Şuşa sevgisinin söz ucalığı

post-img

Vasif Quliyev – 70

Universitetin jurnalistika fakültəsində oxuduğumuz illərdən tanıyıram onu. Məndən 2 kurs yuxarıda oxuyurdu. İlk baxışdan qaradinməz adam təsiri bağış­lasa da, qəlbən yumşaq, xeyirxah və təmkinli insandır.

Müxtəlif tədbirlərdə görüşüb həm­söhbət olurduq. Doğma yurdu Şuşa haqqında elə həvəslə, elə şirin danışır­dı ki... Tələbəlik illərində onun imzası ilə Şuşa haqqında bir sıra ictimai məzmun­lu məqalələri mətbuat səhifələrində də oxumuşdum. İti müşahidə qabiliyyəti ilə seçilir, yazdıqlarının məsuliyyətini dərin­dən dərk edirdi. Bir faktın izi ilə günlər­lə kitabxanalarda və arxivlərdə çalışır, saralıb solmuş qəzetlərdən, toz basmış sənədlərdən axtardığı zəngin məlumat­ları topladıqdan sonra məqalələrini işıq üzünə çıxarırdı. Arxivlərdə çəkdiyi əziyyət öz bəhrəsini verəndə sevinirdi.

Onun yazılarını ardıcıl izləyir və məqalələrini maraqla oxuyurdum. Məqalələri dəqiq faktlara və həyat həqiqətlərinə söykənirdi. Mən o yazıları oxuya-oxuya bir tələbə-jurnalist kimi, həm də tarixi həqiqətləri öyrənirdim. Tələbəlik illərində və sonralar, onun məqalələri o dövrün aparıcı qəzetləri olan “Azərbay­can gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Sovet kəndi”, “Azərbaycan müəllimi”, rus dilində nəşr olunan “Molodyoj Azerbayd­jana”, “Bakinski raboçi” və “Vışka”da dərc olunurdu. 

Vasif Şuşanın Malıbəyli kəndində doğulub, boya-başa çatıb. Şuşanın hər məhəlləsinə, hər küçəsinə, hər dalanına bələddir. “Xan qızı” bulağının, “Turşsu” bulağının, “İsa bulağı”nın suyundan içib. “Cıdır düzü”ndə, “Nəvvabın kahası” və “Üçmıx zirvəsi” deyilən yerlərdə keçən uşaqlıq illərindən və orada gördüklərini xoş xatirələr kimi mənimlə bölüşürdü. De­yirdi ki, Şuşada Səttar Bəhlulzadənin daş üstündə oturub rəsm çəkdiyini də görüb, Bülbülün konsertlərinin də şahidi olub, Xan Şuşinski ilə qohumlarının görüşü də uşaq yaddaşında dərin iz buraxıb.

Vasif Quliyevin adını Şuşasız təsəv­vür etmək çətindir. O, Şuşanı varlığı qə­dər sevir, Şuşa ilə nəfəs alır. Şuşa ilə bağ­lı çox xeyirxah işlər görüb. Bunlar onun Şuşaya olan sonsuz sevgisinin, torpağa bağlılığının bariz nümunəsidir. Onun Şu­şadan başlayıb uzanan Vətən məhəbbəti cığırları bütöv Qarabağ boyunca uzun bir yola dönüb. O, bu yolda yürüməkdən yo­rulmayıb. Bu yol Qarabağın tarixinə apa­ran yola, Qarabağın yetirdiyi tarixi şəxsiy­yətlərin ömür yoluna qovuşub.

Vasif Quliyev mənə Tanrı nəfəsli Şu­şanın dağları kimi doğma təsir bağışlayır. Özünə və sözünə bələd olduqdan sonra aramızda səmimi ünsiyyət, dostluq mü­nasibəti yaranıb. Tələbəlik illərindən bu yana onunla səmimi ünsiyyətimiz davam edir. Hər dəfə görüşəndə arayıb ərsəyə gətirdiyi və qələmə aldığı tapıntılardan, maraqlı arqument və faktlardan, yeni ya­radıcılıq planlarından danışır.

