Kərkük elinin şeir çələngi

post-img

“Tarixi araşdırdığımda gördüm ki, Quzey Azərbaycan, Güney Azərbaycan və İraq türk­manları bir bütövün parçaları­dır”.

Heydər ƏLİYEV,
Ümummilli lider

İraq–Kərkük elləri ruhumuzun, könlümüzün işıqlı guşələrində qərar tutmuş yurdlardandır. Bu coğrafiyada 3 milyondan çox türkman yaşayır. Mosul, Kərkük, Ərbil, Samərra və Diyalada onların bizə doğma olan ləhcədə ixtilatlarını eşidə bilərik. 

Hələ 8 əsr əvvəl İraqın Bağdad və ətraf ərazilərinin Azərbaycanla bir bütöv olduğu faktını xatırlasaq, türkmanları bi­zimlə necə dərin köklərin – tarixi əlaqələ­rin bağladığını görərik. Qanı bir-canı bir qardaşlarımızın ədəbi örnəkləri də ruhu­muza olduqca yaxındır. “Ninnə yarım”, “Evlərinin önü yonca”, “Hər gün axşam olu dallam”, “Qızıl üzük, yaşıl qaşı” kimi mahnıları hər zaman sevə-sevə dinləmi­şik. Qəzənfər Paşayevin “Altı il Dəclə–Fərat sahillərində” kitabı da gözlərimiz önündə bir Kərkük dünyasının mən­zərələrini açıb. 

Ötən payız Bakı Beynəlxalq Multi­kulturalizm və Beynəlxalq Münasibətlə­rin Təhlili mərkəzlərinin birgə keçirdik­ləri “İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfransda əsas məqsəd də tarixi yaddaşı bərpa etmək, eyni ir­sin, dilin, ədəbiyyatın tədqiq olunma­sı, gələcək əməkdaşlıqların qurulması istiqamətində müzakirələr aparmaq, bununla da Türk dünyası birliyinə yeni töhfələr vermək idi. 

O da konfransa qatılanlar arasında idi – etnik türkman olan böyük Azərbay­can sevdalısı Şəmsəddin Kuzəçi. Yenicə AMEA-nın fəxri doktoru seçilmişdi. Kər­kük Mədəniyyət Mərkəzinin, Dünya İle­tişimçiləri Birliyinin qurucusu və rəhbəri, İraq-Türkman Jurnalistləri Cəmiyyətinin sədri, “Kərkük” qəzetinin sahibi və baş redaktoru Şəmsəddin Kuzəçi ilə həmin ərəfədə redaksiyamızda görüşümüz ol­muşdu. Həmkarım Tahir Aydınoğlu və mən ondan Kərkükdəki soydaşlarımız, oradakı ədəbi proses barədə ətraflı məlu­mat almışdıq. “İraq azərbaycanlıları ola­raq, özümüzü sizinlə bir bütövün içində görür, ədəbiyyatımızı, mədəniyyətimizi yaşatmaq, yaymaq amalına xidmət edi­rik”, – deyən qonağımız bizə Ankarada yenicə çap etdirdiyi “Kərkük şairləri” kita­bını da bağışlamışdı.

Şəmsəddin bəyin qırılmaz mənəvi bağlarımız barədə dediklərindən: “Hüru­fi şeyxi İmadəddin Nəsimi Bağdadın 12 kilometrliyində yerləşən Nəsim kəndində də, Suriyanın Hələb şəhərində də yaşa­yıb. Ərəb-türkman ədəbiyyatının ilk yazılı nümunələri məhz onunla başlayır. Sonra Məhəmməd Füzuli gəlir. Kərkükdə ba­bası ilə birlikdə yaşayıb. İndi də Kərkük qalasında evi qalır. Babası dövlət məmu­ru kimi Kərbəlaya göndəriləndə Füzuli də köçərək uzun müddət orada qalıb”. Göründüyü kimi, Nəsimi və Füzuli irsinin xəlqi qaynaqları İraqdakı soydaşlarımızın əsrlərcə yaşı olan böyük söz xəzinəsin­dən boy göstərib. 

