BİR ULDUZ DA SÖNDÜ...

post-img

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova xatirələrə köçdü 

...8 il öncə “Nizami” Kino Mərkəzində Xalq artistləri – Rəfiqə Axundova ilə həyat yoldaşı Maqsud Məmmədovun həyat və yaradıcılığına həsr olunmuş “Balet mənim həyatımdır” sənədli filminin təqdimatı idi. Ekran işi böyük marağa səbəb oldu. Azərbaycanın və Rusiyanın ünlü mədəniyyət və incəsənət xadimlərinin yaşı 75-dən yuxarı olan Rəfiqə xanımla Maqsud bəy haqqında fikirlərini bölüşdükləri film əsl sənədli salnamə idi. Hər ikisinin təbəssümlü baxlışları üzlərindəki qırışları silib aparmışdı.

Filmdə müsahibəsi yer alan tanınmış rus baletmeysteri, xoreoqraf, teatr rejissoru, akt­yor və rəssam, SSRİ Xalq artisti Vladimir Va­silyev də premyeraya görə Bakıya gəlmişdi. Möhtərəm qonaq leytmotivini həyatda və ya­radıcılıqdakı məhəbbət mövzusu təşkil edən filmə baxdıqdan sonra təəssüratı ilə bağlı su­ala razılıqla: “Həqiqətən də, incəsənət adam­ları hər bir dövlətin milli sərvətidir”, – deyə cavab vermişdi. 

Həmin vaxt Bakıda olan daha bir məşhur xoreoqraf – Litvanın Əməkdar artisti Pet­ras Skirmantas isə demişdi ki, Azərbaycan Qəmər Almaszadə, Leyla Vəkilova, Tamilla Şirəliyeva ilə bərabər, Rəfiqə Axundova və Maqsud Məmmədov kimi görkəmli sənət­çiləri ilə fəxr etməkdə haqlıdır. 

Xatırladaq ki, həmin filmdən bir neçə il sonra hər iki sənətkar Azərbaycan mə­dəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Ümumiy­yətlə, onların sevgi dolu həyatını bir növ elə “Məhəbbət əfsanəsi” də adlandıra bilərik. Çünki Nazim Hikmətin eyni adlı pyesinə Arif Məlikovun yazdığı və Rəfiqə xanımın Şirin, Maqsud bəyin isə Fərhad obrazlarını canlan­dırdıqları bu balet əsl məhəbbətə, onun əbə­diliyinə himn kimi səslənir. 

Rəfiqə Axundova 1931-ci il avqustun 7-də dünyaya gəlib, 20 yaşında Bakı Xo­reoqrafiya Məktəbini bi­tirib. Moskvada, Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra düz 20 il Azərbaycan Opera və Ba­let Teatrının solisti olub. 1971-ci ildən isə həmin teatrın baletmeysteri, ar­dınca baş baletmeysteri olub. Ayişə və Gözəllər gözəli, Fanni (“Yeddi gözəl”, “İldırımlı yollar­la”, Q.Qarayev), Gülşən (“Gülşən”, S.Hacıbəyov), Gülyanaq (“Qız qalası”, Ə.Bədəlbəyli), Zarema (“Baxçasaray fontanı”, B.Asafyev), Jizel (“Jizel”, A.Adan) və s. obrazları özünəməxsus ustalıq və məharətlə yaradıb. Baletlərdəki perfor­mansı o qədər fərqli və təsiredici olub ki, hət­ta həyatda ona Şirin, Aişə, Gözəllər gözəli, Fanni deyiblər.

Ömür-gün yoldaşı Maqsud Məmmə­dovla birlikdə Azərbaycan Opera və Balet Teatrında “Xəzər balladası” (T.Bakıxanov), “Qobustan kölgələri” (F.Qarayev), “Yallı” və “Azərbaycan süitası” (R.Hacıyev), “İldırım­lı yollarla” və “Yeddi gözəl” (Q.Qarayev), “Babək” (A.Əlizadə), “Şelkunçik” (P.Çay­kovski), habelə Novosibirsk Opera və Balet Teatrında “İldırımlı yollarla” baletlərinin qu­ruluşunu verib. 

O, Əlcəzair, İsveç, Misir və Belçikada da pedaqoq-baletmeyster işləyib. Əlcəzair­də “Üç inqilab” ilk milli baletini, Malmödə “Muğam” musiqili xoreoqrafiya lövhəsini, Qahirədə “Yeddi gözəl”, Antverpendə “Ka­leydoskop” baletlərini (hər ikisi Maq­sud Məmmədovla birlikdə) tamaşaya qoyub. “Xəzər balladası”, “Qobustan kölgələri” və “Azərbaycan süitası” 1969-cu ildə 7-ci Beynəlxalq rəqs festi­valında Paris Rəqs Akademiyasının dip­lomuna layiq görülüb. 1994-cü ildə yenə də Rəfiqə xanım Maqsud müəllimlə birgə “Yeddi gözəl” baletini Ankarada uğurla tamaşaya qoyub.

Rəfiqə Axundovanın balerina kimi çıxışları, xoreoqraf kimi quruluşları ən nüfuzlu teatr səhnələrini bəzəyib, onu dün­yada tanıdıb və sevdirib. Onun haqqında SSRİ xalq artistləri Yuri Qriqoroviç, Vladi­mir Vasilyev, Mixail Lavrovski, Vyaçeslav Qordeyev, SSRİ xalq rəssamı Tahir Salahov, SSRİ xalq artisti, opera müğənnisi Fidan Qasımova, Azərbaycanın xalq yazıçısı Anar, xalq artisti, dirijor Rauf Abdullayev, əməkdar incəsənət xadimi Fərəc Qarayev və başqaları yüksək fikirlər söyləyiblər... 

Xoreoqrafiyamızın sönməz ulduzu 93 yaşında fani dünyanı tərk edib əbədiyyətə qovuşdu. Amma sənətinin ucalığına şahidlik edənlərin gözündə hər zaman zirvə olaraq qalacaq.

***

Mərhum sənətçi ilə əvvəlcə Təzə Pir məs­cidində vida mərasimi keçirilib. Mərasimdə rəsmi şəxslər, mərhumun ailəsi, yaxınları və sənət dostları iştirak edib.Vida mərasiminin ardınca cənazə İkinci Fəxri xiyabana aparıla­raq torpağa tapşırılıb.

Dəfn mərasiminə ölkə rəhbərliyi adından əklil göndərilib.

Əli NƏCƏFXANLI
XQ





Mədəniyyət