Zəngin biliyə malik tədqiqatçı-jurnalist Vasif Quliyevin bir üstün cəhəti mətbu­atda çıxan məqalələrini yenidən işləyib kitab halında nəşr etdirməsidir. “Ucalığa gedən yol”, “Maarif fədaisi”, “Enək İsa bulağına”, “Əgər şuşalısansa”, “Vətən bağı al-əlvandı”, “Dünənə uzanan cı­ğır” adlı publisistik kitablarını oxuyanda istər-istəməz Şuşa havasına köklənirsən. Özünü Şuşanın dağlarında hiss edirsən, qəlbində xoş ovqat yaranır. Ümumilikdə, 100-ə qədər, təkcə Şuşa və Qarabağ haqqında isə 20-dən çox kitab yazıb. Yo­rulmaz tədqiqatçı-jurnalist olduqca məh­suldar işləyir. Şuşanın Azərbaycana bəxş etdiyi tarixi şəxsiyyətlər – alimlər, ədəbiy­yat və sənət adamları, rəssamlar haqqın­da saysız-hesabsız maraqlı məqalələri var. Musiqi sahəsində Sadıqcan, Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyov, Soltan Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Niyazi, Seyid və Xan Şuşinskilər, Zülfü Adıgözə­lov, Vasif Adıgözəlov, Fikrət Əmirov, Sü­leyman Ələsgərov və başqalarının adları­nı iftixarla çəkir.

Qasım bəy Zakir, Firudin bəy Köçərli, Nəcəf bəy Vəzirov, Haşım bəy Vəzirov, Əhməd bəy Ağayev, Yusif Vəzir Çəmən­zəminli, Süleyman Sani Axundov və Əb­dürrəhim bəy Haqverdiyevin Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlə­rini sevə-sevə qələmə alıb. Vasif müəllim bu dahi insanların şəxsiyyəti, yaradıcılığı və yaşadığı ictimai mühit haqqında oxu­cuya müfəssəl məlumat verib. Eləcə də əslən Şuşadan olan generallar Məhəm­mədhəsən ağa Cavanşir, onun nəvəsi, Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirov, generallar Xəlil Məmmədov, Fərəc bəy Ağayev və Şuşada dünyaya göz açmış 50-yə yaxın digər ali rütbəli hərbçinin hə­yat yolunu doğru-düzgün, kamil şəkildə oxucuya çatdırıb. Buna görə də onun tə­dqiqatları bütöv bir Şuşa ensiklopediyası təsiri bağışlayır.

Memar Səfixan Qarabaği, heykəltəraş Cəlal Qaryağdı, nəqqaş Qəmbər Qaryağ­dı, rəssamlar Mir Möhsün Nəvvab, Toğrul və Vidadi Nərimanbəyovlar, Əmir və Altay Hacıyevlər, Ağəli İbrahimov və digər məş­hur şəxsiyyətləri də yetirib Şuşa. Vasif Quliyev onların da həyatına güzgü tutub... Xalqımız üçün dəyər sayılan bu şəxsləri səmimiyyət düyğusu ilə tərənnüm edib.

...Şuşa işğalda olduğu illərdə Vasifin qəlbindən qara qanlar axırdı, üzü gülmür­dü. Nisgilini dilə gətirəndə onun üzünə baxmaq olmurdu. Dinəndə ömrünün Şu­şalı illərini yana-yana xatırlayır, ötənləri vərəq-vərəq çevirib olmuşları, keçmişləri yada salırdı. Deyirdi ki, Qarabağ dərdimiz nəhayətsizdir. Vətənin heç bir qarış torpa­ğını da düşmən tapdağı altında qoymaq olmaz. Ona görə də yazılarında Qarabağ və Şuşa ruhunun qorunmasını önə çəkir­di.

