“Buta hara, erməni hara?

post-img

Amma butalı xalçalarımızı xarici bazarlarda erməni işbazları satırlar

...Qonşumuz İsagilin evində taxtın üstünə atılmış nimdaş xal­çanı kəndimizə gələn erməni alıcı­lardan birinin gözü yaman tutmuş­du. O, bəzi yerləri sökülmüş, rəngi solmuş və elə də böyük olmayan xalçanı təzə, müxtəlif ölçülü fabrik istehsalı olan xalçalarla dəyişmə­yi təklif edirdi. Rədd cavabı alsa da, əl çəkmir, daha şirnikləndiri­ci təkliflər verirdi. Sonda tərəflər nimdaş xalçanı 2 İran xalçası ilə dəyişməyə razılaşdılar. 

Əslində, bu, maddi dəyəri olan Qazax xalçaçılıq məktəbinə aid Borçalı xalçası – tariximizin, mədəniyyətimizin bir parçası idi, nənələrmiş toxumuşdular. Aydındır ki, alıcı onu divardan asmaq üçün almırdı, baha qiymətə sataraq dəfələrlə çox gəlir götürəcəyinə əmin idi. 

Bu hadisə ötən əsrin 70-ci illərində Arıxlı kəndində baş vermişdi. Orada ən çox farmaş (məfrəş), xurcun, heybə, yəhərüstü, həsir, palaz, kilim toxuyardı­lar. Bu ən çox kənd sakinlərinin yaylaq köçü ilə bağlı idi. Bizim evdə də fərməş vardı. Dağa köç vaxtı Nigar nənəm ona yorğan-döşək yığardı. Rəngi solmuş kili­mi, palazı, parlaq rəngli iki gözdən ibarət olan xurcunu indi də xatırlayıram. Kilim və palaz, adətən, dəyə qurulduqdan son­ra taxtın üstünə sərilərdi. Kənddə də bun­lar eyni məqsədə xidmət edirdi. 

Qonşumuz Çayçı Qulunun evində hana qurulub xalça toxunmasını görmüş­düm. Gülxanım arvad öz qızları üçün cehizlik xalçalar toxuyardı. Ona qadınlar yaxından köməklik göstərirdilər. Hürü nənəmin də yaxşı xalça toxumağı var­dı. Onun dədə yurdu Kosalarda həmişə peşəkar xalçaçılar olub. Bu gün nənələ­rimizin uzun illər göz nuru ilə toxuduqları xalçalardan çox az sayda qalıb. Çünki ötən əsrin 90-cı illərində maddi sərvətlə­rimizin ucuz qiymətə alınaraq xarici ba­zarlara çıxarılması intensivləşmişdi. 

Beləliklə, Azərbaycan, o cümlədən Qazax–Borçalı xalçaları uzun illər xarici bazarlara daşındı. Yaxşı nəyimiz vardı­sa, ermənilər ucuz alıb baha, həm də öz adlarından satdılar. Talançıların arasında bizim özümüzünkülər də vardı və onlar üçün maddi maraqlar milli-mənəvi dəyər­lərdən irəli idi. Gec ayıldıq... Xalçalarımı­zın bir hissəsi xarici bazarlarda erməni işbazlarına milyonlar qazandırdı. 

“Vikipediya”da erməni xalça tarixinin “qədim kökləri” olduğu göstərilib. Burada erməni xalçalarının füsunkar ornament və ilmələrindən danışılır. Şəkillərdə isə Qarabağ, Qazax–Borçalı, Naxçıvan, hətta Təbriz xalçaları erməni sənət nü­munələri kimi göstərilir. Bu cür təxribat­lara dünyanın müxtəlif özəl muzeylərində də rast gəlinir. 

Tez-tez xarici səfərdə olan həm­kəndlim Eldar İdrisov deyir: 

– Varşavada xalça muzeyinə get­mişdim. Erməni əsilli isveçrəlinin (onun həyat yoldaşı polyak olub) kolleksiyası əsasında yaradılmış muzeydə Azərbay­cana məxsus xalçalar da vardı. Forma zənginliyinə, rənglərin əlvanlığına (al-qır­mızı, palıdı, qızılı, sarı, çəhrayı rənglər) və yüksək fantaziyalarına görə fərqlənən Qarabağ xalçaları erməni malları kimi təqdim olunurdu. Muzey əməkdaşına Qullabı ilmə üsulu ilə toxunan iriölçülü həndəsi göllər, nəbati naxışlarla zəngin olan bu xalçaların Azərbaycanın Qara­bağ xalçaçılıq məktəbinə aid olduğunu bildirəndə sözlərimi təəccüblə qarşıladı. Bildirdim ki, ermənilərin xalçaçılıq sənəti olmayıb. Onların əsas hissəsi Qarabağa, Borçalıya XIX əsrdə köçüb. 

İlk dövrdə ermənilər azərbaycanlıla­ra xalça üçün sifarişlər veriblər. Bəzən isə xalçada erməni hərflərinin, xaçların toxunmasını xahiş ediblər. Tədricən on­lar azərbaycanlılardan xalça toxumağı da öyrəniblər. Bu gün erməni qadınla­rının toxuduğu xalçalardakı ilmələr türk ilmələridir. Yaşları da o qədər çox deyil. Muzeydə Qazax–Borçalı, Bakı xalçaları da vardı. Qarabağ xalçalarına nisbətən ilmələri daha sıx vurulmuş Bakı xalçala­rında dəvə, buta, dördbucaqlı göllər üs­tünlük təşkil edirdi. Qeyd etdim ki, buta Azərbaycan ornament sənətinin çox ya­yılmış bəzək elementlərindən biridir. Bu­tanın ermənilərə heç bir aidiyyəti yoxdur. 

Borçalı xalçasını görən kimi isə ürə­yim şiddətlə döyünməyə başladı. Fikir­ləşdim ki, erməni malı kimi təqdim olunan bu xalça, bəlkə, elə bizim Arıxlıda toxu­nub, hansı yollasa xarici bazara çıxarılıb və bu gün özəl muzeydə nümayiş olunur. özü də oğurluğu man bilməyən millətin, adı ilə. Mənim üçün çox ağır idi.

Eldar İdrisov daha sonra bildirdi ki, xalçalarla bağlı kataloqlarda kolleksiya sahiblərinin əksəriyyəti ermənilərdir. “On­lar dünyanın müxtəlif ölkələrinə səpələ­niblər və kolleksiyalarında, əsasən, Azər­baycan xalçaları toplanıb. Çox vaxt da bu xalçaları utanıb çəkinmədən erməni xalçaları kimi sərgiləyirlər. Dəfələrlə bu­nun şahidi olmuşuq. Belə neqativ halların qarşısı vaxtında alınmalıdır”. 

Bəli, vaxtında alınmalıdır. Çünki mədəniyyətimizin bir parçasıdır. Bu gün Borçalı xalçalarına xarici bazarlar­da böyük maraq var; məsələn, 2011-ci il martın 22-də almaniyalı kolleksiyaçı tərəfindən “Nagel” hərracına çıxarılan 1.63x2.18 ölçülü “Qaraçöp” xalçası (XIX əsr) 56 min 650 ABŞ dollarına satılıb. Müxtəlif illərdə daha baha satı­lan xalçalarımız da olub. Beləcə, mad­di-mədəniyyət irsimiz talan olunub. 

P.ƏFƏNDİ
XQ



Mədəniyyət