüs Hindista­nın Yeni Dehlinin boykot etdiyi Çinin “Bir kəmər, bir yol” layihəsinə alternativ kimi qiymətləndirilir. Ancaq Hindistan – Sakit okeanı Yaxın Şərq və Avropa ilə birləş­dirəcək bu dəhlizin reallaşması dəyərinə və mürəkkəbliyinə görə şübhə altına alı­nır.

Siyasi şərhçilərin sözlərinə görə, Hindistanda apreldə keçirilməsi plan­laşdırılan ümumi seçkilər ərəfəsində üçüncü müddətə seçilən Narendra Modi Fars körfəzi ölkələrinə səfərdə xal toplamaq istəyir. Çərşənbə günü Əbu-Dabidə olarkən Harmoniya Festi­valının dini və mədəni tədbirləri çərçi­vəsində Yaxın Şərqdə ilk hindu məbədi olan BAPS Şri Svaminarayan Mandirin açılış mərasimi baş tutub. Çəhrayı qum daşından tikilmiş hindu məbədi nə az, nə çox, düz 11 hektar ərazini əhatə edir. Onun tikintisi 2018-ci ilin fevra­lında BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın icazəsindən sonra başlayıb. Tikinti işinin təxmini dəyəri 95 milyon ABŞ dollarıdır. Ənənəvi daş heykəllərlə bəzədilib. BƏƏ-də artıq ki­çik hindu məbədləri mövcuddur. Ölkə­nin cəmi 1 milyon vətəndaşı olmasına baxmayaraq, BƏƏ-nin 9 milyona yaxın sakini əcnəbilərdir və əsasən, ölkənin işçi qüvvəsini təşkil edir. N.Modi mə­bədin açılış mərasimində deyib ki, “Bu, hindlilər və ərəblər arasında qarşılıqlı sevginin simvoludur”. Ancaq Modi­nin həm Hindistanda, həm də xaricdə tənqidçilərinin çoxu onun hakimiyyəti dövründə ölkədə dini qütbləşmənin art­dığını, Hindistanın müsəlman azlığının daha da marginallaşdığını və zorakılığa məruz qaldığını qeyd edirlər.

Narendra Modi seçkilər ərəfəsində ölkənin strateji əhəmiyyətli Yaxın Şərq regionunda mövqelərini gücləndirmək üçün yola çıxdığı halda, Hindistanda üç illik fasilədən sonra fermerlərin kütləvi etirazları yenidən başlayıb. Çərşənbə axşamı N.Modi artıq Əbu-Dabiyə çatan­da Hindistanın paytaxtı bir neçə saatlıq mühasirə vəziyyətinə düşüb.Bununla belə, N.Modi xarici səfərini təxirə salma­dı, siyasi xal arxasınca ərəb ölkələrinə səfər etdi.

S.ELAY
XQ

Siyasət