Vasif Quliyev Şuşanın azad, bəxtəvər günlərində də dəfələrlə doğma yurd yer­lərinə səfər edib. O, Şuşanın keçmiş məhəllələri – Seyidli, Quyuluq və Çuxur məhəllələrinin yerini gözüyumulu bilir. Şəhərin bünövrəsi bu məhəllələrdə qoyu­lub və sonradan şaxələnərək bütün Şu­şaya yayılıb. Cıdır düzünü, Daşaltı çayını, tac-şəhərin köndələn evlərini, daş döşən­miş küçələrini nağıllardakı kimi təsvir edir.

O, yaşının müdriklik çağında da ya­radıcılıq axtarışlarından qalmır, yazıb yaradır. Onun “Mehmandarovlar”, “Qa­carlar”, “İgidlərin sayı çoxdur bu yerdə”, “Cəlil Məmmədquluzadə və Qarabağ ədəbi mühiti”, eləcə də “Qarabağ xanı”, “Qarabağ “Molla Nəsrəddin” jurnalının səhifələrində” adlı əsərləri də gərgin axta­rışların, yuxusuz gecələrin bəhrəsidir. El­mi-publisistik səviyyəsi ilə seçilən məqalə və oçerkləri oxuyanda tariximizə yenidən ekskurs edir və yeni-yeni məlumatlarla bi­liklərimizi zənginləşdiririk.

İstedadlı jurnalist, naşir, tərcüməçi, redaktor olan Vasif Quliyevin yaradıcılığı o qədər çoxşaxəli, geniş və zəngindir ki, onu bir məqaləyə sığışdırmaq mümkün­süzdür. Doğma Malıbəylidə səkkizillik məktəbi bitirdikdən sonra orta təhsilini Xankəndi şəhərindəki Nizami Gəncəvi adına orta məktəbdə davam etdirib. Son­ra Xankəndi şəhərindəki elektrotexnika zavodunda və Bakı Soyuducular Zavo­dunda fəhlə kimi çalışıb, 1974–1976-cı illərdə hərbi xidmət keçib. Tərxis olunduq­dan sonra universitetin hazırlıq şöbəsinə qəbul olub. Universiteti bitirdikdən sonra bir müddət Televiziya və Radio Verilişləri Komitəsində işləyib, maraqlı verilişlər ha­zırlayıb, ssenarilər yazıb. 

***

Dünən Azərbaycan Mətbuat Şurasın­da tanınmış yazıçı-jurnalist, “Şuşa” qəze­tinin və “Günəş” jurnalının baş redaktoru Vasif Quliyevin anadan olmasının 70 illiyi münasibətilə keçirilən mərasimdə AMŞ sədri Rəşad Məcid yubilyarın mediamızın inkişafında və milli-mənəvi dəyərlərimi­zin təbliğində çoxillik səmərəli fəaliyyətini yüksək qiymətləndirərək ona rəhbərlik et­diyi qurumun təbrik plaketini təqdim etdi.

Dövlət Qaçqınkomun məsul işçisi El­şən Əliyev isə məcburi köçkünlük dövrün­də “Şuşa” qəzetinin nəşrini davam etdir­diyini, Qarabağda məhv edilmiş mədəni abidələr barədə geniş tədqiqat apardığını qeyd edərək qurum sədri Rövşən Rza­yevin təbrikini və təşəkkürünü Vasif Qu­liyevə çatdırdı.

Mərasimdə AMŞ Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu, qoca­man tarixçi alim Yunis Hüseynov, əmək­dar jurnalistlər Adil Cəmil və NamiqQədimoğlu, şair Ağacəfər Həsənli, yubil-yarın qələm dostları İlham İsmayıl, Mədət Məmmədov, Hikmət Sabiroğlu və digər çıxış edənlər Vasif Quliyevi bir sıra ki­tablara mövzu olmuş Şuşa sevgisindən, demokratik irsimizin, Qarabağın mənəvi dünyasının qaranlıq səhifələrinin öyrənil­məsində xidmətlərindən danışdılar, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzuladılar.

Həzi HƏSƏNLİ,
şair-publisist

Mədəniyyət