Fransanın UNESCO dəyərlərinə hörmətsizliyi humanitar cinayətdir

post-img

Fransanın heykəlini təhqirə məruz qoyduğu Natəvanın “Gül dəftəri” adlı şeirlərdən ibarət rəsmli əlyazması UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil edilib. Azərbaycanın görkəmli şairi və ictimai xadimi Xurşidbanu Natəvana Fransada göstərilən təhqiramiz münasibət bu ölkədə insana və sənətə münasibətdə bütün dəyərlərin itdiyini göstərir. 

İnsanın ən dərin düşüncələrini yük­sək bədii səviyyədə tərənnüm etmək­lə Xurşidbanu Natəvanın insanlığa göstərdiyi xidmətin müqabilində Fran­sanın Azərbaycanın qadın şairinin hey­kəlinə bəslədiyi qeyri-insani münasibət bu ölkənin özünü hansı səviyyədə aşa­ğı endirdiyini əyani şəkildə nümayiş et­dirir. Hələ XIX əsrdə “Məclisi-üns” kimi ədəbiyyat məclisinə bacarıqla rəhbərlik etmiş Xurşidbanu Natəvanın heykə­linin Fransada təhqir olunması Viktor Hüqonun vətənində sənət dəyərləri­nin də artıq itirildiyini diqqətə çatdırır. Fransız yazıçısı Aleksandr Dümanı Azərbaycanın qədim və gözəl guşələ­rindən biri olan Qarabağda qonaq edib duz-çörəklə qarşılayan, lütfkarlıq edib onunla şahmat taxtası arxasında əy­ləşən Xan qızı Xurşidbanu Natəvanla müqayisədə Fransa rəsmiləri dünyanın nəzərində tutduqları məqamdan çox cılız görünürlər. 

Fransa prezidenti Makronun uğur­suz siyasəti fransız xalqını bütün in­sanlıq və sənət dəyərlərini itirmək təh­lükəsi ilə üz-üzə qoymuşdur. Sarı jiletli xalq nümayəndələrinin Paris şəhərinin küçələrindəki həyəcanlı çıxışları, etiraz əlaməti olaraq atdıqları dağıdıcı ad­dımlar fransızların heç də hamısının Fransa iqtidarı ilə eyni fikirdə olmadıq­larını görməyə tam əsas verir. Deməli, dəyərlərini itirən xalq deyil, ikili stan­dartlarla dünyada artıq etibarı gözdən düşmüş Fransa rəsmiləridir. 

Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə haqlı olaraq bildirdiyi kimi, “öz-özlüyündə vandalizm aktı olan Natəvanın hey­kəlinin təhqir edilməsi, onun selofana bükülməsi, ...gücsüzlük və isterikanın özünü heykəldə göstərməsi” Fransa iq­tidarının məhkum olduğu “mənəvi deq­radasiyanın dibi” deməkdir. Fransanın mənəvi deqradasiyası isə onun siyasi iflasının qarşısıalınmaz bir həddə çat­masının göstəricisidir.

İşğalçı Ermənistana verdiyi süni dəstəyin isə erməni xalqı faktorundan istifadə etməklə, bədbəxt erməniləri aldatmaq yolu ilə Fransanın Afrikada itirilmiş mövqelərini Qafqazda bərpa etmək xülyasından başqa bir şey ol­madığını dünyada hər kəs, o cümlə­dən ermənilər də yaxşı başa düşürlər. Fransanın növbəti müstəmləkəçilik planının ifadəsi olan bu səylər isə heç bir Qafqaz ölkəsində, o cümlədən hət­ta sadə erməni xalqının iradəsi yetər­li olan məqamda heç Ermənistanın özündə də baş tuta bilməz.

Fransanın hansı mövqe sərgiləməsindən asılı olma­yaraq, Xurşidbanu Natəvanın ölməz sənəti özünün yüksək ideya-bədii dəyərlərini qoru­yub saxlayır. Xan qızı Natəva­nın XIX əsrdə yüksək zövqlə hazırladığı “Gül dəftəri” adlı rəsmli şeir kitabının nadir əl­yazmasının Dünya Yaddaşı Reyestrinə daxil edilərək bey­nəlxalq miqyasda qəbul edil­məsi və qorunması haqqında UNESCO-nun 2023-cü ildə səsvermə yolu ilə qəbul etdi­yi qərar Azərbaycan şairinin zəngin ədəbi irsinə dünya miqyasında verilmiş böyük qiymətin isbatıdır. Eyni za­manda, Ermənistanın vəhşi­cəsinə xarabazarlığa çevirdiyi Ağdam şəhərində Xurşidbanu Natəvanın dağıdılmış məza­rının, Şuşadakı uçurulmuş sarayının, bulaq abidəsinin və güllələnmiş heykəlinin tor­paqlarını işğaldan azad etmiş müstəqil Azərbaycan dövləti tərəfindən yüksək səviyyə­də yenidən bərpa edilməsi, həyata qaytarılması ədalətin təntənəsinin bariz nümunəsi­dir.

Bu gün Fransa dairələri Xurşidbanu Natəvanın heykəlinə bəslədikləri qey­ri-insani təhqiramiz münasibətlə Birləş­miş Millətlər Təşkilatının tərkib hissəsi olan UNESCO-nun da prinsiplərini po­zur və orada da etibarını itirir. Hesab edirəm ki, Birləşmiş Millətlər Təşkilatı UNESCO-nun Baş iqamətgahının dün­ya miqyasında qəbul edilən prinsipləri kobudcasına pozan Fransada yerləş­məsi məsələsinə yenidən baxmalıdır.

Azərbaycan şairi və ictimai xadimi Xurşidbanu Natəvanın heykəlinə təhqi­ramiz münasibəti icra edənlər layiq ol­duqları cəzaya məhkum edilməlidirlər.

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik





Mədəniyyət