AYB-də keçirilən görüşdə ünlü ya­zarın təkrar nəşr kimi hazırladığı “Rəsul Rza: Uzaq ellərin yaxın töhfəsi” kita­bı təqdim edilib. Şəmsəddin Kuzəçinin Beynəlxalq Rəsul Rza mükafatına təq­dim olunduğu bildirilib. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev kitab haqqında məlu­mat verərək bildirib ki, Xalq şairi Rəsul Rzanın həmin məqaləsi 60-cı illərdə “Azərbaycan” jurnalında çıxandan son­ra geniş əks-səda doğurub. Hətta İraq türkmanlarının öndə gələn ziyalısı, şair­folklorşünas alim Əbdüllətif Bəndəroğlu baş yazarı olduğu “Qardaşlıq” dərgisinin ardıcıl olaraq 6 sayında həmin məqaləni çap etdirib. İndi isə Şəmsəddin Kuzəçi məqaləni kitab halında çıxararaq, İraq­da yaşayan soydaşlarımıza, həmçinin bizə və türkiyəli qardaşlarımıza ərməğan edib. 

Xarici səfərləri zamanı İraqda Məhəmməd Füzulinin, Suriyada İma­dəddin Nəsiminin məzarlarını ilk ziyarət etmiş, onlar haqqında duyğu və düşün­cələrini cəsarətlə demiş, İraq türkman­ları və xoyratlardan ilk olaraq söz açmış Rəsul Rza sözügedən dərin məzmunlu məqaləni böyük məhəbbətlə qələmə alıb, necə deyərlər, uzaq ellərimizi bizə daha da yaxınlaşdırıb. Dil, din, ruh birli­yimizlə bağlı çox mətləblərdən sübut-də­lillə söz açıb. 

Böyük türk şairi Nazim Hikmət ya­zırdı: “Ötən il Rəsul Rza İraqa getmişdi. Qayıdanda əlində bir kitab gördüm. Elə bil şair əlində öz ürəyini aparırdı. Azər­baycancaya çox, lap çox yaxın olan bu şeirlər İraqda yaşayan türkmanların ba­yatıları idi”.

Daha sonralar Rəsul Rza qələmə aldığı “Yaralı Kərkükün bugünkü xoyrat və maniləri” silsilə şeirlərində bu kökə bağlılığı nəfəsi, ruhu, bayatılı nəğmələri ilə təcəssüm etdirib. Kərkük dolaylarında çox məşhur olan bu şeirlərdən birinə yerli müğənni Əbdülvahid Kuzəçi oğlu musiqi bəstələyib və kitabına daxil edib.

Bağdaddan karvan gəlir,

Dərdli, pərişan gəlir.

Kimlər qurban kəsilib

Sularım al-qan gəlir?..

İraq türkmanlarının ədəbiyyatı zən­gindir, önəmli yazarları olub və var. Kərkük folkloru və digər nümunələrinin, mənəvi sərvətin toplanması, nəşri və tədqiqi böyük alim, Azərbaycan Yazıçılar Bir­liyinin fəxri üzvü Əta Tərzibaşının adı ilə də bağlıdır. Yuxarıda adlarını çəkdiyimiz məşhur mahnıları bizə tanıdan kərküklü alim-pedaqoq, tərcüməçi, jurnalist Sinan Səid 1959–1970-ci illərdə Azərbaycanda yaşayıb, aspiranturada oxuyub, bir azər­baycanlı xanımla evlənib, 2 övladı olub. Azərbaycan Radiosunun ərəb dilində verilişlərinin aparıcısı olub. Qeyd edək ki, Xalq yazıçısı Anarın “Min beş yüz ilin Oğuz şeiri” ikicildliyində İraq Türkman şa­irləri haqqında geniş məlumatlar var. 

Yazarlardan Salah Növrəsin, Fələ­koğlu, Əbdüləziz Səmin, Əli Yağmuroğlu, Fövzi Əkrəm, Farük Köprülü, Məhəm­məd Ömər Qazançı, Hanı Sahib, Kamal Bayatlı və daha neçə-neçə ünlü qələm sahibi Kərkük ellərinin sevilən imzala­rıdır. Bu il yanvarın 6-da Kərkük Mədə­niyyət Mərkəzinin 10 illiyi münasibətilə həmin şəhərdə “Türkmen Şairler Evi” açılıb. Oradakı “Şairlər buluşması”na Ərbil, Kərkük, Tuzhurmatu, Bağdad, An­kara, İstanbul və Almanyadan 40-a yaxın yazar qatılıb.

İraq türkman şairlərinin yaradıcılığın­dan bəzi nümunələri təqdim edirik.

DİLİM

 

Açıl, dilim, açıl dilim,

Seçil, dilim, seçil, dilim.

Yurda düşmən olanlara

Atəş olub saçıl, dilim.

Çalış, dilim, çalış, dilim,

İstəklərə qovuş, dilim.

Şirin Əta sözlərinin

Oxunağın alış, dilim.

Qudsal dilim, qudsal dilim,

Bülbül kimi ötsən, dilim.

Havalandır uca səsin,

Göylərə çıx, yüksəl, dilim.

Mövzuları özəl dilim,

Gözəllərdən gözəl dilim.

Yazı əyri-üyrü olur,

Sən düz oxu, düzəl, dilim. 

Telafərin Fələkoğlu

 

SÖZLƏR

 

Qabarlı ovuclarımda

Bir salxım sözüm var.

Qıfıllanmış kökləri

Könlümün tarlasına.

Qoxladığım bağçalardan,

Yoxladığım boxçalardan

Yığmışam doyunca

Bu sözləri ömür boyunca...

Gecələrin əsrarəngiz meşələrini,

Dənizlərin çalxantılı limanlarını,

Həm də dinsizlərin küllənmiş imanlarını

Aşmalıyam, 

Qartal gözlərilə 

Səpməliyəm

Ovuclarımı yandıran, 

Yorğun beynimi döyən

Bu köhnəlmiş sözləri

Buz tutmuş çöhrələrə...

Əbdüləziz Səmin Bayatlı 

 

GÖZLƏRİN

 

Qorxum var gözlərindən

Bir gün gözümdən itər,

Günbəgün əriyirəm

Bir yanan şamdan betər.

İki ruh birləşəndə

Doyamaz bir-birindən,

İstəməm bir gün gəlib 

Bizə söyləsin: yetər. 

Gülzar Bayatlı

 

BİZDƏN DEYİL

 

Heç batmayan Günəşi,

Gözlənilən barışı,

Savaşla qurtuluşu

Sevməyən bizdən deyil.

Şanlı millət, vətəni,

İgid, aslan Ətanı,

Yerdə şəhid yatanı

Sevməyən bizdən deyil.

Din, dil, millət, torpağı,

Qandan təmiz bayrağı,

Gur-gur yanan çırağı

Sevməyən bizdən deyil.

Ağsu, Fəsa, Fəratı,

Günəşə qaçan atı,

Tanrısına biəti

Sevməyən bizdən deyil.

Kərkük, Bəsrə, Bağdadın

Duyan yoxdur fəryadın.

Peyğəmbərin övladın

Sevməyən bizdən deyil.

Fövzi Əkrəm

 

XORYATLAR

 

Oxu yeri,

Aç kitab, oxu yeri.

Sinəmi sərənd etdi

Fələyin oxu yeri.

Ay demə,

Ulduz demə, Ay demə.

Düşmən halın soranda

Gül üzünə hay demə.

Oxuyandı,

Yar kitab oxuyandı.

Ox atdı məni vursun,

Sinəmdə oxu yandı.

Bir dəm gül,

Bir dəm ağla, bir dəm gül.

Səhər vaxtı qan ağlar

Bir dəm bülbül, bir dəm gül.

Kərkük altı Daramən,

Əmək verəm yara mən.

Namərdə boyun əyməm,

Çəkilsəm də dara mən. 

Məhəmməd İzzət Xəttat 

Hazırladı:
Əli NƏCƏFXANLI
XQ











Mədəniyyət